Davosdan sonra gərginlik: ABŞ Kanadaya qarşı sərtləşir

28.01.2026

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

ABŞ və Kanada arasında münasibətlərdə gərginlik son vaxtlar daha da diqqətçəkən olub. Xüsusilə Davos İqtisadi Forumu çərçivəsində Kanadanın Baş naziri Mark Karni tərəfindən səsləndirilən bəzi fikirlər ABŞ tərəfindən birmənalı qarşılanmayıb və nəticədə Amerika tərəfi Kanadaya “Sülh Şurası”na üzvlük dəvətini geri çəkib. Hətta Kanada bu geri çəkilməni qəbul etsə də, bu addım iki ölkə arasında siyasi münasibətlərdə müəyyən qırılma nöqtəsinin formalaşdığını göstərir.

Ekspertlər hesab edir ki, bu gərginlik yalnız ticarət məsələləri və Çindən idxal olunan məhsullarla bağlı deyil. Əsas səbəb ABŞ-ın yeni dünya nizamı çərçivəsində ortaya qoyduğu strategiyaların Kanada tərəfindən qəbul edilməməsi, habelə strateji maraqların toqquşmasıdır.

“ABŞ–Kanada xəttində gərginlik dərinləşir”

Mövzuyla bağlı Milli Məclisin deputatı Azər Badamov “Xalq Cəbhəsi”nə açıqlamasında deyib ki, yeni dünya nizamı formalaşdırılır və ənənəvi ittifaqlar zəifləyir. Deputat bildirib ki, hazırda beynəlxalq münasibətlər sistemində köklü dəyişikliklər baş verir və bu proses ənənəvi ittifaqların arxa plana keçməsi ilə müşayiət olunur: “Yeni dünya nizamı formalaşdırılır. Formalaşdırılan bu nizamda artıq öyrəşdiyimiz ənənəvi ittifaqlardan deyil, yeni siyasi və iqtisadi əməkdaşlıq modellərindən danışırıq. Donald Tramp əhakimiyyətə gəldikdən sonra ABŞ xarici siyasətində köklü dəyişikliklər müşahidə olunur. Trampın yanaşması göstərir ki, ABŞ xarici siyasəti təkcə Avropa İttifaqı və Rusiya üzərindən qurulmur. Bu istiqamətdə əsas fokus Amerika qitəsidir.

Venesuelada baş verən proseslər, Kuba ilə münasibətlər və Trampın hakimiyyətə gələr-gəlməz Kanadaya qarşı sərt mövqe ortaya qoyması bu xəttin davam etdiyini göstərir. Qeyri-ənənəvi ittifaqlara baxsaq, Avropa Komissiyasının Hindistanla genişmiqyaslı saziş imzaladığını görürük. Eyni zamanda Kanadanın Çinlə prinsipial razılaşmaya getməsi və Çin istehsalı olan elektromobillərə tətbiq edilən gömrük rüsumunu 100 faizdən 6,1 faizə endirməsi beynəlxalq paradiqmanın köklü şəkildə dəyişdiyini təsdiqləyir”.

Deputat vurğulayıb ki, Avropa İttifaqı yeni dünya nizamının formalaşdırılmasında zəiflik nümayiş etdirir və bu səbəbdən dünyanın müxtəlif regionlarında aktivləşməyə çalışır: “ABŞ, Çin, Rusiya və Avropa İttifaqı arasında rəqabət getdikcə daha da kəskinləşir. Bununla yanaşı, yeni dünya nizamında bir sıra dövlətlər ön plana çıxır ki, Azərbaycan da bu dövlətlər sırasında yer alır.ABŞ–Kanada münasibətlərində gərginliyin yeni mərhələyə keçməsi Tramp administrasiyasının Kanadaya qarşı həm ritorikasını, həm də praktiki addımlarını daha da sərtləşdirəcəyini göstərir. Donald Trampın Kanadanın Baş naziri Mark Karniyə göndərilən ‘Sülh Şurası’na üzvlük dəvətini geri götürməsi də bunu təsdiqləyir. ABŞ maliyyə naziri Skott Bessentin Karninin addımlarının Kanada xalqının maraqlarına xidmət etmədiyini bildirməsi Danimarkanın Qrenlandiyaya nəzarət baxımından yetərsiz olması ilə bağlı irəli sürülən arqumentlərlə eynilik təşkil edir. Bu gün beynəlxalq münasibətlərdə "kim güclüdür, o haqlıdır" prinsipi hər keçən gün daha da özünü göstərir”.

ABŞ–Kanada əlaqələrində qırılma riski

Politoloq Aytən Qurbanova qeyd edib ki, ABŞ–Kanada münasibətlərindəki gərginlik artıq müəyyən müddətdir davam edir. Xüsusilə Davos İqtisadi Forumu çərçivəsində Kanadanın Baş naziri Mark Karni tərəfindən səsləndirilən bəzi fikirlər ABŞ tərəfindən birmənalı şəkildə qəbul edilməyib: “Nəticə etibarilə, Amerika tərəfi Kanadaya sülh şurasına təmsilçi üzv qismində dəvət göndərilməsi ilə bağlı müraciətini geri çəkib. Hətta Kanada bu geri çəkilməni qəbul etsə də, bu hadisə iki ölkə arasında siyasi münasibətlərdə müəyyən qırılma nöqtəsinin olduğunu göstərir. Bu gərginlik yalnız Çindən idxal olunan keyfiyyətsiz məhsullarla bağlı deyil: “Əsas məsələ yeni formalaşan dünya nizamında ABŞ-ın ortaya qoyduğu yanaşmaların Kanada tərəfindən qəbul edilməməsi və narahatlıqların açıq şəkildə ifadə olunmasıdır. Davos İqtisadi Forumunda səsləndirilən fikirlər artıq ABŞ–Kanada münasibətlərində yeni mərhələnin başlaya biləcəyini göstərir”.

Aytən Qurbanova əlavə edib ki, Kanada orta güc kateqoriyasına aid dövlətləri əməkdaşlığa çağırır və eyni zamanda mümkün bütün təzyiqlərə qarşı durmağa çalışır: “Bu ritorika isə ABŞ tərəfindən fərqli və birmənalı olmayan şəkildə qiymətləndirilir: “Buna görə də iki dövlət arasında münasibətlərdə artan gərginliyi müşahidə etmək mümkündür və yaxın perspektivdə əlaqələrin daha mürəkkəb mərhələyə daxil ola biləcəyi ehtimal olunur”.

Günel Elxan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью