Davosdan səslənən Azərbaycanın mövqeyi ŞƏRH

22.01.2026

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünya siyasətinin əsas istiqamətləri çox vaxt rəsmi sənədlərdə deyil, dövlət rəhbərlərinin açıq və bəzən sərt şəkildə səsləndirdiyi mövqelərdə öz əksini tapır. Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Euronews” televiziya kanalına verdiyi müsahibə də bu baxımdan xüsusi diqqətə layiqdir. Həmin müsahibə qlobal proseslər fonunda Azərbaycanın mövqeyini, dünyaya baxışını və gələcək strateji kursunu aydın şəkildə nümayiş etdirən siyasi bəyanat kimi qiymətləndirilə bilər.

Cənab Prezident İlham Əliyev beynəlxalq münasibətlər sistemində müşahidə olunan dərin transformasiyaları açıq və birmənalı şəkildə ifadə etdi. Dövlət başçısının fikrincə, müasir dövrdə artıq idealist hüquqi prinsiplər deyil, güc balansına əsaslanan reallıqlar beynəlxalq münasibətləri formalaşdırır: “Beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri üçün artıq dəyişməz meyar sayılmır. Bu gün dünyada prosesləri hüququn aliliyi yox, güc amili idarə edir.” Bu yanaşma son illərdə beynəlxalq sistemdə yaranmış böhranın siyasi etirafı kimi dəyərləndirilə bilər. İkili standartların, selektiv mövqelərin və ədalətsiz qərarların hökm sürdüyü bir şəraitdə Azərbaycan öz siyasi xəttini düzgün müəyyənləşdirib.Cənab Prezidentin vurğuladığı kimi, ölkəmiz milli maraqlara söykənən, eyni zamanda beynəlxalq hüququn çərçivəsindən kənara çıxmayan siyasət həyata keçirib: “Bizim atdığımız bütün addımlar – istər siyasi inkişaf, istərsə də suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası beynəlxalq hüquqa tam uyğun olub.” Bu fikirlər Azərbaycanın haqqını güc yolu ilə deyil, hüquqi əsaslarla təmin etdiyini göstərən əsas dəlildir.

Müsahibədə Cənubi Qafqaz regionunun perspektivləri xüsusi yer tutdu. Cənab Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi də bu kontekstdə təsadüfi deyil. Bu mükafat Azərbaycanın regionda sülhün və əməkdaşlığın bərqərar olunmasına verdiyi töhfəyə beynəlxalq səviyyədə göstərilən qiymətin ifadəsidir: “Bu mükafatı Qafqazda sülhün qurulması istiqamətində göstərdiyimiz səylərə verilən dəyər kimi qəbul edirəm.” Dövlət başçısı açıq şəkildə bildirdi ki, Azərbaycanla Ermənistan arasında uzun illər davam etmiş münaqişə mərhələsi artıq arxada qalır. Xüsusilə diqqətçəkən məqam sülh prosesinin konkret addımlarla təsdiqlənməsidir. Ermənistan üçün yük daşımalarına qoyulan məhdudiyyətlərin aradan qaldırılması, enerji təchizatının bərpası sülhün yalnız bəyanat səviyyəsində deyil, real fəaliyyət müstəvisində qurulduğunu göstərir. “Bu gün Azərbaycanla Ermənistan arasında münasibətlər artıq əməkdaşlıq mərhələsinə keçir.” Bu proses Qafqaz tarixində nadir rast gəlinən, lakin strateji baxımdan olduqca əhəmiyyətli mərhələdir.

Cənab Prezident İlham Əliyev regionda sabitliyin pozulmasının bütün tərəflər üçün ciddi təhlükə yaratdığını xüsusi olaraq vurğuladı. Xüsusilə İran ətrafında baş verən proseslər fonunda Azərbaycanın mövqeyi balanslı və prinsipial xarakter daşıyır: “Bizim üçün regionda sabitlik, proqnozlaşdırılan mühit və sülh ən böyük sərvətdir.” Bu yanaşma Azərbaycanın geosiyasi risklərə və avantüralara qoşulmayan, əksinə təhlükəsizlik və əməkdaşlığı prioritet hesab edən dövlət olduğunu təsdiqləyir. Müharibənin ağır nəticələrini yaşamış bir ölkə kimi Azərbaycan sülhün əsl dəyərini dərindən anlayır.

Müsahibənin mühüm hissəsi enerji təhlükəsizliyi məsələlərinə həsr olunmuşdu. Cənab Prezident İlham Əliyev konkret faktlarla sübut etdi ki, Azərbaycan Cənubi Qafqazda enerji sahəsində əsas aparıcı qüvvələrdən biridir: “Hazırda biz 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür.” Bu rəqəmlər Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu aydın şəkildə ortaya qoyur. Müasir boru kəməri infrastrukturu, inkişaf etmiş nəqliyyat şəbəkəsi və etibarlı tərəfdaş imici Azərbaycanı qlobal enerji xəritəsində strateji mövqeyə yüksəldib.

Cənab Prezident İlham Əliyevin Avropa Parlamentinə münasibəti diplomatik baxımdan son dərəcə prinsipial və qətiyyətlidir. Dövlət başçısının “Biz artıq buna reaksiya vermirik” fikri Azərbaycanın qərəzli və birtərəfli yanaşmaları ciddi qəbul etmədiyini açıq şəkildə ifadə edir: “Bu, Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən müəyyən lobbi qruplarının fəaliyyətinin nəticəsidir.” Azərbaycanın Avropa Komissiyası ilə əməkdaşlığı davam etdirməsi, eyni zamanda Avropa Parlamenti ilə münasibətləri faktiki olaraq dayandırması siyasi seçimdən daha çox, milli ləyaqətə əsaslanan mövqedir.

Cənab Prezident İlham Əliyevin Davosda verdiyi müsahibə bir daha göstərdi ki, Azərbaycan sürətlə dəyişən və mürəkkəbləşən beynəlxalq mühitdə öz strateji kursunu itirməyib. Güc balanslarının yenidən formalaşdığı, beynəlxalq hüququn seçici şəkildə tətbiq olunduğu bir dövrdə Azərbaycan sülhü, sabitliyi və milli maraqları əsas prioritet kimi qoruyur. Bu müsahibə Davosdan səslənən adi bir açıqlama deyil, yeni dünya düzənində Azərbaycanın yerini və iddiasını təsdiqləyən ciddi siyasi mövqedir. Azərbaycan bu yolda təkcə region üçün deyil, qlobal sabitlik üçün də etibarlı və məsuliyyətli tərəfdaş olaraq qalmaqdadır.

Gülər Sultanzadə

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью