Dayanıqlı məskunlaşmanın yeni mərhələsi

02.07.2026

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Azad ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılır

Milli Məclis Mənzil Məcəlləyə, “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlara təklif edilən dəyişiklikləri üçüncü oxunuşda qəbul edib. Dəyişikliklər layihəsi məskunlaşma sahəsində görülən işlərin hüquqi bazasının təkmilləşdirilməsi, məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə yaşayış sahələrinə köçürülməsi, onların mülkiyyət hüququnun təmini və məcburi köçkün statusunun itirilməsi ilə bağlı qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Mənzil Məcəlləsinə edilən dəyişiklik nəticəsində yeni institutun yaradılması üçün hüquqi mexanizm formalaşıb. Belə ki, işğaldan azad edilmiş ərazilərdə Daimi Məskunlaşdırma Fondu yaradılacaq.

Qaydalara əsasən, Məskunlaşdırma Fondu azad ərazilərdə yaşayış sahələrinin hüquqi tənzimləməsini həyata keçirəcək. Məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə daimi yaşayış sahələrinə köçürülməsi və həmin yaşayış sahələrinin onların mülkiyyətinə verilməsi yeni qurum tərəfindən tənzimlənəcək. Fondun yaşayış sahələrinə məcburi köçkünlərin köçürülməsi və həmin yaşayış sahələrinin onların mülkiyyətinə verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyənləşəcək.

Böyük Qayıdışın xoş müjdələri

Qeyd edək ki, ərazilər işğaldan azad edildikdən sonra Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri çərçivəsində keçmiş məcburi köçkünlər üçün şəhər və qəsəbələrin, kəndlərin inşası da davamlı xarakter alıb. “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi və icrası keçmiş məcburi köçkünlərin beynəlxalq qanunvericiliyə uyğun könüllü, təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına qayıdışı prosesinin bütün aspektlərini əhatə edən tədbirlər müəyyənləşdirilib. 2022-ci ildə Zəngilana başlayan ilk köç layiqli məskunlaşmanın əsasını qoyub. Dövlət Proqramının icrası tədbirlər planına uyğun olaraq sürətlə davam etdirilir, köç karvanları bir-birinin ardınca yeni salınmış yaşayış məntəqələrinə istiqamət götürüb və proses ardıcıl şəkildə davam etdirilir.

Hazırda 10 şəhər, 3 qəsəbə və 31 kənd olmaqla 44 yaşayış məntəqəsində məskunlaşma təmin edilib. Belə ki, işğaldan azad edilənş ərazilərə təxminən 35 min keçmiş məcburi köçkün geri qayıdıb. Bu ərazilərdə fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı isə 85 mindən artıqdır. Onların hər biri layiqli yaşayışla təmin edilib, bütün kommunal xidmətlərə və digər müasir xidmət çeşidlərinə əlçatanlığı həll olunub.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynovun sözlərinə görə, indiyə qədər 12 rayon və 11 şəhər daxil olmaqla 91 yaşayış məntəqəsi üzrə yeni məskunlaşma planları təsdiqlənib və plan üzrə nəzərdə tutulan bütün tədbirlər davam etdirilir. Nəticədə 2026-cı ilin sonunadək həmin ərazilərdə 140 min vətəndaşın məskunlaşması təmin olunacaq.

Yaşayış yerlərindən imtina köçkün statusunun itirilməsi deməkdir

Yeri gəlmişkən, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, məcburi köçkün statusunun itirilməsi halları da konkretləşdirilib. Həmin sosial qrupa aid olan şəxs yaşadığı regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvvəlki yaşayış yerinin əvəzinə təmin ediləcək, bununla da dövlət tərəfindən yeni yaşayış sahəsinin verilməsi vətəndaşın mülkiyyət hüququnun tam bərpasına xidmət edəcək. Həmçinin sözügedən qanuna təklif olunan dəyişikliyə görə, şəxs dövlət tərəfindən təklif olunan həmin yaşayış yerindən imtina etdikdə məcburi köçkün statusunu itirəcək. Mövcud üçillik güzəşt müddətinin hesablanması şəxsin statusunu itirdiyi və ya mənzildən imtina etdiyi tarixdən müəyyən ediləcək.

Həmçinin, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” “qanunun 5-ci maddəsinə edilən dəyişikliyə əsasən, məcburi köçkünlərin köçürülməsi mexanizmi də dəyişdirilir. Yeni qaydalara əsasən, dövlət öhdəliyi yaşayış sahəsinin təklif edilməsi ilə icra olunmuş hesab ediləcək. Bununla da həm məcburi köçkünlərin mənzil hüquqları, həm də üçüncü şəxslərin maraqları arasında balans təmin olunacaq.

Bölgənin iqtisadi reinteqrasiyaya qoşulmasında etibarlı mexanizm

Qeyd edək ki, dövlət tərəfindən keçmiş məcburi köçkünlər üçün məskunlaşma və əhatəli sosial tədbirlər davamlı xarakter almaqdadır. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair 1-ci Dövlət Proqramı”nın icrası ilə bağlı möhkəm hüquqi baza yaradılıb, qanunvericilikdə müvafiq dəyişikliklər edilərək Qarabağda və Şərqi Zəngəzurda işləyən və məskunlaşan şəxslər üçün yeni müavinət növü təsis edilib, məzuniyyət, vergi, sosial sığorta güzəştləri və imtiyazları müəyyən olunub. Dövlət həmin sosial kateqoriya üzrə insanların məşğulluğu, yaşayış imkanlarının artırılması üçün də ardıcıl tədbirlər görür.

Beləliklə, yuxarıda qeyd edilən qanunlara edilən dəyişikliklər sürətlə icra olunan dövlət siyasətinin və ölkəmizin uzunmüddətli inkişaf strategiyasının əsas prioritetlərindən olan Böyük Qayıdışın hüquqi bazasını möhkələndirmək məqsədi daşıyır, azad edilmiş ərazilərdə məcburi köçkünlərin mülkiyyət hüquqlarının təmin olunmasına və onların dayanıqlı məskunlaşma prosesinin sürətləndirilməsinə xidmət edir. Bu siyasət isə əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılmasında mühüm rol oynayacaq. Eyni zamanda. Böyük Qayıdış üzrə hədəflərin, o cümlədən azad ərazilərdə əhalinin işgüzar fəallığının artımı fonunda bölgənin iqtisadi reinteqrasiyaya qoşulmasında etibarlı mexanizm olacaq.

E.CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью