DÇ 2026: Maşallah Əhmədovdan günün proqnozu

03.07.2026

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Fikrimcə, dünya çempionatının əsas favoriti Fransadır. Komandanın heyəti çox zəngindir, hər mövqedə yüksək səviyyəli futbolçular var. Bundan əlavə, onların böyük turnirlərdə oynamaq təcrübəsi və sabit çıxışı Fransa millisini çempionluğa ən real namizədlərdən birinə çevirir".
Bu sözləri Sport24.az-a açıqlamasında "Neftçi"nin sabiq futbolçusu Maşallah Əhmədov deyib.
Veteran futbolçu futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin Argentina – Kabo Verde, Kolumbiya – Qana və Avstraliya – Misir qarşılaşmalarından gözləntilərini bölüşüb:
"Kabo-Verde Argentina ilə oyunda möcüzə edə bilərmi? Açığı, buna inanmıram. (Gülür.) Futbolda hər nəticə mümkündür, amma bu qarşılaşmada sürpriz olacağını düşünmürəm. Argentina həm fərdi keyfiyyət, həm də komanda oyunu baxımından rəqibindən qat-qat üstündür. Düşünürəm ki, Argentina bu oyunda ciddi çətinlik yaşamadan qalib gələcək və növbəti mərhələyə vəsiqə qazanacaq.

Kolumbiya – Qana görüşünə gəlincə, mən bu qarşılaşmada Afrika təmsilçisini favorit hesab edirəm. Qana son vaxtlar həm fiziki hazırlığı, həm də sürətli oyunu ilə diqqət çəkir.

Avstraliya – Misir matçı isə daha maraqlı və gərgin keçə bilər. Bununla belə, üstünlüyü Avstraliyaya verirəm. Onların oyun sistemi daha oturuşmuş görünür və komanda nizam-intizam baxımından rəqibindən bir qədər öndədir. Misirin də keyfiyyətli futbolçuları var. Hətta deyə bilərəm ki, müəyyən aspektlərdə rəqibindən daha güclü təsir bağışlayır. Təbii ki, müsəlman olaraq Misirin qələbə qazanmasını istərik. Ancaq futbol emosiyalarla deyil, meydandakı performansla ölçülür. Futbol mütəxəssisi kimi proqnozum odur ki, bu qarşılaşmadan qalib ayrılacaq komanda Avstraliya olacaq".
Qeyd edək ki, Bu axşam saat 22:00-da Avstraliya Misirlə oynayacaq. 4 iyula keçən gecə saat 02:00-da Argentina – Kabo Verde matçı başlayacaq. Nəhayət /16 finalın sonuncu oyunu saat 05:30-da baş tutacaq: Kolumbiya – Qana.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью