Davos Forumu İlham Əliyevin qlobal lider, Azərbaycanın isə strateji müttəfiq ola biləcək dövlət olduğunu göstərdi ŞƏRH

27.01.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 26 yanvar, AZƏRTAC

Ümumdünya Davos İqtisadi Forumu siyasi liderlərin və iri şirkətlərin əlaqələr qurması üçün çox səmərəli platformadır. Hər il olduğu kimi bu il də Azərbaycan Prezidenti İlham Əliyev bu forumda iştirak edərək ölkəmizin inkişafı naminə çox faydalı görüşlər keçirdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə deyib.

O bildirib ki, builki forum da Prezidentin iştirakı və ABŞ Prezidenti Donald Trampın görüşü ilə əlamətdar olub.

“Bildiyimiz kimi qlobal miqyasda problemlərin həlli üçün ABŞ-ın lideri yalnız iki prezident ilə görüşdü. Bunlardan biri Ukrayna Prezidenti Volodimir Zelenski digəri isə Azərbaycan Prezidenti İlham Əliyev oldu. Ukrayna Prezidenti ilə D. Trampın görüşü təbii xarakter daşıyır. Çünki ABŞ Prezidenti Rusiya ilə Ukrayna arasında sülh yaratmaq missiyasını öz üzərinə götürüb və bu istiqamətdə addımlar atır. Lakin D. Trampın Prezident İlham Əliyev ilə görüşü heç də sadə məsələ deyil. Siyasi münasibətlərdən başqa ABŞ Prezidentinin Azərbaycan liderinə xüsusi münasibəti var. Prezident İlham Əliyevin müasir dünyada cərəyan edən geosiyasi proseslərə fərqli mövqedən yanaşması, onların həllini üçün iqtisadi əməkdaşlıq və müttəfiqliyin vacib olmasını vurğulaması D. Trampda xüsusi simpatiya yaradıb. Prezident D.Tramp bu gün yeni dünya nizamı qurur və bu nizamda əsas amil kimi iqtisadi əməkdaşlığı əsas götürür.

Hələ ötən ilin avqust ayında Vaşinqtonda keçirilən görüşdə ABŞ Prezidenti İlham Əliyevin regionda sülh və əməkdaşlıq üçün imkanlar yaratdığını başa düşdü. Zəngəzur dəhlizini formalaşdırmağa çalışan Prezident İlham Əliyevin ambisiyaları dayanıqlı sülhə əsaslanır. Orta Dəhliz, onun davamı olan Zəngəzur dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu kimi dünya ticarətində mühüm rola malik olan və beynəlxalq əhəmiyyət daşıyan layihələr barəsində dəqiq məlumat alan D.Tramp bunların müəllifinin İlham Əliyev olduğunu biləndən sonra onunla əməkdaşlığın qarşılıqlı faydalı olacağına inanır və Azərbaycan kimi dövlət ilə strateji əməkdaşlığa üstünlük verir”, - deyən deputat bildirib ki, Davos Forumu İlham Əliyevin qlobal lider, Azərbaycanın isə strateji müttəfiq ola biləcək dövlət olduğunu göstərdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью