Davosda 19 görüş...

24.01.2026

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Davos Ümumdünya İqtisadi Forumunun daha bir İllik toplantısı arxada qaldı. Prezident İlham Əliyev İllik toplantısı çərçivəsində keçirdiyi görüşlərlə bağlı sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımda “Prezident İlham Əliyevin Ümumdünya İqtisadi Forumunun İllik toplantısı çərçivəsində görüşləri. Davos 19-22 yanvar 2026-cı il” sözləri yer alıb.

Bu dəfə də Prezident İlham Əliyevin dünyanın böyük maraq göstərdiyi toplantı çərçivəsində iş rejimi kifayət qədər gərgin olub. O cümlədən Azərbaycan Prezidenti Davosda çoxsaylı görüşlərə qatılıb. Bu görüşlərdə regional məsələlər, beynəlxalq gündəliklə bağlı aktual müzakirələr aparılıb və dövlətimizin başçısı Azərbaycan həqiqətlərini, ölkəmizin hər cəhətdən müsbət reallıqlarını və indiki strateji mərhələ üçün müəyyənləşdirdiyi hədəfləri beynəlxalq birliyin diqqətinə çatdırıb.

Bütün dünyada təqdirlə qarşılanan siyasi kurs

Prezident İlham Əliyevin Davosda ayrı-ayrı ölkələrin dövlət və hökumət başçıları ilə görüşlərini bir sıra baxış bucaqlarından dəyərləndirmək mümkündür. Dövlətimizin başçısının ABŞ Prezidenti Donald Tramp, İsrail Dövlətinin Prezidenti İsxak Hersoq,  Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb, İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani, Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani, Çex Respublikasının Baş naziri Andrey Babiş, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus və Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos ilə görüşləri Azərbaycanın xarici siyasət kursunun səmərəliliyinin əyani təsdiqidir. Azərbaycan Prezidenti ilə görüşlərə qatılan rəsmilər müxtəlif coğrafiyalarda yerləşən ölkələri təmsil edirlər. Lakin görüşlərdə aparılan müzakirələrin məzmunundan, ifadə olunan fikirlərdən aydın şəkildə görünür ki, liderlər istisnasız olaraq respublikamıza, Prezident İlham Əliyevə böyük rəğbət bəsləyirlər və Azərbaycanla əməkdaşlığı bundan sonra daha da dərinləşdirməyə maraq göstərirlər.

Bəhs olunan görüşlərdə Azərbaycana belə böyük hörmətlə yanaşılması isə heç də təsadüfi deyil.  Bu, ilk növbədə, ölkəmizin apardığı siyasətin mahiyyəti ilə bağlıdır.  Məlumdur ki, hazırda beynəlxalq hüquq böhran dövrünü yaşayır. Bir sıra hallarda ikili standartlar önə çəkilir.  Azərbaycan da zamanında selektiv yanaşmalardan əziyyət çəkən ölkə olsa da, xarici siyasətində bir qayda olaraq xoş mərama və ədalət prinsipinə əsaslanır. Ölkəmiz, şəxsən Prezident İlham Əliyev daim o mövqedən çıxış edir ki, dövlətlərin bir-biri və beynəlxalq təşkilatlarla münasibətləri paritet əsaslarla, qarşılıqlı maraqlara uyğun şəkildə qurulmalıdır. Yəni münasibətlərdə tərəflərdən birinin hegemonluğu olmamalıdır, bütün tərəflərin maraqları nəzərə alınmalıdır.

Eyni zamanda, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq ölkəmizin xarici siyasət kursunun prioritet istiqamətlərindən birini təşlkil edir. Elə ölkələr var ki, beynəlxalq təşkilatlarla münasibətlərdə yalnız umacaqlarını gündəmə gətirirlər. Azərbaycan belə dövlətlərdən deyil. Ölkəmiz öz imkanlarını təqdim etməklə ayrı-ayrı beynəlxalq təşkilatların fəaliyyətlərini dəstəkləyir və onların  layihələrində yaxından iştirak edir. Belə xoş mərama, beynəlxalq prinsiplərə və əlbəttə ki, milli maraqlara əsaslanan müstəqil siyasi kurs bütün dünyada təqdirlə qarşılanır.

Xarici investorlar üçün cəlbedici məkan

Prezident İlham Əliyevin Ümumdünya İqtisadi Forumunun İllik toplantısında iştirakı həmçinin Onun bir sıra biznes dairələrinin, dünyada tanınan şirkətlərin rəhbər şəxsləri ilə keçirdiyi görüşlərlə yadda qalıb. Bu sırada dövlətimizin başçısının Braziliyanın aparıcı investisiya banklarından və aktivlərin idarə edilməsi şirkətlərindən biri olan “BTG Pactual” şirkətinin sədri Andre Esteves, “Vestas Wind Systems” şirkətinin marketinq, kommunikasiya, davamlılıq və ictimaiyyətlə əlaqələr üzrə qrupunun baş vitse-prezidenti Morten Dirholm, dünyanın ən böyük liman operatorlarından biri olan “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim, “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru Yakob Aarup-Andersen, dünyanın aparıcı qlobal maliyyə institutlarından biri olan Amerika Birləşmiş Ştatlarının “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru Ceymi Daymon və digərləri ilə görüşlərini qeyd edə bilərik. Bəhs olunan şirkətlərin bir çoxu ilə Azərbaycanı müxtəlif istiqamətlərdə qurulan əməkdaşlıq əlaqələri bağlayır.

Dinamik inkişaf göstəricilərinə malik olan Azərbaycan xarici investorlar üçün cəlbedici məkandır. İndiyədək xarici investorlar, o cümlədən də beynəlxalq maliyyə qurumları ölkəmizdə enerji sektoruna, infrastruktur quruculuğuna və digər sahələrə böyük həcmlərdə investisiyalar yönəldiblər. Hazırda milli iqtisadiyyatda şaxələndirmə siyasətinin prioritetliyini bəyan edən respublikamızın hədəfləri kifayət qədər böyükdür. Enerji keçidi Azərbaycanın iqtisadi siyasətinin yeni və perspektivli istiqamətlərindən biri kimi baxılır. Ölkəmiz bərpaolunan enerji mənbələri ilə zəngin bir diyardır. Bundan başqa, indiki strateji mərhələdə respublikamız qlobal çağırışları nəzərə almaqla innovativ texnoloji inkişafı hədəfləyib. Eyni zamanda, Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərdə böyük həcmli quruculuq, bərpa layihələri həyata keçirilir. Xarici investorlar bütün bu kimi istiqamətlərdə Azərbaycanla əməkdaşlığa qoşula bilərlər və artıq bu proses başlayıb. Görüşlərdə Azərbaycanın etibarlı tərəfdaş olduğuna, ölkədə iqtisadi fəaliyyət üçün bütün şərtlərin təmin edildiyinə xüsusi diqqət çəkilib.

Mübariz FEYİZLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью