Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Klassik aşıq sənətinin görkəmli nümayəndəsi Dədə Ələsgərin irsinin yaşadılması və gələcək nəsillərə çatdırılması istiqamətində layihələr çərçivəsində dünən “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin yeni ofisinin açılışı olub. İştirakçılar əvvəlcə Bakı şəhərində ucaldılan Aşıq Ələsgər abidəsini ziyarət edərək heykəlin önünə əklil qoyub, ustad sənətkarın xatirəsini ehtiramla yad ediblər.
“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin Bülbül prospekti - 30 ünvanında yerləşən ofisinin açılış mərasimində qurumun sədri Xətai Ələsgərli, idarə heyətinin üzvü, “Dədə Ələsgər İrsinin Tədqiqi və Təbliği” Mərkəzinin sədri Abbas Bağırov, Səhiyyə Nazirliyinin baş epidemioloqu, professor İbadulla Ağayev Aşıq Ələsgər irsinin qorunub saxlanılmasının, tədqiqinin və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini vurğuladılar. Bildirildi ki, ofis birliyin fəaliyyətini genişləndirməkdə önəmli rol oynayacaq.
“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli XQ-yə açıqlamasında bildirdi:
- Bu gün biz “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin yeni ofisinin açılışı münasibətilə bir araya gəlmişik. Eyni zamanda, 30 sentyabr – Aşıq Ələsgərin Bakı şəhərində abidəsinin ucaldılması ilə bağlı əlamətdar günü də qeyd edirik.
Abidənin açılışı 2024-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə keçirilib. Biz hər il bu əlamətdar günü qeyd edir, Aşıq Ələsgər irsinə ehtiramımızı bildiririk. Bu il isə həmin tarix “Dədə Ələsgər Ocağı”nın yeni ofisinin açılışı ilə üst-üstə düşdü. Mən abidənin açılışı zamanı dövlət başçımıza təşkilatımız üçün ofis ayrılması ilə bağlı xahiş etmişdim. Göstərdiyi köməyə görə ölkə rəhbərinə minnətdarlığımı bildirmək istəyirəm.
Aşıq Ələsgər irsinin, xüsusilə gənc nəslin tərbiyəsində, onların dünyagörüşünün və şəxsiyyət kimi formalaşmasında çox böyük əhəmiyyəti var. Ələsgər Dədə Qorquddan üzü bəri gələn “dədəlik” missiyasını sazı və sözü ilə yaşadıb.
O dövrdə müxtəlif ideoloji və ictimai çətinliklərə baxmayaraq, haqq aşıqları xalqın sözünü deyirdilər. Ələsgər də məhz haqqın, ədalətin, mənəviyyatın carçısı kimi çıxış edib. O, saz vasitəsilə el məclislərində insanlara doğru yolu, haqqı və ədaləti çatdırıb.
Bu gün Ələsgər irsi, bütövlükdə, Türk dünyası üçün böyük mənəvi və mədəni dəyər daşıyır. Artıq bunun real nümunələrini də görürük. Türk dövlətlərindən bizə dəvətlər gəlir. 3 ay əvvəl Özbəkistanda keçirilən məclisdə iştirak etdik. Bu ölkədən 2 yeni dəvət də almışıq. Bu marağın səbəbi Dədə Ələsgər irsinin zəngiliyi və onun poeziyasına olan sevgidir.
Ləman TƏHMƏZ
XQ