Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.
Davos İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə müasir beynəlxalq münasibətlər sistemində baş verən dərin transformasiyaların mahiyyətini ortaya qoyur. Qlobal güc balansının sürətlə dəyişdiyi və beynəlxalq hüququn selektiv şəkildə tətbiq olunduğu mürəkkəb mərhələdə dövlətlərin taleyini müəyyən edən əsas amil artıq yalnız normativ mexanizmlər deyil, real siyasi, iqtisadi və diplomatik potensialdır.
Prezident İlham Əliyev müsahibəsində beynəlxalq hüququn artıq bütün aktorlar üçün mütləq davranış çərçivəsi kimi qəbul edilmədiyini qeyd edib. Belə şəraitdə strateji məqsəd milli maraqlara əsaslanaraq konkret nəticələr əldə etmək, eyni zamanda hüququn prinsiplərinə sadiq qalmaqdan ibarətdir. Bu yanaşma Azərbaycanın siyasi sabitliyini möhkəmləndirmək, suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün atılan addımların legitim və davamlı olmasını təmin edir.
Müsahibədə vurğulanan əsas məqamlardan biri də beynəlxalq münasibətlərin artıq yeni eraya qədəm qoymasıdır. Bu mərhələdə prosesləri qanunun aliliyi deyil, real güc balansı müəyyənləşdirir. Dünyanın müxtəlif regionlarında müşahidə olunan münaqişələr və qeyri-sabitliklər bu tendensiyanın açıq göstəricisidir. Belə bir mühitdə hər bir dövlətin öz strategiyasını mövcud imkanlarına uyğun qurması və regional səviyyədə möhkəm, etibarlı münasibətlər yaratması zəruri olur. Paralel olaraq qlobal miqyasda geniş tərəfdaşlıq şəbəkəsi formalaşdırmaq da strateji prioritetdir.
Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi göstərir ki, Azərbaycanın göstərdiyi sülh təşəbbüsləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. 30 ildən artıq davam edən münaqişələrdən sonra Qafqazda sülhün bərqərar olunması istiqamətində atılan addımlar həm psixoloji, həm də strateji baxımdan region üçün mühüm dönüş nöqtəsidir. Ermənistanla münasibətlərin tədricən əməkdaşlıq müstəvisinə keçməsi, nəqliyyat və ticarət məhdudiyyətlərinin aradan qaldırılması, enerji daşıyıcılarının təchizatı kimi praktik addımlar qarşılıqlı etimadı gücləndirir və sülhün yalnız siyasi bəyanat olmadığını göstərir.
Daxili təhlükəsizlik məsələlərinə toxunan dövlətimizin başçısı bildirib ki, ölkə daxilində potensial risklər mövcud deyil və mövcud çağırışlar əsasən xarici mənbələrdən qaynaqlana bilər. Bu səbəbdən regionda sabitliyin qorunması, proqnozlaşdırıla bilən mühitin yaradılması və əməkdaşlığın genişləndirilməsi həm iqtisadi inkişaf, həm də sosial rifah üçün həlledici əhəmiyyət daşıyır. Müharibə və işğalın ağır nəticələrini yaşamış bir cəmiyyət üçün sülhün dəyəri xüsusilə böyükdür və dövlət siyasətinin mərkəzində dayanır.
Enerji siyasəti müsahibənin mühüm istiqamətlərindən biridir. Azərbaycan Cənubi Qafqazda neft və qaz ixrac edən yeganə dövlətdir və bu resursları artıq 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzvünə çatdırır. Müasir boru kəmərləri sistemi, zəngin resurs bazası və geniş nəqliyyat infrastrukturu Avropa üçün etibarlı tərəfdaş modelini gücləndirir, enerji diplomatiyası həm iqtisadi dividendlər, həm də siyasi etimadın möhkəmlənməsinə xidmət edir.
Avropa Parlamentinin uzunmüddətli və əsassız tənqidlərinə münasibətdə prinsipial mövqe sərgilənir. Qərəzli yanaşmalara artıq reaksiya verməmək şüurlu siyasi seçimdir və yalnız konstruktiv əməkdaşlığa xidmət edən real tərəfdaşlarla iş birliyinə üstünlük verilir. Avropa Komissiyası ilə əməkdaşlığın davam etdirilməsi praqmatik siyasətin nümunəsi kimi qiymətləndirilir.
Ümumilikdə, Davos müsahibəsi göstərir ki, dəyişən qlobal güc nizamı şəraitində uğur emosional reaksiyalarda deyil, milli maraqlara söykənən, hesablanmış və uzunmüddətli strateji yanaşmadadır. Hüquqa sadiqlik, siyasi realizm, regional sülh təşəbbüsləri və enerji diplomatiyası paralel şəkildə həyata keçirildikdə dövlət həm təhlükəsizliyini möhkəmləndirir, həm də beynəlxalq nüfuzunu artırır. Formalaşan yeni mərhələ dayanıqlı sabitlik və əməkdaşlıq modelini yalnız region üçün deyil, daha geniş coğrafiya üçün də nümunə kimi təqdim edir və gələcək illərdə Azərbaycanın strateji kursunun əsas istiqaməti olaraq qalacaq.
Namiq Əhmədov
YAP Xəzər rayon təşkilatının sədri