525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fazil Mustafa, millət vəkili:
- Bu gün Ekspo Sərgi mərkəzində hər şey gözəl idi. Çünki Kitab sərgidi vardı. Çoxlu kitab aldım. Çox sayda kitabsevərlə, müəlliflə tanış oldum, şəkillər çəkdirdik. Yayım evləri böyük ümidlərlə bu sərgiyə gəlmişdilər. Necə olsa, yeni məhsulları ilə tanışlıq fürsəti yaranır. Üzücü olan bir məqam vardı. Demək, dövlətimiz kitab çapına ƏDV-ni sıfırlayır, Mədəniyyət Nazirliyi şərait yaradır ki, az məsrəflə kitabsatanlar öz məhsullarını satışa çıxarsınlar, o tərəfdən də "Azparkinq" gəlib şlaqbaumunu qoyub park edilən avtomobillərə görə gələndən-gedəndən pul yığır. Bir nəşriyyatın 5 maşını varsa, axşam parkda dayanmağa görə ən azı 30 AZN ödəməlidir. Hələ uşaqları bura gətirən avtomobillərin bəzilərinin parkinq puluna görə geri qayıtdığını görürəm. Kimsə görünür, anlada bilməyib ki, elə sahələr var ki, oradan mənfəət götürməzlər, əksinə, pul xərcləyərlər ki, adamlar rahatca gəlib kitab alsınlar. Bütün nəşriyyatların təmsilçilər məni görən kimi dərhal bu gileyi çatdırırdılar. Müvafiq qurumlar bu barədə düşünməlidirlər və kitabın nə qədər böyük dəyər olduğunu birilərinə anlatmalıdırlar.
lll
- Bişkekdə hamı Şakiranın stadiondakı konsertinə indekslənib. Hər yerdə şəkillləri, reklamları göz dağlayır. Bütün hotellər dolmuş, uzaq-uzaq yerlərdən qazax, tacik və özbək gəncləri bu konsertə bilet almış. Söyləntiyə görə, 51 min nəfərlik stadiona biletlər tükənmiş. Bütün Türküstan xoşbəxtliyin dadını çıxarır. Biz də türk birliyini inkişaf etdirməyə gəlmişik. Şakiranın ata-baba yurdumuza gətirdiyi xoşbəxtlik deyəsən, daha çox hiss olunmaqdadır. Yəni nəsil dəyişimi və qloballaşma öz sözünü deyir.
Zülfiyyə Qurbanova, jurnalist:
- Çin hökuməti İnternetdə dəbdəbəli həyat tərzi nümayiş etdirərək lovğalanmağı qadağan edib. Qanun qüvvəyə mindiyi andan bir gecənin içində 100 milyonlarla təqibçisi olan blogerlər yoxa çıxıb.
Natiq Cəfərli, iqtisadçı ekspert:
- Mənə çox maraqlıdır, yəqin ki, bir zaman kimlərsə TƏBİB-in yaradılması üçün təkliflər veriblər, bu işin, yaxşı mənada, lobbiçiliyini qurublar. İndi isə TƏBİB ləğv edilir, yenidən bütün səlahiyyətlər Səhiyyə Nazirliyinə verilir (əslində doğru olan da budur - istənilən sahə bir mərkəzdən, eyni məntiqlə idarə olunmalıdır).
Yaxşı, indi həmin lobbiçilər yanlış və effektsiz təklifə (elə olmasaydı, indi ləğv edilməzdi) görə məsuliyyət daşıyırlarmı?! Yeni qurumun yaranması üçün israf olunan büdcə pullarının hesabatını verə bilərlərmi?! 2018-ci ildən bəri xərclənən vəsaitin (inzibati xərcləri deyirəm) miqdarı nə qədər olub?! Həmin xərclərə bu 8 ildə neçə yeni xəstəxana tikmək, neçə yeni həkimi işə götürmək olardı?!
Ölkədə qərar verilməsi üçün müxtəlif təqdimat edənlərin səlahiyyəti ilə yanaşı, məsuliyyətləri də mütləq olmalıdır.
Bir gün yol infrastrukturu, nəqliyyatla məşğul olan müxtəlif qurumlar da eyni ilə bir mərkəzdə birləşdiriləcək - təmərküzləşmə, idarəetmənin effektivliyinin artırılması üçün bu addımlar atılacaq.
Son illərdə həddən artıq sıx tənzimləmə üçün yaradılmış mənasız qurumlar, agentliklər də ləğv ediləcək - iqtisadi azadlıqların genişlənməsi, iqtisadi böyümənin qarşısında olan əngəllərin götürülməsi üçün bu çox vacibdir.
Məti Osmanoğlu, yazıçı:
- Napoleon Bonopartın baş mühafizəçisi Rüstəm Rza azərbaycanlı olub. Avropanın bütün böyük saraylarında Napoleonun yanında görünən bu adam Fransa imperiyasının simvollarından birinə çevrilmişdi. Fransız diplomat Qamba 1826-cı ildə Parisdə nəşr etdiriyi səyahətnaməsində yazır: "Bonapartın məşhur məmlükü Rüstəm Qarabağda doğulmuşdu. O, iranlıların sonuncu yürüşü (1795 Ağa Məhəmməd Şah yürüşü) zamanı əsir götürülərək qaçırılmış, sonradan türklərə satılmış və Misirə göndərilmişdi ki, orada da ümumiyyətlə Qafqazdan və həmsərhəd əyalətlərdən gələn əsirlərdən formalaşan Məmlüklərin sırasına daxil olmuşdu"...
Rəbiyyə Zərdabi, araşdırmaçı:
- 105 yaşlı yapon həkimdən şok açıqlama. İdmana və qaçmağa vaxt ayırmayın... Bu, sizə heç bir kömək etmir... Ürəyin öz qanunları var... dayanmaq istəyəndə dayanacaq.
Qızardılmış heç nə yeməyin fikri də tam yalan... Yağınız keyfiyyətli olduqdan sonra yeyə bilərsiniz.
Suda bişmiş yumurtanın heç bir ziyanı yoxdur. Gündə 5 yumurta yeyə bilərsiniz.
Yuxu sağlamlıqdır... Ən xeyirlisi yuxunuz gələndə yatmaqdır... Beyniniz yatır.
Şərab və viski içə bilərsiniz. Meyvələrdən alınan hər içki xeyirlidir.
Fəlsəfəm
Acılı heç bir şey yeməyin.
Gülün və gülümsəyin.
Kitab oxuyun.
Dostlarınızla görüşüb qırmızı şərab için.
Bahar Muradova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri:
- Hazırda AZTV-də "Qəm pəncərəsi" filminə baxıram. Düzünü desəm, bu film indiyədək mənə heç vaxt bu qədər düşündürücü və bu qədər ağrılı təsir bağışlamamışdı. Bəlkə də əvvəllər onun zaman keçdikcə daha fərqli məna qazanacağını, ayrı-ayrı səhnələrinin illər sonra belə insanın qəlbinə toxunacağını, bu qədər aktual səslənəcəyini düşünməmişdim...
Həyat bəzən sənət əsərlərinin gizli qatlarını bizə yalnız zaman keçdikdən sonra açır. Bu gün həmin filmə baxarkən təkcə keçmişin ağrılarını deyil, xalqımızın taleyində iz qoymuş sınaqları, doğma torpağa bağlılığın, milli yaddaşın, mənəvi dəyərlərin və dövlətçiliyin nə qədər böyük əhəmiyyət daşıdığını bir daha dərindən hiss edirsən.
Bu gün yaşadığımız hadisələr, bölgəmizdə və dünyada baş verən mürəkkəb proseslər bir həqiqəti daha aydın göstərir: dövlətin varlığı, müstəqilliyin qorunması, milli birliyin və sabitliyin təmin edilməsi heç vaxt öz-özünə qazanılan və əbədi olaraq təmin edilmiş nemətlər deyil. Bunlar böyük tarixi mübarizənin, xalqın iradəsinin, müdrik siyasətin və hər birimizin məsuliyyətinin nəticəsidir.
Bu gün müstəqil, suveren, öz taleyini özü müəyyən edən, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycanın vətəndaşı olmaq qürurvericidir. Tariximizin acı səhifələrindən çıxardığımız dərslər bizə bir daha xatırladır ki, güclü dövlət yalnız bu günümüzün deyil, həm də gələcəyimizin, övladlarımızın təhlükəsizliyinin, milli kimliyimizin və mənəvi dəyərlərimizin təminatıdır.
Bəlkə də "Qəm pəncərəsi"nə bu gün baxmaq məhz buna görə daha ağrılıdır. Çünki artıq keçmişə yalnız yaşanmış hadisələr kimi deyil, bugünkü reallıqlarımızın işığında, qazandığımızın qədrini daha dərindən anlayaraq baxırıq.
Dövlətimizin varlığına, müstəqilliyimizə, xalqımızın birliyinə və sabitliyimizə güvənməli olduğumuzu bir daha dərk edirik.
Dövlətimiz var olsun, Azərbaycanımız daim müstəqil, güclü və firavan olsun!
Dilqəm Əhməd, jurnalist:
- Türkiyədə təriqət zehniyyəti.
Onların tək məqsədi Mustafa Kamal paşanın qəhrəmanlıqlarını unutdurmaqdır.
İzmir dua ilə qurtulub deyir, Atatürkə də "bilməm kim" deyir.
Cübbəli Əhməd hələ məsləkdaşları arasında dövlətçi sayılanıdır.
Eyni zehniyyəti başqa kimlər deyirdi? Xamneyi fitvası ilə Qarabağı qurtardı deyənlər.
Sanki bizim qəhrəman zabit və əsgərlərimiz olmayıb.
Sanki İzmir üçün savaşan qurtuluşçular olmayıb.
Atatürk üstün anlayış kimi mədəniyyət deyirdi. Böyük Hüseyn Cavid də onu deyirdi.
Atatürklərin, Cavidlərin yolu ilə getməlidir Türk Dünyası. Nəinki bu qaranlıq, hara işlədiyi bəlli olmayan güruhların.
İradə Tuncay, Əməkdar jurnalist:
- Yeni qayıtmışam Parisdən, Avropadan... Yəni bizim düşündüyümüz, anladığımız nağıl şəhərdimi??? Yox, qətiyyən... Qara günlü qaralar... Küçədə yatırlar, qış vaxtlarında metronun isti hava vuran yerlərində qızınırlar... Amma özləri də başqa cür istəmir - verilən evlərdə qalmaq istəmirlər... Bu da bir cür azadlıqdı onlara görə... Görünür, vətənlərində çox əzab görürlər ki, belə həyatı seçirlər... Və sonra da od vurub yandırırlar şəhəri... Şəhərdən intiqam alırlar... Vaxtilə krallar tikib bu şəhəri, gözəllik yaradıb... Yeni dövrdə yeni şəraitə uyğunlaşa bilmir qaragünlər...
Sahib Məmmədov, ictimai-siyasi xadim:
- Parisdə (Fransada) nə baş verir?
Cavab tapmaq üçün gedin təzədən Viktor Hüqonun "Səfillər" romanını oxuyun. Fransa həmişə belə olub və olacaq. 1832-ci il iyun üsyanında da aparıcı qüvvə tələbələr, şagirdlər idi. Bir də Qavroş kimi səfil küçə uşaqları. İndi də xeyli qavroş var üsyançılar arasıda.
Asif Nərimanlı, jurnalist:
- Ərdoğanın Əliyevə zəngi Türkiyə-Azərbaycan xəttindəki gərginlik fonunda hadisələrin axınını müəyyənləşdirəcək hadisədir.
Tərəflərin telefon söhbəti ilə bağlı yaydığı rəsmi məlumatın eyni olması münasibətlərin gələcəyi ilə bağlı ortaq mövqe sərgilənməsi baxımından mühüm məqamlardan hesab oluna bilər. Ərdoğan da, Əliyev də Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişaf edəcəyi sözləri ilə vahid mövqedən çıxış ediblər.
Məlumatda qeyd olunmasa da, liderlərin iki ölkə arasındakı son gərginliyi müzakirə etdiyi bəllidir. Və telefon zəngi ilə bağlı rəsmi mətn ortaq mövqenin tapıldığını deməyə əsas verir.
Telefon zəngində iki məqam xüsusilə əhəmiyyətlidir.
Birincisi, Bakıda bu zəngin gözlənilməsidir.
İki ölkə arasındakı gərginlik Türkiyədə hakimiyyət nümayəndlərinin də iştirakı ilə Azərbaycana qarşı genişmiqyaslı kampaniyanın aparılmasından qaynaqlanır. Bakı üçün bu prosesdə Ankaradan birinci şəxs istisna olmaqla, istənilən səviyyəli təmaslar həlledici ola bilməzdi. Çünki informasiya hücumları ilk deyil, Azərbaycan isə son qoyulmasını istəyir və bunun olmayacağı təminatını yalnız Ərdoğan verə bilər.
İkincisi, Ərdoğanın Əliyevi Türk Dövlətləri Təşkilatının Ankarada keçiriləcək 13-cü Zirvə Görüşünə dəvət etməsidir.
Ankarada keçiriləcək Zirvədə TDT-yə sədrlik Azərbaycandan Türkiyəyə keçəcək. Baş verənlər isə təkcə Bakı-Ankara xəttində yox, TDT daxilində və təşkilatın gələcək strategiyasında ciddi risklər yaradır. Gərginliyin aradan qalxması bu baxımdan vacibdir.
Türkiyədə Azərbaycana qarşı infohücumlar dayanacaqmı?
Əsas sual budur. Ərdoğanın zəng etməsi ilə prosesin dayanacağı, ən azı səngiyəcəyi gözləniləndir, lakin tamamilə həll ediləcəyi ehtimalı hələ də zəif görünür.
1. Fikir ayrılığının təməl səbəblərindən biri dünyəvi modellə dini-ideoloji yanaşmanın toqquşmasıdır və Ankaranın rəsmi dairələrində Bakı ilə münasibətlərə bu kontekstdə baxanlar var;
2. Azərbaycana qarşı informasiya hücumları, təzyiq cəhdləri uzun müddətdir davam edir, son hadisələr burada motiv rolunu oynadı: bu, ziddiyyətlərin görünəndən daha dərin olduğu deməkdir.
Bu amillər problemin tam həll edildiyini deməyi çətinləşdirir. Bundan sonra münasibətlərin gələcəyini daha çox Türkiyə rəhbərliyinin yanaşması müəyyənləşdirəcək. Bakının mövqeyi isə açıqdır: Azərbaycanın dünyəvi dövlət quruluşuna, daxili məsələlərinə və müstəqil siyasətinə müdaxilə qəbuledilməzdir.
Əslində son gərginliyin ən mühüm nəticəsi bu oldu. İndiyə qədər Türkiyədən olan hücumlar Azərbaycanda loyallıqla qarşılanır, problemin diplomatik və ictimai kanallarla həll edilməsi xətti izlənilirdi. Çünki Azərbaycan Türkiyəyə yanaşmada hər zaman qardaşlıq münasibətlərinə əsaslanıb. Son müdaxilə cəhdlərində isə Bakı sərt mövqe izləməklə "qırmızı xətləri"ni müəyənləşdirdi.