Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Ukrayna və Rusiya arasında davam edən müharibə regionda siyasi və iqtisadi gərginliyi artırır. Münaqişənin təsirləri qonşu ölkələr, o cümlədən ölkəmiz üçün də təhlükə və risklər yaradır. Azərbaycan həm humanitar, həm də ticarət əlaqələri baxımından bu gərginlikdən təsirlənir.
Azərbaycan öz təhlükəsizliyini və regional mövqeyini necə qoruya bilər?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib ki, Rusiya və Ukrayna arasında gedən müharibə Cənubi Qafqaza, eləcə də Azərbaycana təsir göstərir: “Çünki ənənəvi tədarük zəncirləri pozulur, yeni-yeni çağırışlar meydana çıxır. Bu, təkcə Avropanın deyil, ümumilikdə dünyanın diqqət mərkəzində olan bir müharibədir. Azərbaycan beynəlxalq sülhün, təhlükəsizliyin və sabitliyin təşviqinə xüsusi önəm verir. Hətta müharibənin dayandırılması və sülh danışıqlarının aparılması ilə bağlı Azərbaycan öz vasitəçilik təşəbbüsünü də irəli sürmüşdür. Bu məsələlərlə bağlı mediada zaman-zaman müxtəlif fikirlər səsləndirilir.
Hesab edirəm ki, müharibənin müddəti uzandıqca, onun arealı genişləndikcə və maraqlı tərəflərin sayı artdıqca, münaqişəni nizamlamaq və sülhə nail olmaq daha da çətinləşir. Müharibə ilə bağlı indiyədək bir sıra mühüm görüşlər keçirilmişdir. İstanbul prosesi çərçivəsində müəyyən razılaşmalar da əldə olunmuşdu. Eyni zamanda Yaxın Şərqdə də bir sıra görüşlər baş tutmuşdur. Lakin əsas problem Rusiya və Ukrayna prezidentlərinin birbaşa görüşünün təşkilində yaranan çətinliklərlə bağlıdır. Tramp və Putinin Avropanın iştirakı olmadan irəli sürdüyü bütün variantlara Ukrayna öz mövqeyi ilə cavab vermişdir. Nizamlanma prosesində ortaya çıxan suallar, Ukraynanın gələcəyi, ərazi bütövlüyü, təhlükəsizlik zəmanəti verəcək qüvvələrin kimliyi, bu zəmanətlərin müddəti və şərtləri ilə bağlı mövcud kəskin fərqlər - müharibənin davametmə müddətini daha da uzadır.”
İ.Hüseynov qeyd edib ki, Azərbaycan davamlı olaraq Ukraynanın ərazi bütövlüyü kontekstində mövqe sərgiləyir: “Ukraynaya humanitar yardımlar göndərilir və bu yardımlar Ukrayna tərəfindən müsbət qarşılanır. Azərbaycan müharibənin nə demək olduğunu yaxşı bilir, çünki ölkəmiz iki böyük müharibə yaşamışdır. Nəticədə qalib gələrək ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etmişik. Eyni zamanda Azərbaycan Rusiya ilə münasibətlərdə balanslı mövqeyini və qonşuluq prinsiplərini qoruyub saxlayır, antirusiya sanksiyalarına qoşulmur. Ümumilikdə, Azərbaycanın xarici siyasətində balanslı yanaşma prioritet təşkil etdiyindən, müxtəlif problemlər, münaqişələr və müharibələrə münasibətdə də bu mövqe üstünlük təşkil edir”.
Oğuz Ayvaz