Davosda “Dialoq Ruhu” Cavanşir Feyziyev yazır...

26.01.2026

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

1995-ci ilin yanvarında Heydər Əliyevin ilk dəfə Davos Forumunda iştirakı ölkəmizin siyasi, iqtisadi və sosial-mədəni inkişafının beynəlxalq ictimaiyyətə təqdim olunmasında mühüm mərhələ olmuşdur. Bu addım Azərbaycanın qlobal arenada tanınmasına və Davos platformasında davamlı iştirakına möhkəm zəmin yaratmışdır.

Prezident İlham Əliyev isə bu strateji xətti uğurla davam etdirərək Azərbaycanın maraqlarını ən yüksək səviyyədə təmsil etmiş, ölkəmizin həm iqtisadi, həm də siyasi mövqelərini daha da möhkəmlətmişdir. Hazırda Davos Dünya İqtisadi Forumu ölkəmizin qlobal proseslərdə tutduğu yerin, strateji baxışının və milli maraqlara əsaslanan inkişaf modelinin beynəlxalq auditoriyaya təqdim olunduğu mühüm siyasi-iqtisadi platformadır. Forum həm iqtisadi, həm enerji, həm də diplomatik müstəvidə Azərbaycanın artan çəkisini nümayiş etdirir və dövlətimizin beynəlxalq nüfuzunu daha da gücləndirir.

Forumun “Dialoq Ruhu” mövzusuna həsr olunmuş 56-cı iclası qlobal miqyasda dərinləşən geosiyasi, iqtisadi və texnoloji parçalanma fonunda açıq və səmimi dialoqun əhəmiyyətini xüsusi vurğulayır. Azərbaycan da dialoq ruhunu beynəlxalq aləmdə ardıcıl şəkildə nümayiş etdirərək regional və qlobal tərəfdaşları ilə əməkdaşlığını genişləndirir.

Davos platformasının strateji əhəmiyyəti geniş spektri əhatə edir. Enerji təhlükəsizliyi, yaşıl enerjiyə keçid, nəqliyyat-logistika dəhlizləri, qeyri-neft sektorunun inkişafı və innovasiya prioritetləri kimi qlobal müzakirələrdə Azərbaycanın təşəbbüskar və fəal aktor olduğunu göstərir. Forum eyni zamanda ölkəmizin investisiya cəlbediciliyini nümayiş etdirir, qlobal maliyyə etibarlılığını və strateji təsir imkanlarını artırır.

Bu kontekstdə, Prezident İlham Əliyevin Forum çərçivəsində keçirdiyi görüşlər xüsusi əhəmiyyət daşıyır. Xüsusilə “BlackRock” şirkətinin baş icraçı direktoru Larri Fink və “Global Infrastructure Partners” şirkətinin təsisçisi və baş icraçı direktoru Adebayo Oqunlesi ilə aparılan danışıqlar Azərbaycanın investisiya potensialını, enerji və infrastruktur layihələrini beynəlxalq maliyyə dairələrinə birbaşa təqdim edir. “BlackRock” ilə imzalanan niyyət protokolu Azərbaycan Dövlət Neft Fondu ilə strateji əməkdaşlığı gücləndirir və 1,5 milyard dollara qədər birgə investisiya imkanlarının araşdırılmasına şərait yaradır. Bu təmaslar yalnız iqtisadi dividendlər gətirmir, həm də ölkəmiz üçün mühüm qlobal siyasi dəstək formalaşdırır.

Davos platformasında Azərbaycanın iqtisadi diplomatiyası postmünaqişə dövründə işğaldan azad edilmiş ərazilərin bərpası və quruculuğu ilə bağlı layihələrin beynəlxalq auditoriyaya təqdim olunmasına xidmət edir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən infrastruktur, enerji və sənaye layihələri xarici investorlar üçün yeni imkanlar yaradır və ölkəmizin regional və qlobal iqtisadi sistemdə mövqeyini daha da möhkəmləndirir.

Forum eyni zamanda Azərbaycanın sülh gündəliyinin təqdim olunduğu mühüm tribunadır. Azərbaycan–Ermənistan sülh prosesinin Davos kimi nüfuzlu platformada müzakirəsi ölkəmizin regional liderlik rolunu və diplomatik nüfuzunu artırır. Dövlət başçısının sülh, enerji və iqlim məsələlərində açıq və prinsipial mövqeyi göstərir ki, beynəlxalq münasibətlər sistemində Azərbaycan təşəbbüskar və kifayət qədər məsuliyyətli aktordur.

Nəticə etibarilə, Davos Dünya İqtisadi Forumu Azərbaycan üçün milli maraqların qlobal miqyasda ifadə olunduğu strateji platformadır. Enerji, iqtisadiyyat, sülh və təhlükəsizlik gündəliyinin vahid baxış çərçivəsində təqdim olunması və aparıcı qlobal şirkətlərlə əməkdaşlığın konkret nəticələr verməsi ölkəmizin yeni dünya düzənində artan rolunu aydın şəkildə ortaya qoyur. Forumun əsas mövzusu olan “A Spirit of Dialogue” – “Dialoq ruhu”na uyğun olaraq Prezident İlham Əliyev regional və qlobal dialoqda təşəbbüskar, məsuliyyətli və uzaqgörən lider kimi Azərbaycanın mövqelərini daha da gücləndirir.

Davos görüşləri bir daha göstərdi ki, Azərbaycan artıq təkcə qlobal proseslərin iştirakçısı deyil, həm də qlobal maliyyə, enerji və siyasi dialoqun istiqamətlərini formalaşdıran etibarlı və güclü dövlətdir.

Cavanşir Feyziyev,  Milli Məclisin deputatı

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью