DÇ 2026 nın qalibi kim olacaq? Deputatlardan PROQNOZ

15.07.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2026-cı il dünya çempionatı həlledici mərhələyə qədəm qoyub.

Məhz dünən keçirilən ilk yarımfinal qarşılaşmasından sonra finalın ilk iştirakçısı müəyyənləşib. İspaniya millisi Fransanı 2:0 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə dünya çempionatının finalına vəsiqə qazanıb.

Bu gün isə mundialın ikinci finalçısı bəlli olacaq. Mundialın favoritlərindən hesab olunan İngiltərə və Argentina milliləri final uğrunda üz-üzə gələcəklər.

Bu qarşılaşmanın qalibi iyulun 19-da keçiriləcək finalda İspaniyanın rəqibi olacaq, məğlub komanda isə üçüncü yer uğrunda görüşdə Fransa ilə qarşılaşacaq.

Maraqlıdır, DÇ-2026-nın qalibi kim olacaq?

Bununla bağlı “Cebheinfo.az”-a danışan deputatlar fərqli fikirlər səsləndiriblər.

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev İspaniyanın favoritlər sırasında olduğunu qəbul etsə də, futbolda nəticənin əvvəlcədən bilinmədiyini vurğulayıb:

“Mundialda İspaniya ən güclü komandalardan biri hesab olunur və favoritlər sırasında yer alması təsadüfi deyil. Ancaq futbolu gözəl edən də odur ki, kağız üzərində favorit olmaq həmişə çempion olmaq demək deyil.

Mənim şəxsi favoritim və azarkeşlik etdiyim komanda Argentinadır. Arzum budur ki, Argentina dünya çempionu olsun. Ümid edirəm ki, komanda öz ənənəsinə və oyun keyfiyyətinə uyğun çıxış edərək kuboku qazanacaq”.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa qeyd edib ki, İspaniya hazırda turnirin əsas favoritidir:

Bununla belə, deputat İngiltərənin çempion olacağına dair hisslərinin daha güclü olduğunu deyib:

“Əlbəttə, İspaniya bütün hallarda favoritdir. Amma mən daha çox İngiltərənin qalib gəlməsini gözləyirəm. Belə çempionatlarda daha çox liderdən asılı olmayan komanda önə çıxır.

Çünki heç kim yalnız bir futbolçunun qol vurması üçün oynamır. Argentina və Fransanın problemi də bu idi. Messinin, yaxud Mbappenin daha çox qol vurmasına yönələn düşüncə tərzi komandanın oyununda hiss olunur.

İspaniyada isə belə deyil. Orada hamı bərabər oynayır. Hətta Lamin Yamalın bəzi epizodlarda rəqiblərini bir-bir keçməsi bəzən şou xarakteri daşıyır. Amma o da möhtəşəm futbolçudur. Bütün hallarda futbol komanda oyunudur.

İspaniya bunu bacardığı üçün böyük üstünlüyə malikdir. Buna baxmayaraq, mənim intuisiyam daha çox İngiltərənin çempion olacağını deyir”.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə isə bildirib ki, builki dünya çempionatının qalibi kimi İspaniya millisini görür:

“Kubokun budəfəki sahibinin İspaniya olacağını proqnozlaşdırıram”.

Aişə Abdulova
“Cebheinfo.az”

Açar sözlər: dünya çempionatı deputatlar

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью