Dayanıqlı həyat tərzi: Bu ərazilərdə yaşayan insanlar...

20.08.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Almaniya, İtaliya və Çexiyada yerləşən bəzi kiçik yaşayış məntəqələri dayanıqlı həyat tərzi ilə diqqət çəkir. 

"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, bu ərazilərdə yaşayan insanlar elektrik enerjisin özləri istehsal edir, təbii imkanlardan istifadə edir və müasir texnologiyalarla gündəlik həyatı daha qənaətcil qururlar.

Məsələn, Almaniyanın Feldheim kəndində sakinlər öz elektrik və istilik şəbəkələrini yaradıblar.

Külək turbinləri və biokütlə qurğuları vasitəsilə kəndin ehtiyacından daha çox enerji istehsal olunur. Artıq qalan elektrik isə ümumi şəbəkəyə satılır. Bununla kənd sakinləri həm enerji xərclərini azaldır, həm də əlavə gəlir əldə edirlər.

İtaliyanın Viganella qəsəbəsində isə fərqli problemə texnoloji həll tapılıb. Dağlarla əhatə olunan qəsəbə qış aylarında uzun müddət günəş işığından məhrum olur.
Bu səbəbdən dağın zirvəsinə böyük hərəkətli güzgü yerləşdirilib. Güzgü Günəşin hərəkətini izləyərək işığı qəsəbənin mərkəzinə yönəldir.

Çexiyada isə bəzi yaşayış məntəqələrində enerjiyə qənaət edən “passiv evlər” inşa edilir. Bu evlərdə güclü izolyasiya, taxta konstruksiyalar və torpağın istiliyindən istifadə edən texnologiyalar tətbiq olunur. Məqsəd daha az enerji sərf etməklə rahat yaşayış şəraiti yaratmaqdır.

Bu nümunələr göstərir ki, kiçik yaşayış məntəqələri də müasir texnologiyalardan və təbii imkanlardan istifadə etməklə enerji xərclərini azaltmaq və ətraf mühitə daha az zərər vurmaq üçün fərqli yollar tapa bilər.

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью