Dayanıqlı gələcəyə doğru ŞƏRH

29.09.2026

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün Azərbaycan iqtisadiyyatı tarixi bir transformasiya dövrünü yaşayır. Qlobal iqtisadi mənzərənin sürətlə dəyişməsi, enerjiyə olan tələbatın yeni formalar kəsb etməsi və iqlim dəyişiklikləri kimi qlobal çağırışlar hər bir dövlət qarşısında dayanıqlı model qurmaq tələbini qoyur. Dövlət başçısı İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdəki proqram xarakterli çıxışı ölkəmizin bu çağırışlara tam hazır olduğunu və gələcək inkişafın dəqiq xəritəsini cızdığını göstərir.
Prezident öz çıxışında aydın şəkildə bəyan etmişdir ki, uzunmüddətli və dayanıqlı iqtisadi artıma nail olmağın yeganə yolu neft-qaz sektorundan kənar sahələrin potensialını tam, səmərəli və innovativ şəkildə reallaşdırmaqdan keçir. Azərbaycan uzun illər ərzində karbohidrogen resurslarından əldə edilən gəlirləri düzgün idarə edərək ölkədə müasir infrastruktur yaratmış, makroiqtisadi sabitliyi təmin etmiş və güclü maliyyə buferləri formalaşdırmışdır. Lakin müasir dövrdə iqtisadi müstəqillik və dayanıqlılıq yalnız təbii resursların ixracı ilə məhdudlaşa bilməz. Qlobal tendensiyalara uyğunlaşmaq, şaxələnməni sürətləndirmək və qeyri-neft iqtisadiyyatının payını dominant mövqeyə çıxarmaq əsas strateji hədəfdir.
Dövlət başçısının qeyd etdiyi prioritetlər arasında ön sıranı bərpaolunan enerji sahəsi tutur. Azərbaycanın zəngin neft və qaz ehtiyatlarına malik olmasına baxmayaraq, "yaşıl keçid" prosesində regional liderliyə yüksəlmək əzmi ölkəmizin uzaqgörən siyasətinin bariz nümunəsidir. Respublikamız günəş, külək, hidro və bioenerji baxımından nəhəng potensiala malikdir. Xüsusilə Xəzər dənizinin Azərbaycan akvatoriyası, Abşeron-Qobustan zonası, Naxçıvan Muxtar Respublikası, eləcə də işğaldan azad edilmiş və "Yaşıl Energi Zonası" elan olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları alternativ enerji istehsalı üçün əvəzolunmaz imkanlar təqdim edir.
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda vurğulanan digər vacib məqam ölkənin investisiya cəlbediciliyinin artırılmasıdır. Qeyri-neft sektorunda – xüsusilə kənd təsərrüfatı, tranzit-logistika, İKT, turizm və emal sənayesində özəl bölmənin rolunun genişləndirilməsi, dövlət-özəl tərəfdaşlığı modellarının tətbiqi əsas prioritetlərdəndir. Cənub Qafqaz regionunun nəqliyyat xəritəsini yenidən formalaşdıran Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşməklə logistika potensialını da iqtisadi dividentə çevirir.
Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumundakı proqram xarakterli çıxışı ölkəmizin iqtisadi inkişaf xəritəsində sadəcə növbəti mərhələnin başlanğıcı deyil, həm də köklü stuktural transformasiyanın bəyannaməsidir. Bu çıxış Azərbaycanın gələcək iqtisadi modelinin artıq karbohidrogen resurslarına asılılıq üzərində deyil, yüksək texnologiyalara, insan kapitalına, rəqəmsal infrastruktura və tükənməz yaşıl enerji mənbələrinə əsaslanacağını aydın şəkildə nümayiş etdirdi. Neft və qaz sahəsində əldə olunan tarixi uğurlar, formalaşdırılan zəngin maliyyə ehtiyatları və sabit dövlətçilik ənənələri bu gün qeyri-neft iqtisadiyyatının davamlı inkişafı üçün möhkəm zəmin rolunu oynayır.
Şaxələnmə siyasətinin mərkəzində dayanan yaşıl keçid və bərpaolunan enerji layihələri Azərbaycanı yalnız enerji idxal-ixracatçısı kimi deyil, eyni zamanda regional və qlobal miqyasda ekoloji təhlükəsizliyə töhfə verən strateji tərəfdaş kimi mövqeləndirir. Xəzər dənizinin böyük külək potensialından, eləcə də azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji imkanlarından tam istifadə olunması təkcə daxili tələbatı ödəyib elektrik enerjisi ixracını şaxələndirməyəcək, eyni zamanda ölkəyə milyardlarla dollar dəyərində birbaşa xarici investisiyaların cəlb edilməsinə şərait yaradacaqdır. Təsadüfi deyildir ki, Forum çərçivəsində xarici tərəfdaşlarla ümumi dəyəri 10,8 milyard dolları əhatə edən 23 sənədin imzalanması beynəlxalq maliyyə institutu və investorların Azərbaycanın müəyyənləşdirdiyi bu strateji kursa olan böyük etimadının bariz göstəricisidir.
Neft-qaz sektorundan kənar potensialın, xüsusilə də bərpaolunan enerji resurslarının səmərəli reallaşdırılması Azərbaycanın iqtisadi suverenliyini daha da möhkəmləndirəcəkdir. Bu strateji yanaşma yeni iş yerlərinin açılmasına, dayanıqlı məşğulluğun təmin olunmasına, yerli istehsalın rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə və regionların tarazlı inkişafına birbaşa xidmət edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu uzaqgörən kurs Azərbaycanı yaxın onilliklərdə regional innovasiya mərkəzinə, yaşıl iqtisadiyyat liderinə və qlobal dəyər zəncirinin ayrılmaz hissəsinə çevirməklə xalqımızın rifahını və dövlətimizin qüdrətini uzunmüddətli əsaslarla təmin edəcəkdir.

Nicat Ələkbərov
YAP Şahbuz rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью