Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün dünya çempionatına start veriləcək. Sayca 23-cü olacaq mundiala ABŞ, Meksika və Kanada ev sahibliyi edəcək.
1930-cu ildən etibarən dörd ildən bir keçirilən dünya çempionatları bu günə qədər cəmi iki dəfə baş tutmayıb: 1942 və 1946-cı illərdə II Dünya Müharibəsi səbəbindən təşkil olunmayıb.
Dünya çempionatlarının ilk qalibi Uruqvaydır. 1930-cu ildə cənubi amerikalıların ev sahibliyi etdiyi mundialda cəmi 13 komanda iştirak edib.
Ev sahibi Uruqvayla yanaşı, Argentina, ABŞ, Çili, Braziliya, Meksika, Paraqvay, Peru və Boliviya, Avropadan isə Fransa, Belçika, Yuqoslaviya, Rumıniya. Avropanın digər ölkələri isə 20-25 günlük gəmi səyahətinin yorucu olacağını düşünərək, mundialda iştirakdan imtina edib.
Dünya çempionatları tarixində ilk qolun müəllifi fransalı Lüsyen Lorendir. O, Meksika ilə matçda fərqlənməklə adını tarixə yazdırıb.
Birinci dünya çempionatı ilə maraqlı bir fakt isə toplarla bağlıdır. Finalçılar oyundan öncə öz topları ilə oynamaq istəyib. Bu səbəbdən həlledici görüşdə birinci hissədə Argentinanın, ikincidə isə Uruqvayın topundan istifadə edilib.
Birinci mundialın digər maraqlı məqamı Rumıniya ilə bağlıdır. Avropa təmsilçisinin heyəti həmin vaxtda kral II Kerol tərəfindən formalaşdırıb. O, bəzi oyunçuların iş yerlərindən icazələrin alınmasına da yardımçı olub.
İlk dünya çempionatında 18 matç baş tutub. Finalda Uruqvay və Argentina üz-üzə gəlib. 6 qolun vurulduğu matç Uruqvayın qələbəsiylə başa çatıb – 4:2.
Mundiallar tarixində həm ev sahibi, həm də çempion olan cəmi 6 ölkə var. Bunlar Uruqvay, İngiltərə, Qərbi Almaniya, Fransa, Argentina və İtaliyadır.
Bu gün start götürəcək dünya çempionatı ilk dəfə üç fərqli ölkədə baş tutacaq. Açılış oyunu 23:00-da Mexikoda olacaq. Ev sahiblərindən Meksika Cənubi Afrika Respublikası ilə üz-üzə gələcək.
Şahin Cəfərov