Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Davos Dünya İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyevin “Euronews” telekanalına verdiyi müsahibədən sonra bu media qurumunun təşkil etdiyi “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirakı Azərbaycanın beynəlxalq siyasi gündəmdə tutduğu mövqeyin real göstəricisi kimi qiymətləndirilməlidir.
Bu format sıradan protokol görüşü deyil, qlobal qərarverici mühitdə Azərbaycanın liderinin birbaşa söz sahibi olduğunu nümayiş etdirən strateji platformadır.
Burada əsas məqam ondan ibarətdir ki, tədbirin təşəbbüskarı məhz Avropanın aparıcı media qurumlarından biri olan “Euronews” olmuşdur.
Bu faktın özü belə, Qərb ictimai rəyinin və siyasi dairələrinin Azərbaycanla bağlı mövqeyində formalaşan yeni yanaşmanın ifadəsidir.
Davos artıq yalnız iqtisadi müzakirələrin aparıldığı məkan deyil.
Bu platforma qlobal siyasi ideyaların, yeni geosiyasi yanaşmaların formalaşdığı mərkəzə çevrilib.
Belə bir məkanda Prezident İlham Əliyevin ətrafında toplanan beynəlxalq ekspertlər, jurnalistlər və biznes nümayəndələri faktiki olaraq Azərbaycanın regionda yaratdığı yeni reallıqlara və bu reallıqların qlobal təsirlərinə diqqət yetirirlər.