Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.
Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin dövlət başçıları ilə görüşləri siyasi və iqtisadi əməkdaşlığın dərinləşməsinə töhfə verir. Bu təmaslar Azərbaycanın beynəlxalq iqtisadi mövqelərinin möhkəmlənməsi baxımından mühüm platforma rolunu oynayır. Nüfuzlu şirkət rəhbərləri ilə görüşlər isə yeni investisiyaların cəlb edilməsi və strateji layihələrin təşviqi baxımından xüsusi əhəmiyyət daşıyır, ölkəmizin etibarlı tərəfdaş kimi imicini gücləndirir.
Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə “Reytinq” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanın beynəlxalq əhəmiyyəti ildən-ilə artır. Bunu ayrı-ayrı dövlət və hökumət başçılarının, eləcə də nüfuzlu şirkət rəhbərlərinin Prezident İlham Əliyevlə görüşməyə maraq göstərməsi də təsdiqləyir.
A. Mollazadə qeyd edib ki, Davosda keçirilən Dünya İqtisadi Forumunda inkişaf etmiş ölkələrin liderləri, aparıcı şirkətlər və maliyyə qurumları iştirak edir və qlobal iqtisadiyyatın gələcəyi ilə bağlı mühüm məsələlər müzakirə olunur. Bu baxımdan forumun Azərbaycan üçün həm siyasi, həm də iqtisadi əhəmiyyəti böyükdür:
“Prezident İlham Əliyev həm digər ölkələrin liderləri, həm də aparıcı şirkətlərin rəhbərləri ilə müzakirələr aparır və Azərbaycanı yenidən dünyaya təqdim edir. Şübhəsiz ki, bu görüşlər vasitəsilə ölkəmiz qabaqcıl texnologiyalara malik inkişaf etmiş dövlətlər və şirkətlərlə real iqtisadi əlaqələr qurur, onların Azərbaycana investisiya yatırması təşviq olunur”.
Deputat əlavə edib ki, Davos İqtisadi Forumunda Azərbaycana göstərilən maraq və diqqət, eyni zamanda Prezident İlham Əliyevin şəxsi nüfuzu ilə də bağlıdır:
“Şübhəsiz, Prezidentin nüfuzunun bu məsələlərdə böyük rolu var. Onun görüşləri, müzakirələri və beynəlxalq mediaya verdiyi müsahibələr diqqətlə izlənilir. Azərbaycan bu platformada ardıcıl və sistemli şəkildə iştirak edir. Bu isə ölkəmizin ciddi və etibarlı mövqeyə malik olduğunu göstərir. Çünki burada aparılan müzakirələr, səsləndirilən təkliflər və əldə olunan razılaşmalar sonradan praktik addımlarla reallaşdırılır”.
N. ORUCOV
Reyting.az