Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.
DÇ-2026 üçün bilet sifarişlərində tarixi rekord qeydə alınıb. Bu haqda Canni İnfantino məlumat verib.
"Football-plus.az" xəbər verir ki, FİFA-nın prezidenti bu il ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək dünya çempionatı ilə bağlı diqqətçəkən statistika açıqlayıb. Onun sözlərinə görə, turnirin qrup mərhələsinin oyunları üçün biletlərə maraq misli görünməmiş səviyyəyə çatıb.
Yanvarın 25-nə olan məlumata görə, FİFA-ya 500 milyondan çox sifariş daxil olub. İnfantino marağın miqyasını belə şərh edib: “İlk 15 gün ərzində dünyanın müxtəlif ölkələrindən bilet almaq üçün 150 milyon müraciət qəbul etmişdik. Satışdan əvvəlki mərhələdə hər gün orta hesabla 10 milyon sorğu qeydə alınıb. Son məlumata görə isə sifarişlərin sayı yarım milyardı ötüb. Bu baxımdan ən fəal ölkələr ABŞ, Almaniya və Böyük Britaniyadı”.
Yeri gəlmişkən, Kanada hökuməti dünya çempionatının oyunlarını izləmək istəyən azarkeşlərin viza müraciətlərini daha ciddi şəkildə yoxlamaq qərarına gəlib. Bu barədə “The Globe and Mail” qəzeti ölkənin Miqrasiya, Qaçqınlar və Vətəndaşlıq Nazirliyinin rəsmilərinə istinadla məlumat yayıb. Məlumata görə, xüsusi tədbir turnir zamanı sığınacaq üçün müraciətlərin artmasının qarşısını almağa yönəlib. Nazirlik futbol azarkeşlərinin müraciətlərini xüsusilə diqqətlə qiymətləndirir. Hətta oyun bileti sahibi olmaq vizanın verilməsini və ya ölkəyə maneəsiz girişi təmin etmir. Viza rəddinin əsas səbəbi kimi turistin turnir sona çatdıqdan sonra ölkəsinə qayıdacağına şübhə duyması göstərilə bilər.
Miqrasiya, Qaçqınlar və Vətəndaşlıq Nazirliyinin rəsmi nümayəndəsi İzabel Dübua bu haqda belə bildirib: “Nazirliyimiz FİFA-nın tədbirləri ilə bağlı sığınacaq üçün mümkün müraciətləri diqqətlə izləyəcək. Belə tədbirlər, o cümlədən dünya çempionatları sığınacaq üçün yol hesab edilə bilməz”.