Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Futbol üzrə DÇ-2026 üçün ABŞ-yə səfər edən xarici azarkeşlərə yerli qadınlarla nikah məsələsində diqqətli olmaq tövsiyə olunub.
İdman.Biz xəbər verir ki, bu barədə Nyu-Yorkdakı hüquq bürosunun immiqrasiya məsələləri üzrə baş müşaviri Henri Lindpere bildirib.
Onun sözlərinə görə, ABŞ vətəndaşı ilə nikah xarici turist üçün statusun dəyişdirilməsinə avtomatik əsas yaratmır. Əksinə, belə hallarda ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti nikahın real olub-olmadığını, həmçinin əcnəbinin ölkəyə əvvəlcədən evlənmək niyyəti ilə gəlib-gəlmədiyini araşdıra bilər.
Hüquqşünas bildirib ki, turist vizası ölkəyə evlənmək məqsədilə giriş üçün nəzərdə tutulmayıb. Əgər səlahiyyətli qurumlar nikahın formal xarakter daşıdığı qənaətinə gəlsələr, əcnəbi vətəndaşın status dəyişikliyi rədd oluna bilər.
Daha ağır halda isə həmin şəxs deportasiya edilə və ABŞ-yə girişinə ömürlük qadağa qoyula bilər.