“Dəfələrlə AFFA ya müraciət etmişik, bildirmişik ki, bu, lazımsız liqadır”

21.09.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Şamaxı”nın əvəzedici komandası çempionatda 4 turdan sonra 1 xalla 12 kollektiv arasında sonuncudur.

Klubun İdarə heyətinin sədri Elçin Usub “Futbolpress.az“a açıqlamasında uğursuz nəticələrin səbəbindən danışdı. O, Əvəzedicilər Liqasının keçirilməsinə qarşı olduğunu və liqanın onlar üçün prioritet olmadığını bildirdi:

“Əvəzedicilər Liqası bizim üçün prioritet deyil. Ümumiyyətlə, bu çempionatın mahiyyəti nədən ibarətdir? Klublar Komitəsində bu məsələ dəfələrlə müzakirə olunub. Dəfələrlə AFFA-ya müraciət etmişik, bildirmişik ki, bu, lazımsız liqadır. Əvəzinə, aşağı liqalara daha ciddi dəstək lazımdır.

Əvəzedicilər “Şamaxı” klubu üçün birmənalı şəkildə prioritet deyil. Məhdud resurslarımız var, bizim kimi kiçik klubların vəsaiti ora yönəltməsinin mənası yoxdur.

Bizim ekosistemdə yerimiz fərqlidir. Məsələn, “Neftçi”nin futbolçusu Rüfət Abbasov əvəzedicilərdən əsas komandaya yüksəldi, amma sonra nə oldu? Biz götürdük, oynadı və yenidən “Neftçi”yə qayıtdı. Kiçik klublardan gözləntilər böyükdür. Bizim də öz siyasətimiz var. Təbii ki, könül istəyər ki, yaxşı baza, şərait olsun. Şamaxı stadionunda 8 aşağı yaş qrupu və əsas komanda məşq edir. Belə bir şəraitdə, əvəzedicilərə də resurs tapmaq çətindir, bizim prioritetimiz deyil”.

“Şamaxı”nın əsas komandası Premyer Liqada 9 xalla 6-cı sıradadır.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью