Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 27 yanvar, AZƏRTAC
1971-ci ildə İsveçrədə təsis edilən Dünya İqtisadi Forumu Azərbaycan üçün mühüm diplomatik və iqtisadi platformalardan biridir. Azərbaycan bu Foruma ilk dəfə 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə qatılıb. O vaxtdan etibarən Davos, Azərbaycanın beynəlxalq arenada tanınması, investorlarla birbaşa əlaqələrin qurulması və iqtisadi-strateji xəttinin təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Enerji təhlükəsizliyi, ticarət, infrastruktur və regional inteqrasiya kimi sahələrdə Azərbaycanın öz mövqelərini gücləndirməsi də məhz bu platforma sayəsində yeni dinamika qazanıb. Prezident İlham Əliyevin yanvarın 19-22-də Davos Dünya İqtisadi Forumuna işgüzar səfəri çərçivəsində siyasi, iqtisadi və diplomatik keçirdiyi mühüm görüşlər və təşəbbüslər bu baxımdan diqqətəlayiqdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ankara Hacı Bayram Vəli Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin dosenti, siyasi ekspert Bahar Özsoy bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Forum çərçivəsində keçirdiyi görüşlər ölkənin beynəlxalq arenadakı mövqeyinin gücləndirilməsi və regional sülh prosesinə töhfə baxımından əlamətdar hadisə kimi dəyərləndirilir: “Forumda dövlət başçısının qlobal şirkətlərin rəhbərləri ilə geniş diplomatik təmaslarda investisiya imkanları, enerji əməkdaşlığı, iqtisadi şaxələndirmə və Azərbaycanın qlobal iqtisadi sistemdə artan rolu müzakirə olunub”.
Ekspert qeyd edib ki, Davosda “Euronews”a müsahibə verən Prezident İlham Əliyev Cənubi Qafqazda dayanıqlı sülh və proqnozlaşdırıla bilən təhlükəsizlik mühitinə diqqət çəkib və bunu həm regional, həm də Avrasiya miqyasında vacib faktor hesab edib. Prezident enerji bazarlarının sabitliyini də önəmli hesab etdiyini vurğulayıb. Forum çərçivəsində Prezident “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasda çıxışında Azərbaycanın Avrasiyada “bağlantı və sabitlik mərkəzi” rolunu önə çıxarıb. “Prezident bildirib ki, Azərbaycan Avropa İttifaqı, ABŞ və Çinlə əməkdaşlığı paralel şəkildə və ziddiyyətsiz formada inkişaf etdirir. Ermənistanla iqtisadi əlaqələrə toxunan dövlət başçısı, regionda ticarət və yükdaşımaların gələcəkdə birbaşa Azərbaycan–Ermənistan marşrutu ilə həyata keçirilə biləcəyini bəyan edib. Azərbaycan artıq Qazaxıstan və Rusiyadan Ermənistana yük daşımalarına qoyulan məhdudiyyətləri aradan qaldırıb”, - deyə B.Özsoy vurğulayıb.
Siyasi ekspert bildirib ki, Davos Forumu çərçivəsində ABŞ Prezidenti Donald Trampla keçirilən görüş xüsusi əhəmiyət kəsb edir. “Tərəflər regional sülh, təhlükəsizlik və enerji-kommunikasiya layihələri üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər. İlham Əliyev Zəngəzur dəhlizinin, o cümlədən TRIPP layihəsinin əhəmiyyətini vurğulayaraq, Ermənistanın enerji və ərzaq tədarükündə Azərbaycan ərazisindən keçən marşrutlara artan ehtiyacını diqqətə çatdırıb. Davosda imzalanan Sülh Şurası Nizamnaməsi Azərbaycanın qlobal sülh və dialoq təşəbbüslərinə verdiyi dəstəyin növbəti nümunəsi kimi dəyərləndirilir. Sənəd münaqişələrin qarşısını almaq, dialoq və vasitəçilik mexanizmlərini gücləndirmək istiqamətində beynəlxalq əməkdaşlığa çağırır. Bu baxımdan, ABŞ Prezidenti Donald Trampın sosial media səhifəsindən İlham Əliyevə təşəkkür etməsi, ABŞ-Azərbaycan strateji tərəfdaşlığının dərinləşəcəyi və müdafiə sahəsində əməkdaşlığın genişlənəcəyi barədə qeydi də xüsusilə diqqətəlayiqdir”, - deyə B.Özsoy əlavə edib.