Dəbdəbəli ad günü, bahalı avtomobillər: 23 yaşlı hamlet800 kimdir?

29.07.2026

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"TikTok" sosial şəbəkəsində "hamlet800" adı ilə tanınan 23 yaşlı Hamlet Vəlizadənin təşkil etdiyi dəbdəbəli doğum günü mərasimi sosial şəbəkələrdə geniş rezonans doğurub.

Bakıvaxtı.az xəbər verir ki, mərasimdə tanınmış "TikTok" fenomenlərinin iştirakı və nümayiş etdirilən bahalı həyat tərzi istifadəçilər arasında ciddi suallar yaradıb.

İctimaiyyəti düşündürən əsas məqam isə gənc yaşda olduğu bildirilən Hamlet Vəlizadənin adına bağlanan biznes fəaliyyəti və maddi imkanların mənbəyidir. Sosial şəbəkələrdə onun restoran biznesi, avtomobil alqı-satqısı fəaliyyəti və digər kommersiya layihələri ilə əlaqəli olduğu iddia olunur. Lakin bu fəaliyyətlərin hüquqi statusu, sahiblik strukturu və maliyyə mənbələri barədə indiyədək hər hansı rəsmi açıqlama verilməyib.

Əldə etdiyimiz məlumata görə, Hamlet Vəlizadənin atası "elmeddin800" ləqəbi ilə tanınan Elməddin Vəliyevdir. Bildirilir ki, o, uzun illərdir avtomobil alqı-satqısı sahəsində fəaliyyət göstərir və bir neçə ictimai iaşə obyektinə sahibdir. Bu səbəbdən sosial şəbəkələrdə səsləndirilən ehtimallardan biri də Hamlet Vəlizadənin təqdim olunan bizneslərinin ailə biznesi ilə əlaqəli ola biləcəyidir.

Müzakirələrə səbəb olan digər məqam isə doğum günündə iştirak edən qonaqlardır. Tədbirdə "TikTok"un məşhur simalarının yer aldığı görünür. Onların arasında "Velizar" ləqəbi ilə tanınan Salman Məmmədov da olub.

Xatırladaq ki, Salman Məmmədov bu ilin fevral ayında hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi ilə bağlı maddəsi üzrə inzibati protokol tərtib edilmiş, məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilmişdi.

Bundan əlavə, son günlər "Velizar"ın "TikTok" üzərindən açdığı canlı yayımları da müzakirə mövzusuna çevrilib. Sosial şəbəkələrdə həmin yayımları eyni anda 80 minə yaxın istifadəçinin izlədiyi iddia olunur. Bu rəqəmlərin həqiqiliyi, auditoriyanın formalaşma mexanizmi və platformada izləyici statistikalarının etibarlılığı barədə müxtəlif suallar səsləndirilir.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Murad İsmayıl

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью