DÇ 2026: qələbəsizlərin qələbə arzusu B qrupuna baxış

02.06.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi dünya çempionatının startına 10 gün qalıb. “Futbolpress” yeni rubrikaya başlayır – bu müddətdə qrupları, komandaların mundiallardakı çıxışlar və şansları haqda məqalələr dərc edəcək.

Ötən yazımızda A qrupunu dəyərləndirdik. İndi isə B qrupuna nəzər salaq:

Qrup B: Bosniya və Herseqovina, Kanada, Qətər, İsveçrə.

“Əjdahalar” ləqəbli Bosniya və Herseqovina millisi mundiala seçmə mərhələ, daha sonra pley-off yolu ilə gəlib. Həlledici matçda heyətində ulduz futbolçuların olduğu İtaliyanı keçən bosniyalılar üçün dünya çempionatına vəsiqə böyük uğur sayılır. Nəticəni daha gözəlləşdirən isə komandanın tarixində ikinci dəfə mundiala vəsiqə əldə etməsidir.

İlk dəfə 2014-cü ildəki dünya çempionatında iştirak edən “əjdahalar” mübarizəni qrup mərhələsində dayandırmışdı. İndi isə hədəf daha irəli getməkdir. Rəqiblər də münasibdir və bosniyalılar ikinci mundialında növbəti tarixi yaza bilmək potensialındadır.

Komandanın heyətinin dəyəri 152.70 milyon avrodur. İndiki heyətdə tanınmış sima Edin Dzekodur. 40 yaşlı forvard son mundialını unudulmaz etmək arzusundadır.

“Əjdahalar” mundiallarda:
3 oyun, 1 qələbə, 2 məğlubiyyət

Kanada

Turnirə ev sahibi kimi vəsiqə əldə edən amerikalılar qrupun favoritidir. Tarixində üçüncü dəfə mundialda iştirak edəcək “qırmızılar” daha əvvəl 1986 və 2022-ci illərdəki dünya çempionatının əsas mərhələsində olub. Kanada hər iki mundialda qrupda qalıb. Komanda üçün əsas diqqət çəkən məqam isə millinin mundiallarda qələbəsizliyidir. Ev sahibi kimi əsas hədəf isə azı pley-off oynamaq olacaq.

“Qırmızılar”ın heyətinin dəyəri 203.5 milyon avrodur. Komandada Alfonso Deyvis (“Bavariya”), Conatan Devid (“Yuventus”) kimi tanınmış adlar var.

Kanada yığması mundiallarda:
6 oyun, 6 məğlubiyyət.

Qətər

Qrupun ən zəif bəndi Qətər yığmasıdır. Asiya seçmə mərhələlərindən mundiala vəsiqə əldə edən “bordo rənglilər” tarixində ikinci dəfə dünya çempionatının əsas mərhələsində iştirak edəcək. Komanda sonuncu – 2022-ci ildə baş tutan mundialda ev sahibi kimi oynamış və qrupda qalmışdı.

Tək qrupun deyil, ümumiyyətlə, dünya çempionatında iştirak edəcək kollektivlər arasında ən aşağı dəyərə malik heyət məhz Qətərdədir – 20 milyon avro. Komandada ulduz futbolçu yoxdur. Heç-heçə belə qətərlilər üçün tarixin yazılması sayılacaq.

Qətər mundiallarda:
3 oyun, 3 məğlubiyyət.

İsveçrə

Qrupun əsas favoriti İsveçrə yığmasıdır. “Nati”lər (red-Almancada milli komanda deməkdir) tarixində 13-cü dəfə mundialın əsas mərhələsində iştirak edəcək. Qrupda ən iddialı kollektiv sayılan “qırmızı-qağlar”ın ən yaxşı nəticəsi üç dəfə 1/4 finala yüksəlməsidir. Lakin sonuncu belə uğur 1954-cü ilə təsadüf edib. Son illərdə Avropa futbolunda inkişafda olan yığmalardan sayılan İsveçrənin bu dəfə də azı 1/8 final oynayacağı ehtimal edilir. Avropa təmsilçisi son altı mundialında məhz bunu bacarıb.

Komandanın heyətinin dəyəri 333.60 milyon avrodur. “Nati”lərin heyətində Qranit Caka (“Sanderlend”), Qreqori Kobel (“Borussiya”), Yohan Manzambi (“Frayburq”), Dan Ndoye (“Nottingem Forest”) kimi tanınmış adlar var.

İsveçrənin mundiallardakı nəticələri:
41 oyun, 14 qələbə, 8 heç-heçə, 19 məğlubiyyət.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью