Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Moskvadan sərt mesaj: ərazi tələbləri qəbul olunmadan savaş dayanmayacaq..."
Davosda keçirilən Dünya İqtisadi Forumunda ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında baş tutan görüşdən sonra Vaşinqtondan ehtiyatlı nikbinlik mesajları səslənib.
Moderator.az xəbər verir ki, bu barədə "wp.com" nəşri yazıb.
"Danışıqların özü artıq məqsəddir"
Trampın fikrincə, müharibənin nizamlanması üçün əsas şərt sadəcə görüşməkdir. "Əgər görüşməsən, heç nə baş verməz. Biz hər görüşəndə irəliləyiş olur", - Tramp bildirib və vurğulayıb ki, danışıqların əsas nəticəsi mümkün qədər çox insan həyatının xilas edilməsi ola bilər.
Zelenski isə Davosdakı çıxışında ABŞ və Ukrayna arasında müharibənin dayandırılmasına yönəlik birgə sənədlərin demək olar ki, hazır olduğunu açıqlayıb. Onun sözlərinə görə, Kiyev bu prosesdə "tam dürüstlük və qətiyyətlə" hərəkət edir və indi növbə Rusiyadadır.
"Rusiya da bu müharibəni bitirməyə, bu təcavüzü dayandırmağa hazır olmalıdır", - Zelenski bildirib və əlavə edib ki, Moskva üzərində təzyiq daha da gücləndirilməlidir.
"Sülh yalnız Moskvanın şərtləri ilə mümkündür"
Nikbin bəyanatların fonunda Moskvadan gələn siqnallar tamam başqa mənzərə yaradır. Vladimir Putin gecə saatlarında Donald Trampın üç xüsusi nümayəndəsi ilə dörd saatdan çox davam edən qapalı görüş keçirib. Kreml danışıqları "məzmunlu və konstruktiv" adlandırsa da, əsas mesaj sərt olub.
Putinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov açıq şəkildə bəyan edib ki, ərazi məsələsi razılaşdırılmadan "uzunmüddətli nizamlanma" mümkün deyil. "Ərazi məsələsi razılaşdırılmadan uzunmüddətli həll haqqında danışmağa dəyməz", - Uşakov bildirib.
Eyni zamanda Moskva bir tərəfdən "siyasi-diplomatik həllə maraq" göstərdiyini desə də, digər tərəfdən razılaşma əldə olunana qədər hərbi əməliyyatların davam edəcəyini və ordunun "strateji təşəbbüsü" əlində saxladığını vurğulayır. Bu isə Kremlin danışıqları real sülh yolu kimi yox, vaxt udmaq və mövqelərini möhkəmləndirmək aləti kimi gördüyü təəssüratını gücləndirir.
Danışıqlar davam edir, elə müharibə də
Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin yaxın günlərdə Abu-Dabidə üçtərəfli görüş keçirməsi planlaşdırılır. Lakin artıq indidən aydın görünür ki, tərəflərin yanaşmaları kəskin şəkildə fərqlənir. Kiyev və Vaşinqton müharibəni dayandıracaq mexanizmlər üzərində işlədiklərini desələr də, Moskva maksimalist ərazi tələblərindən geri çəkilmir.
Bu mənzərədə danışıqların özü prosesin mərkəzinə çıxır, lakin nəticə hələ də qeyri-müəyyəndir. Kreml açıq mesaj verir: onun üçün sülh, ilk növbədə, müharibə ilə əldə etdiklərini rəsmiləşdirmək deməkdir. Bu isə onu göstərir ki, bütün diplomatik fəallığa baxmayaraq, Putin hələlik müharibəyə son qoymaq qərarı verməyib, əksinə, vaxtı uzadaraq daha əlverişli şərtlər gözləyir.