Davosda xəbərdarlıq: Köhnə iqtisadi sistem geri qayıtmayacaq

24.01.2026

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumundakı müzakirələr göstərdi ki, qlobal ticarətdə "oyun qaydaları"nın dəyişməsi artıq iştirakçılar və ekspertlər tərəfindən müvəqqəti hal kimi qəbul edilmir. Forum iştirakçılarının fikrincə, ölkələr üçün ən uğurlu strategiya tərəfdaşların ayrı-ayrı bəyanat və təhdidlərinə operativ reaksiya verməkdən imtina edib yeni şərtlərə tədricən uyğunlaşmaqdır. Orta müddətli perspektivdə qlobal ticarətin artımını dəstəkləyə biləcək amillər isə regional inteqrasiyanın gücləndirilməsi və süni intellekt texnologiyalarının proseslərə tətbiqidir.

Qaynarinfo xəbər verir ki, Avropa Mərkəzi Bankının (AMB) rəhbəri Kristin Laqard Davos forumunun iştirakçılarına "siqnalları səs-küydən ayırmağı", yəni ticarət müharibələri fonunda real addımlarla səsləndirilən zahiri təhdidləri fərqləndirməyi tövsiyə edib.

Bu il Davosdakı Dünya İqtisadi Forumunun gündəliyi həmişəkindən daha çox siyasi sammit proqramını xatırladıb. Əsas sessiyalar geosiyasi risklərə həsr olunub, mərkəzi tədbir isə ABŞ prezidenti Donald Trampın ABŞ-Avropa İttifaqı münasibətlərinin perspektivləri və Qrenlandiyanın taleyi barədə çıxışı olub. Birbaşa iqtisadi perspektivlərə həsr olunan nadir müzakirələrdən biri forumun yekun sessiyası - "Global Economic Outlook" idi. Bu sessiyada ənənəvi olaraq Ümumdünya Ticarət Təşkilatının baş direktoru Nqozi Okonjo-İveala, AMB rəhbəri Kristin Laqard və Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristalina Georgiyeva iştirak ediblər.

ÜTT rəhbəri bildirib ki, dünya ticarəti son 80 ilin ən ciddi sarsıntıları ilə üzləşib. Onun sözlərinə görə, təchizat sisteminin nümayiş etdirdiyi dayanıqlıq problemlərin olmamasına işarə kimi qəbul edilməməlidir. Çıxışdan həm də belə nəticə çıxır ki, ticarət müharibələrinin yaratdığı dəyişikliklər artıq tam aradan qalxmayacaq.

Yüksək qeyri-müəyyənlik fonunda Nqozi Okonjo-İveala ölkələri soyuqqanlı olmağa və təhdidlərə dərhal reaksiya verməkdən çəkinməyə çağırıb.

Birbaşa deyilməsə də, söhbət, görünür, Donald Trampın tarif təhdidlərinə cavab olaraq ABŞ-ın ticarət tərəfdaşlarının tətbiq etdiyi qarşı tədbirlərdən gedir: Amerika prezidentinin bütün planları son nəticədə həyata keçmir, lakin istiqamətlərin davamlı dəyişməsi həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə biznes və istehlakçı əhval-ruhiyyəsinə mənfi təsir göstərir.

Kristin Laqard da forum iştirakçılarına "siqnalları səs-küydən ayırmağı” tövsiyə edib. AMB rəhbəri bildirib ki, o, dünya nizamının dağılmasını müşahidə etmir (belə narahatlıqları forumda, o cümlədən, Kanadanın baş naziri Mark Karni səsləndirib), lakin onun transformasiyasını görür. Onun fikrincə, ölkələr iqtisadi artımın keyfiyyətinə, innovasiyaların dəstəklənməsinə və əmək məhsuldarlığının artırılmasına daha çox diqqət yetirməlidirlər.

BVF rəhbəri Kristalina Georgiyeva isə regional inteqrasiyanın potensialını vurğulayıb. Məsələn, ASEAN və Fars körfəzi ölkələri bir-birini dəstəkləyərək dünya ticarətinin artımına ciddi töhfə verə bilərlər.

ABŞ-ın tarif siyasəti səbəbindən perspektivlərin qeyri-müəyyən olduğu şəraitdə ötən il regional inteqrasiyanın güclənməsi tendensiyası "friendshoring”i (siyasi baxımdan yaxın tərəfdaşlarla ticarətin genişləndirilməsi) geridə qoyub. BVF hesab edir ki, proqnozların son yaxşılaşması ölkələrdə həddindən artıq nikbinlik yaratmamalıdır: artım templərinin azalması riskləri hələ də üstünlük təşkil edir. Dünya aparıcı iqtisadçıları arasında DİF ekspertlərinin keçirdiyi sorğu da bunu göstərir: respondentlərin 53%-i 2026-cı ildə qlobal iqtisadi vəziyyətin pisləşəcəyini gözləyir, 28%-i dəyişiklik proqnozlaşdırmır, yalnız 19%-i isə yaxşılaşma olacağına ümid edir.

Forumun son günündə ayrıca müzakirə mövzusu gözlənildiyi kimi süni intellekt olub. Kristalina Georgiyeva qeyd edib ki, yaxın illərdə İİ texnologiyaları inkişaf etmiş ölkələrdə iş yerlərinin 60%-nin, ümumilikdə dünyada isə 40%-nin taleyini müəyyən edəcək — bəzi ixtisasları əvəz edəcək, digərlərinin imkanlarını genişləndirəcək. Risklər arasında BVF rəhbəri gənclərin adətən başladığı karyera start mövqelərinin əmək bazarından "çıxmasını” göstərib.

Nqozi Okonjo-İveala da İİ ilə bağlı yenilənmiş proqnozlar səsləndirib: ÜTT-nin qiymətləndirməsinə görə, bu texnologiyanın geniş tətbiqi 2040-cı ilə qədər qlobal əmtəə dövriyyəsinin təxminən 40% artmasına səbəb ola bilər — ticarət xərclərinin azalması və əmək məhsuldarlığının yüksəlməsi hesabına.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью