DÇ 2026: “Fironlar” “Qırmızı şeytanlar”a qarşı G qrupuna baxış

07.06.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi dünya çempionatının startına 10 gün qalıb. “Futbolpress” yeni rubrikaya başlayır – bu müddətdə qrupları, komandaların mundiallardakı çıxışlar və şansları haqda məqalələr dərc edəcək.

Ötən yazılarımızda A, B, C, D, E və F qrupunu dəyərləndirdik. İndi isə G qrupuna nəzər salaq:

Qrup G
Belçika
İran
Yeni Zelandiya
Misir

Belçika

Qrupun favoriti Belçika “qırmızı şeytanlar” ləqəbini daşıyır. Avropanın nüfuzlu kollektivlərindən sayılan yığma ilk dəfə 1930-cu ildəki dünya çempionatında iştirak edib.

Komandanın mundiallardakı ən yaxşı göstəricisi üçüncü yerdir. “Qırmızı şeytanlar” 2018-ci ildə bu uğura nail olub. 2015-2022-ci illər aralığı yığmanın ən yaxşı dövrü hesab edilir.

Belçika tarixində 15-ci dəfə dünya çempionatında iştirak edəcək. Komanda 2022-ci ildəki mundialda qrupdan çıxa bilməyib. Bu dəfə hədəf uğursuzluğa son qoymaq və azı yarımfinal oynamaqdır.

“Qırmızı şeytanlar”ın heyətinin dəyəri 547.20 milyon avrodur. Dünya çempionatı ölkə futbolununun ulduzlarından Tomas Menye, Kevin de Bruyne, Aksel Vitsel, Romelu Lukaku kimi adların sonuncu mundialıdır. Hazırkı heyətdə ən dəyərli oyunçu “Mançester Siti”də çıxış edən Jeremi Dokudur – 75 milyon avro.

Belçika millisi mundiallarda:
48 oyun, 20 qələbə, 9 heç-heçə, 19 məğlubiyyət.

İran

Asiyanın ən güclü yığmalarından sayılan İran mundial ərəfəsində ən çox gündəm mövzusu oldu. Komandanın regiondakı siaysi durumla bağlı dünya çempionatı iştirakı sual altında idi. Məhz yığma ABŞ ilə olan qalmaqal səbəbindən mundial zamanı bu ölkədə məskunlaşmamağa qərar verib.

İran yığması tarixində yeddinci dəfə dünya çempionatına qatılacaq. Komanda buna qədər qrupdan çıxa bilməyib. Millinin heyətinin dəyəri 32.05 milyon avrodur. Komandanın ən dəyərli oyunçusu “Əl Nəsr”də çıxış edən Mehdi Qayedidir – 4.5 milyon avro.

İran yığması mundiallarda:
18 oyun, 3 qələbə, 4 heç-heçə, 11 məğlubiyyət.

Yeni Zelandiya

Qrupun zəif bəndi Yeni Zelandiyadır. “Ağlar” ləqəbli komanda Okeaniya təmsilçisidir. Yığma tarixində üçüncü dəfə dünya çempionatında iştirak edəcək. “Ağlar” heç vaxt qrupdan çıxa bilməyib. Yeni Zelandiya millisi mundiallarda qələbəsi olmayan kollektivlərdəndir.

Heyətin dəyəri 34.35 milyon avrodur. Komanda üzvlərinin əksəri İngiltərənin müxtəlif çempionatlarında top qovur. Ən dəyərli və tanınmış oyunçu “Nottingem Forest”də çıxış edən hücumçu Kris Vuddur – 5 milyon avro.

Yeni Zelandiya millisi mundiallarda:
6 oyun, 3 heç-heçə, 3 məğlubiyyət.

Misir

Qrupun favoritlərindən biri Belçikadırsa, digəri Misir yığmasıdır. Son dönəmlərdə inkişafda olan “Fironlar” dördüncü dəfə dünya çempionatına qatılacaq.

Misirlə bağlı maraqlı fakt isə buna qədər üç mundialda olmasına baxmayaraq, qələbə qazana bilməməsidir. Digər qeyd edilməli məqam isə Misirin dünya çempionatlarında iştirak edən ilk Afrika komandası olmasıdır – 1934 mundialı.

Millinin heyətinin dəyəri 116.48 milyon avrodur. Komandada Məhəmməd Salah, Omar Marmuş, David Trezeqe kimi tanınmış adlar var.

Misir yığması mundiallarda:
7 oyun, 2 heç-heçə, 5 məğlubiyyət.

Qrupdakı ilk matç “Fironlar”la “Qırmızı şeytanlar” arasında olacaq. Bu görüş birinci turdan qrupun liderinin kimliyinə böyük ölçüdə aydınlıq gətirəcək.

G qrupunun afişası:
15 iyun Belçika – Misir
16 iyun İran – Yeni Zelandiya
21 iyun Belçika – İran
22 iyun Yeni Zelandiya – Misir
27 iyun Misir – İran
27 iyun Yeni Zelandiya – Belçika

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью