Dəhliz diplomatiyası və Azərbaycanın orta gücə keçidi

31.10.2026

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyinin son 20 ildə dəyişməsini izah edən ən güclü analitik xətt nə enerji resursları, nə hərbi qüdrət, nə də institusional üzvlüklərdir. Bu, dəhliz diplomatiyasıdır.

Rəsmi Bakının dəhliz siyasəti coğrafi mövqeyi danışıqlar rıçağına, danışıqlar rıçağını isə beynəlxalq statusa çevirən əsas mexanizmdir. Politoloji ədəbiyyatda orta güc kateqoriyası ənənəvi olaraq resurs gücündən daha çox funksional rola – konkret sahələrdə ixtisaslaşmış “niş” diplomatiyasına, koalisiya qurma qabiliyyətinə, gündəm formalaşdırmağa və böhran zonalarında vasitəçilik potensialına söykənir. Azərbaycanın son 5 ildəki siyasi marafonu məhz bu tərifə uyğunlaşır: kiçik dövlət ölçülərinə malik aktor təhlükəsizlik və tranzit sahələrində qeyri-mütənasib dərəcədə böyük funksional çəki qazanır.

Dəhliz diplomatiyasında birinci səviyyə maddi əsasdır və onun arxitekturası uzunmüddətli planlaşdırmanın nəticəsidir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və onun tərkib hissələri, 2017-ci ilin oktyabrında istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu və Ələtdəki Bakı limanı Azərbaycanı Şimal marşrutundan və İrandan asılı tranzit sxemlərindən çıxararaq, Şərq-Qərb oxunda müstəqil qovşağa çevirməkdədir. Bu layihələrin diqqətəlayiq xüsusiyyəti ondadır ki, onların maliyyələşdirilməsi və inşası böyük ölçüdə məhz Azərbaycan dövlətinin öz hesabına həyata keçirilib. Çin kimi qlobal aktor “Bir kəmər, bir yol” təşəbbüsünə ritorik dəstəyə baxmayaraq, bu infrastrukturlarda praktiki olaraq iştirak etməyib.

İkinci səviyyə rəqəmsal-təşkilati səviyyədir və burada son illər keyfiyyət sıçrayışı görünür. Orta Dəhlizin yük həcmi 2021-ci ildə cəmi 586 min ton idisə, 2023-cü ildə 2,76 milyon tona çatıb.

Üçüncü səviyyə Zəngəzur və onun 2025-ci ildəki hüquqi təcəssümü olan “TRIPP” formatı dəhliz diplomatiyasının orta gücə keçiddəki rolunu aydın göstərən amildir. İran bu layihəni açıq şəkildə “qırmızı xətt” elan etdi, Hindistan isə özünün Şimal-Cənub Nəqliyyat Dəhlizi prioritetini qoruyaraq Zəngəzuru strateji rəqib kimi qiymətləndirmişdir. Yəni bir nəqliyyat marşrutu ətrafında neoimperial maraqların kəsişdiyi, regional güc balansının yenidən formalaşdığı strateji platforma yaranıb və Azərbaycan bu platformada regional əməkdaşlıq və sabitlik mexanizmlərinin təşəbbüskarı və təşkilatçısı kimi çıxış edir. 2025-ci ilin avqustunda ABŞ Prezidentinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan rəhbərləri Birgə Bəyannamə imzalamaqla yanaşı, “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” adlı yeni formatın yaradılması barədə razılığa gəldilər. Qərb liderləri və Ermənistan hökuməti bunu regionda Rusiyanın təsirinin zəiflədiyi bir şəraitdə Avropa-Asiya əlaqələri üçün mühüm addım kimi qiymətləndirdilər.

***

Konseptual səviyyədə mənzərə daha maraqlıdır, çünki dəhliz diplomatiyası Azərbaycanın xarici siyasət doktrinasını yenidən təyin etməsinə imkan verib. Akademik ədəbiyyat bu modeli təsvir etmək üçün iki fərqli, lakin bir-birini tamamlayan çərçivə təklif edir. Birinci çərçivə “Kiçik dövlət, böyük strateji manevrlər” konsepsiyasıdır: Azərbaycanın xarici siyasəti enerji və tranzit diplomatiyasına, münaqişə təcrübəsinə və çevik balanslaşdırma strategiyalarına söykənir. BTC, TANAP, Cənub Qaz Dəhlizi və Orta Dəhliz kimi layihələr ölkənin regional və qlobal təsirini artırır, diplomatik mövqeyini gücləndirir; münaqişədən sonrakı dövrdə yeni tranzit marşrutları Azərbaycanı regional inteqrasiyanın təşəbbüskarı və balanslaşdırıcı aktor kimi formalaşdırır. İkinci çərçivə isə strateji muxtariyyət anlayışıdır: 2020-ci ildən sonra qurulan yeni doktrina böyük güclərlə praqmatik və qarşılıqlı maraq əsaslı münasibətləri, geopolitik asılılıqdan qaçmağı nəzərdə tutur. Azərbaycanı “geosiyasi konnektor” – strateji mövqeyi və qarşı duran bloklarla diplomatik əlaqələri sayəsində “ağırlığından artıq təsir göstərə bilən” aktor kimi təsvir edir. Hər 2 çərçivə eyni nəticəyə gəlir: dəhliz siyasəti Bakının beynəlxalq siyasətdə obyektdən subyektə çevrilməsinin əsas kanalıdır.

Dəhliz diplomatiyasının orta gücə keçid funksiyasını yerinə yetirməsi üçün bir neçə şərt yerinə yetirilməlidir və məhz bu şərtlər strategiyanın həssas tərəflərini açır. Birincisi, dəhliz layihələri hələ iqtisadi diversifikasiyanı əvəz etmir: Azərbaycanın ixrac strukturunda mineral ehtiyatların dominantlığı davam edir və tranzit gəlirləri neft-qaz ixracının yaratdığı büdcə bazasını əvəz edəcək həcmə çatmayıb. İkincisi, Zəngəzur məsələsi sülh prosesi ilə sıx bağlıdır: dəhlizin reallaşması üçün Ermənistanla sülh sazişinin tamhüquqlu müqaviləyə çevrilməsi, 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatla öhdəliklərin yerinə yetirilməsi və nəqliyyat əlaqələrinin açılması tələb olunur. Bunun baş tutmaması regional gərginliyin yenidən alovlanması və hər 2 ölkənin, eləcə də qonşuların iqtisadiyyatına zərər riskini doğurur. Üçüncüsü, İran və Hindistan kimi regional aktorların rəqabəti, Çin təşəbbüsləri ilə uyğunluq məsələləri və Rusiyanın təsirinin zəifləməsi fonunda yaranan boşluğun necə doldurulacağı açıq suallardır.

Yekun olaraq, Azərbaycanın dəhliz diplomatiyasını orta gücə keçidinin mühərriki adlandırmaq üçün əsaslı səbəblər var. Coğrafiya təkbaşına heç bir dövlətə status vermir, status coğrafiyanın institusional formaya salınmasından doğur. Bakının etdiyi iş məhz budur: Xəzər qovşağını liman, dəmir yolu, kəmər və müqavilə şəbəkəsinə çevirməklə o, öz ərazisini beynəlxalq sistemdə əvəzedilməz, lakin, eyni zamanda, çoxsaylı alternativlər arasında rəqabət apara bilən qovşaq kimi möhkəmləndirib. Bu strategiyanın güclü tərəfi onun çoxkanallılığıdır. Eyni infrastruktur eyni vaxtda Aİ ilə enerji əməkdaşlığı, Türkiyə ilə müttəfiqlik, Rusiya ilə praqmatik münasibətlər və İranla qarşılıqlı asılılıq üçün alət kimi istifadə olunur. Zəif tərəfi isə ondan ibarətdir ki, bu model daim idarəetmə diqqəti, sülh prosesinin irəliləməsi və iqtisadi diversifikasiya tələb edir.

Əgər Bakı nəqliyyat habını həm də institusional təsir alətinə – regional əməkdaşlıq mexanizmlərinin memarlığına çevirməyi bacarsa, o zaman Azərbaycanın orta güc statusu infrastruktur layihələrinin müvəqqəti nəticəsi olmaqdan çıxaraq, beynəlxalq sistemin sabit struktur elementi kimi tanınacaq. Bu keçidin nə qədər davamlı olacağını isə nə kəmərlərin uzunluğu, nə də yük həcmlərinin artım faizləri müəyyən edəcək. Onu müəyyən edəcək əsas Bakının öz coğrafiyasını diplomatiya ilə nə dərəcədə institutlaşdıra bilməsidir. Bakı öz coğrafiyasını diplomatiya vasitəsilə institutlaşdırmağı bacardığı müddətdə Azərbaycanın dəhliz siyasəti regionda əməkdaşlıq, rifah və sabitliyin ən etibarlı körpüsü kimi qalacaq.

Sevda ƏLİYEVA,
siyasi elmlər doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью