DÇ 2026: E QRUPU Hansı komandanın şansı daha yüksəkdir?

19.05.2026

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Məlum olduğu kimi, artıq 2026-cı il FIFA Dünya Çempionatının başlamasına sayılı günlər qalıb.

Bu mundial tarixdə ilk dəfə üç ölkənin - ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək. Dünya çempionatı iyunun 11-də start götürəcək və final oyunu iyulun 19-da baş tutacaq.

2026-cı il futbol üzrə dünya çempionatının E qrupu da turnirin ən maraqlı qruplarından biri kimi qiymətləndirilir. 

Qrupda dünya futbolunun ən böyük ənənələrindən birinə sahib Almaniya, intizamlı və müdafiə yönümlü futbolu ilə seçilən Ekvador, son Afrika çempionu Fil Dişi Sahili mundial tarixinin ən kiçik debütant ölkəsi Kurasao yer alıb.

Analitik platforma “Footlab Data”nın hesablamalarına görə, qrupun əsas favoriti Almaniyadır. Bununla yanaşı, ikinci yer uğrunda Ekvador və Fil Dişi Sahili arasında ciddi və balanslı mübarizə gözlənilir.

Almaniya üçün bu mundial sadəcə növbəti turnir deyil. Komanda 2018 və 2022-ci illərdə ardıcıl iki dəfə qrup mərhələsində mübarizəni dayandıraraq ölkə futbol tarixinin ən böyük uğursuzluqlarından birini yaşamışdı. Dördqat dünya çempionu üçün üçüncü dəfə də eyni ssenarinin yaşanması böyük fiasko hesab edilər. Baş məşqçi Yulian Naqelsmann komandanı yenidən formalaşdıraraq sürətli keçidlər, yüksək pressinq və hücum futboluna əsaslanan sistem qurub. Almaniya son illərdə ilk dəfə həm hücumda kreativlik, həm də müdafiədə balans görüntüsü verir. “Footlab Data”nın proqnozuna əsasən Almaniyanın qrupdan çıxmaq ehtimalı 82 faizdir. Analitiklər hesab edir ki, komanda qrup liderliyi uğrunda əsas favoritdir.

Ekvador son illərdə Cənubi Amerika futbolunun ən stabil kollektivlərindən birinə çevrilib. Komanda ardıcıl üçüncü dəfə dünya çempionatına vəsiqə qazanaraq davamlı inkişaf nümayiş etdirir. Baş məşqçi Enrike Vera komandanı ilk növbədə müdafiə üzərində qurub. Ekvador kompakt oyun strukturu, nizam-intizam və sürətli əks-hücumlarla rəqiblərinə problem yaradır. Onların oyunlarında adətən az qol qeydə alınır və komanda xüsusilə gərgin matçlarda səhv etməməyə üstünlük verir. Komandanın kapitanı Enner Valensia mundial təcrübəsi baxımından əsas simadır. O, həm 2014, həm də 2022 Dünya Çempionatlarında Ekvadorun ilk qolunun müəllifi olmuşdu. Təcrübəli hücumçu böyük oyunlarda məsuliyyəti üzərinə götürməyi bacaran futbolçu kimi tanınır. Analitiklərin hesablamalarına görə Ekvadorun qrupdan çıxmaq şansı 51 faizdir.

Fil Dişi Sahil Dünya Çempionatına böyük ümidlərlə gəlir. Komanda 2023 Afrika Millətlər Kubokunda dramatik şəkildə çempion olaraq bütün qitənin diqqətini üzərinə çəkmişdi. Turnir zamanı Fil Dişi Sahili hətta qrup mərhələsində mübarizəni dayandırmaq təhlükəsi ilə üzləşmişdi. Lakin komanda baş məşqçi dəyişikliyindən sonra geri dönüş edərək çempionluğa qədər irəlilədi. Bu uğur kollektivin psixoloji dayanıqlığını və xarakterini göstərən əsas amil hesab olunur. Hücum xəttinin lideri Sebastien Hallerdir. Ağır xəstəlikdən sonra futbola qayıdan Haller həm təcrübəsi, həm də fiziki gücü ilə komandanın əsas silahıdır. Fil Dişi Sahili seçmə mərhələni qrup lideri kimi tamamlayaraq mundiala iddialı gəldiyini göstərib. Əsas sual isə Afrika səviyyəsindəki uğurun dünya çempionatında da davam edib-etməyəcəyidir.

“Footlab Data” Fil Dişi Sahilinin qrupdan çıxmaq ehtimalını 47 faiz qiymətləndirir.

Kurasao mundiala vəsiqə qazanması futbol tarixinin ən böyük sensasiyalarından biri hesab olunur. Təxminən 150 min əhalisi olan ada ölkəsi Dünya Çempionatına qatılan ən kiçik əhali sayına malik ölkə rekordunu müəyyənləşdirib. Komandanın əsas hissəsi Niderlandda doğulmuş və yetişmiş, lakin Kurasao mənşəli futbolçulardan ibarətdir. Onların əksəriyyəti Erediviziya və Belçika çempionatında çıxış edir.

Texniki keyfiyyət müəyyən səviyyədə olsa da, komanda üçün dünya çempionatı tamamilə yeni və daha yüksək səviyyəli sınaq olacaq. Ekspertlər hesab edir ki, Kurasao üçün hər xal böyük uğur sayılacaq.

Analitik onların növbəti mərhələyə yüksəlmə ehtimalını cəmi 9 faiz göstərir.

E qrupunun oyun təqvimi belədir:

14 iyun 2026

Almaniya – Kurasao (Hyuston, Texas)

Fil Dişi Sahili – Ekvador (Filadelfiya, Pensilvaniya)

20 iyun 2026

Almaniya – Fil Dişi Sahili (Toronto, Kanada)

Ekvador – Kurasao (Kanzas Siti, Missuri)

25 iyun 2026

Kurasao – Fil Dişi Sahili

Ekvador – Almaniya

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью