Dəhliz təkcə yol deyil...

12.08.2026

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın regional inkişaf siyasətində Naxçıvan Muxtar Respublikası hər zaman xüsusi yer tutub. Bu yanaşmanın tarixi əsasları Ümummilli Lider Heydər Əliyevin Naxçıvanla bağlı siyasi fəaliyyətinə, Muxtar Respublikanın ən mürəkkəb dövrlərində onun təhlükəsizliyinin, dövlətçilik ənənələrinin və Azərbaycanın ayrılmaz hissəsi kimi mövqeyinin qorunmasına gedib çıxır. Müstəqilliyin ilk illərində blokada şəraitində yaşayan Naxçıvanın ayaqda qalması, onun sosial-iqtisadi həyatının qorunması və xarici təhdidlər qarşısında müdafiə imkanlarının formalaşdırılması Heydər Əliyevin siyasi fəaliyyətinin mühüm istiqamətlərindən biri olub.

Prezident İlham Əliyevin hakimiyyəti dövründə isə bu siyasət yeni mərhələyə keçib. Dövlət başçısının Prezident kimi Naxçıvana artıq 17-ci səfərini etməsi də muxtar respublikaya göstərilən diqqətin ardıcıl xarakter daşıdığını nümayiş etdirir. Prezident Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki, bu illər ərzində Naxçıvanda çoxsaylı mühüm layihələr həyata keçirilib və ümumi inkişaf təmin olunub. Qarşıdakı mərhələdə də əsas məqsəd muxtar respublikanın sürətli və hərtərəfli sosial-iqtisadi inkişafını davam etdirməkdir.

Naxçıvanın iqtisadi xəritəsi dəyişir

Yeni mərhələdə əsas hədəflərdən biri Naxçıvanın iqtisadi potensialını daha geniş şəkildə hərəkətə gətirməkdir. Bunun üçün sənaye, kənd təsərrüfatı, enerji, nəqliyyat, logistika və turizm bir-birini tamamlayan istiqamətlər kimi nəzərdən keçirilir.

Bu baxımdan Naxçıvan Sənaye Parkının yaradılması xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin səfəri zamanı parkın təməli qoyulub. Ərazi baxımından bu park Sumqayıt Sənaye Parkından sonra Azərbaycanda ikinci böyük sənaye parkı olacaq. Burada yeni müəssisələrin fəaliyyətə başlaması təkcə istehsalın artması demək deyil. Sənaye Parkı investisiyanın cəlb edilməsi, yerli xammal və resurslardan istifadə, ixracyönümlü istehsalın genişləndirilməsi və ən əsası, yeni iş yerlərinin yaradılması üçün mühüm platformaya çevrilə bilər.

Məhz məşğulluq məsələsi Naxçıvanın yeni inkişaf modelinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Dövlət başçısının açıqladığı planlara əsasən, Sənaye Parkı ilə yanaşı, müasir sənaye komplekslərinin yaradılması nəzərdə tutulur. Bu yanaşma iqtisadi fəallığın artırılması ilə işsizliyin azaldılmasını paralel şəkildə təmin etməyə hesablanıb.

Naxçıvanın kənd təsərrüfatı imkanları da yeni mərhələdə daha səmərəli istifadə olunacaq. Kənd təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramında Muxtar Respublika üçün ayrıca istiqamətlər müəyyənləşdirilib. Suvarma layihələrinin həyata keçirilməsi, artezian quyularının qazılması, müasir suvarma sistemlərinin qurulması və indiyədək suvarılmayan torpaqların əkin dövriyyəsinə cəlb edilməsi kənd təsərrüfatında məhsuldarlığın və məşğulluğun artmasına imkan verəcək.

Təhlükəsizlikdən başlayan inkişaf modeli

Naxçıvanın coğrafi mövqeyi onun inkişafına yalnız iqtisadi deyil, həm də təhlükəsizlik prizmasından yanaşılmasını zəruri edir. Azərbaycanın əsas ərazisi ilə birbaşa quru bağlantısının uzun müddət mövcud olmaması Muxtar Respublikanın müdafiə qabiliyyətinin xüsusi diqqətdə saxlanılmasını şərtləndirib.

Bu məqsədlə Naxçıvanda Əlahiddə Ordu yaradılıb, hərbi hissələrin texniki imkanları artırılıb və ən müasir hərbi texnika ilə təchizat həyata keçirilib. Hazırkı mərhələdə isə yeni komando qüvvələrinin yaradılması müdafiə sisteminin daha çevik və müasir modelə keçirilməsinin göstəricisidir. Prezident İlham Əliyev Naxçıvanın hərbi potensialının bundan sonra da gücləndiriləcəyini vurğulayıb.

Beləliklə, Naxçıvan üçün müəyyən edilmiş inkişaf modelində təhlükəsizlik iqtisadi tərəqqinin ilkin təminatlarından biri kimi çıxış edir. Güclü müdafiə sistemi, dayanıqlı enerji təminatı və iqtisadi müstəqilliyin gücləndirilməsi eyni strateji xəttin müxtəlif elementləridir.

Sosial infrastruktur və insanların gündəlik həyatını dəyişəcək layihələr

Naxçıvanda həyata keçirilən siyasətin əsas məqsədlərindən biri iqtisadi göstəricilərlə yanaşı, insanların həyat şəraitinin yaxşılaşdırılmasıdır. Regional DOST Mərkəzinin fəaliyyətə başlaması və daha əvvəl yaradılmış “ASAN xidmət” infrastrukturu dövlət xidmətlərinin əlçatanlığını artırır. Uşaq bağçalarının tikintisi və təmiri, digər sosial obyektlərin yaradılması və bərpası da qarşıdakı dövrün planlarına daxildir.

Nəqliyyat sahəsində də ciddi yenilənmə başlayıb. Naxçıvan şəhərinin ictimai nəqliyyatında yeni elektrik avtobuslarının istifadəyə verilməsi şəhər nəqliyyatının həm keyfiyyət, həm də ekoloji baxımdan müasirləşdirilməsi deməkdir. Rayonlararası və şəhərlərarası nəqliyyat probleminin aradan qaldırılması üçün isə 217 müasir avtobusun alınması nəzərdə tutulub. Bundan başqa, təqribən 420 kilometr müxtəlif kateqoriyalı yolun tikintisi və əsaslı təmiri planlaşdırılır. Bu layihələrin əhatə etdiyi yaşayış məntəqələrində təxminən 160 min insan yaşayır.

Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur – vahid inkişaf məkanı

Prezident İlham Əliyevin açıqladığı strateji yanaşmanın mühüm cəhətlərindən biri Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla vahid inkişaf konsepsiyasında birləşdirilməsidir.

Bu yanaşma yalnız coğrafi yaxınlıqdan irəli gəlmir. Zəngilanla Ordubad arasında cəmi 42 kilometrlik məsafənin olması gələcəkdə bu üç bölgə arasında iqtisadi, nəqliyyat, enerji və sosial əlaqələrin daha sıx qurulmasına şərait yaradır.

Naxçıvan şəhərinin Baş planının hazırlanması da həmin konsepsiyanın tərkib hissəsidir. Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən müasir şəhərsalma prinsiplərinin Naxçıvana daşınması, yeni infrastrukturun yaradılması, yaşayış və xidmət mühitinin yenilənməsi nəzərdə tutulur.

Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur kimi Naxçıvan da yaşıl enerji məkanı kimi inkişaf etdirilir. Muxtar respublikada Günəş və su enerjisinin payının artırılması, ilkin mərhələdə ən azı 100 meqavatlıq batareya saxlanc qurğusunun yaradılması bu üç bölgəni gələcəkdə vahid yaşıl enerji məkanına çevirə bilər.

İdarəetmədə də oxşar model tətbiq olunur. Qarabağ və Şərqi Zəngəzurda özünü doğrultmuş Prezidentin xüsusi nümayəndəliyi institutu Naxçıvanda da tətbiq edilib. Məqsəd Muxtar Respublikanın statusunu saxlamaqla idarəetməni daha çevik, operativ və nəticəyönümlü etməkdir. Prezident İlham Əliyevin fikrincə, kadr və struktur islahatlarının əsas məqsədi qədim diyarın davamlı inkişafını, insanların təhlükəsiz və firavan yaşayışını təmin etməkdir.

Zəngəzur dəhlizi – Naxçıvanın geoiqtisadi mövqeyini dəyişən layihə

Naxçıvanın gələcək inkişafının ən mühüm amillərindən biri Zəngəzur dəhlizidir. Prezident İlham Əliyev müsahibəsində bu təşəbbüsün Azərbaycan tərəfindən irəli sürüldüyünü bir daha xatırladıb.

Dəhlizin siyasi əsası 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra imzalanmış üçtərəfli Bəyanatda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılmasının təsbit edilməsi ilə qoyulub. Sonrakı beş ildə praktiki irəliləyiş əldə edilməsə də, proses 2025-ci ildə yeni mərhələyə keçib. Prezidentin sözlərinə görə, 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən tarixi Zirvə Görüşündə məsələ öz həllini tapıb və TRIPP adlandırılan layihənin icrasına start verilib.

Azərbaycan öz ərazisində dəhlizin infrastrukturunu paralel şəkildə qurmağa başlayıb. Horadiz–Ağbənd avtomobil yolu faktiki olaraq tamamlanma mərhələsindədir, dəmir yolu tikintisi davam etdirilir. Naxçıvan ərazisində isə dəmir yolu infrastrukturu yenidən qurulacaq. Yeni texniki-iqtisadi əsaslandırmaya görə, Naxçıvan seqmentinin uzunluğu 194 kilometr olacaq və məqsəd xəttin illik yükaşırma qabiliyyətini 15 milyon tona çatdırmaqdır. 

Layihəyə beynəlxalq maraq da mövcuddur. Prezident İlham Əliyev Naxçıvan dəmir yolunun reabilitasiyası üçün nəzarət paketinin Azərbaycan dövlətində qalması şərtilə bir neçə şirkətdən ibarət beynəlxalq konsorsiumun yaradılmasının mümkün olduğunu bildirib. Bu, layihənin beynəlxalq yükgöndərənlər və investorlar üçün cəlbediciliyini daha da artıra bilər.

Zəngəzur dəhlizinin əhəmiyyəti yalnız Azərbaycanla Naxçıvanın birləşdirilməsi ilə məhdudlaşmır. Bu marşrut həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat sistemlərinin mühüm qoluna çevrilə bilər. Dəhliz vasitəsilə Naxçıvan və Culfa üzərindən İrana ikinci dəmir yolu bağlantısının yaranması, oradan isə Fars körfəzi və daha geniş Asiya coğrafiyasına çıxış imkanları meydana gəlir.

Bu isə Naxçıvanı faktiki olaraq Avrasiyanın mühüm tranzit qovşaqlarından birinə çevirə bilər. Milyonlarla ton yükün Muxtar Respublika ərazisindən daşınması yeni logistika obyektləri, xidmət sahələri, istehsal müəssisələri və minlərlə yeni iş yeri üçün iqtisadi baza formalaşdıracaq.

Dəhliz təkcə yol deyil

Zəngəzur dəhlizinə Azərbaycanın yanaşmasının mühüm fərqi onun yalnız avtomobil və dəmir yolu layihəsi kimi qiymətləndirilməməsidir. Gələcək model daha geniş infrastrukturu əhatə edir.

Buradan dəmir və avtomobil yolları ilə yanaşı, fiber-optik rabitə kabelinin, elektrik xətlərinin, gələcəkdə zərurət yaranarsa neft və qaz kəmərlərinin keçirilməsi nəzərdə tutula bilər. Azərbaycanın əsas hissəsindən Ermənistan ərazisi vasitəsilə Naxçıvana elektrik xəttinin çəkilməsi üçün layihə artıq hazırlanıb. Cəbrayıl rayonunda tikilmiş iri ötürücü yarımstansiya da məhz gələcək enerji dəhlizinin əsas elementlərindən biri kimi nəzərdə tutulub.

Beləliklə, Zəngəzur dəhlizi yalnız nəqliyyat marşrutu deyil, nəqliyyat, enerji, rəqəmsal kommunikasiya və gələcəkdə karbohidrogen infrastrukturlarını birləşdirə biləcək çoxşaxəli strateji xəttə çevrilir.

Naxçıvan regional enerji mərkəzinə çevrilir

Muxtar Respublikanın gələcəyində enerji təhlükəsizliyi ayrıca strateji istiqamətdir. İndiyədək həyata keçirilən layihələr nəticəsində Naxçıvanda qazlaşdırma 100 faizə çatdırılıb, müxtəlif su, Günəş və modul tipli elektrik stansiyaları yaradılıb. Hazırda Naxçıvanın təxminən 200 meqavat generasiya gücü var və bu, mövcud tələbatdan artıqdır.

Lakin Azərbaycan burada yalnız daxili tələbatı qarşılamağı deyil, böyük ixrac potensialı yaratmağı qarşıya məqsəd qoyub.

Naxçıvan Sənaye Parkının tərkibində 300 meqavat gücündə yeni istilik elektrik stansiyasının inşası nəzərdə tutulur. Təkcə bu obyekt hazırkı generasiya imkanlarını 1,5 dəfə artıracaq. Bununla yanaşı, hər biri 50 meqavat gücündə olan iki Günəş elektrik stansiyasının tikintisi aparılır. Günəş enerjisi layihələri üçün 600 hektardan artıq ərazi müəyyənləşdirilib.

Ordubad rayonunun Tivi kəndində isə gücü 15 meqavatdan bir qədər çox olan su elektrik stansiyasının layihəsinin davam etdirilməsi nəzərdə tutulur. Dövlət başçısının qiymətləndirməsinə görə, təkcə Günəş enerjisi üzrə Naxçıvanda ən azı 500 meqavat, potensial olaraq isə 1000 meqavata qədər istehsal imkanının yaradılması mümkündür.

Bu rəqəmlər göstərir ki, söhbət artıq Naxçıvanın enerji ehtiyaclarının ödənilməsindən deyil, muxtar respublikanın enerji ixracatçısına çevrilməsindən gedir.

Naxçıvan–Ermənistan–Türkiyə–Avropa enerji xətti

Yeni enerji arxitekturasının regional əhəmiyyəti də böyükdür. Azərbaycan elektrik enerjisinin Ermənistan ərazisindən Naxçıvana, oradan Türkiyəyə və daha sonra Avropaya ötürülməsini mümkün hesab edir.

Bu layihənin Ermənistan üçün də əhəmiyyəti var. Prezident İlham Əliyev müsahibəsində Ermənistanın əsas enerji mənbəyi olan atom elektrik stansiyasının köhnəldiyini və bütün bölgə üçün təhlükə mənbəyi olduğunu bildirib. Azərbaycan və Türkiyənin müxtəlif beynəlxalq platformalarda bununla bağlı narahatlıqlarını ifadə etdiyini xatırladan dövlət başçısı stansiyanın istismar müddətinin sonsuz uzadıla bilməyəcəyini və gec-tez bağlanmalı olduğunu qeyd edib.

Belə vəziyyətdə Ermənistan ərazisindən keçərək Naxçıvana, Türkiyəyə və Avropaya uzanan enerji dəhlizi yalnız Azərbaycan üçün ixrac marşrutu olmayacaq. Böhran vəziyyətində bu infrastruktur Ermənistanın enerji sisteminin dayanıqlığının qorunmasına da imkan verə bilər. Başqa sözlə, Azərbaycan tərəfindən irəli sürülən model regional qarşılıqlı asılılığı və əməkdaşlığı gücləndirən enerji arxitekturası yarada bilər.

Azərbaycanın daha geniş strateji baxışı isə ölkəni elektrik enerjisini yalnız istehsal edən deyil, eyni zamanda qəbul edən, ötürən və ixrac edən regional enerji mərkəzinə çevirməkdir. Xəzərin dibi ilə planlaşdırılan enerji kabeli, Qara dəniz istiqamətində nəzərdə tutulan layihə və Naxçıvan üzərindən yaradıla biləcək yeni xətt bu strategiyanın müxtəlif istiqamətləridir.

Tarixi irs və turizm iqtisadi inkişafın bir hissəsi kimi

Naxçıvanın inkişaf strategiyası yalnız yeni zavodlar, yollar və elektrik stansiyalarından ibarət deyil. Muxtar Respublikanın qədim tarixi və zəngin mədəni irsinin qorunması da dövlət siyasətinin mühüm istiqaməti kimi müəyyənləşdirilib.

Möminə xatun türbəsində aparılan bərpa işləri, digər tarixi-mədəni obyektlərin konservasiyası və bərpası, görkəmli memar Əcəmi Naxçıvaninin xatirəsinin əbədiləşdirilməsi bu yanaşmanın nümunələridir. Prezident İlham Əliyevin vurğuladığı kimi, sosial-iqtisadi inkişaf və enerji təhlükəsizliyi nə qədər mühüm olsa da, bütün bu işlərin təməlində milli kimlik, tarix, mədəniyyət və milli ruh dayanır.

Tarixi abidələr, təbiət, təmiz hava və mənzərəli ərazilər Naxçıvanın böyük turizm potensialını formalaşdırır. Lakin keyfiyyətli mehmanxana infrastrukturunun çatışmazlığı indiyədək bu imkanlardan tam istifadə edilməsinə mane olub. Naxçıvan şəhərinin mərkəzində yeni beşulduzlu mehmanxananın təməlinin qoyulması turizm sektorunun inkişafı istiqamətində yeni mərhələnin başlanğıcı hesab oluna bilər.

Naxçıvanın yeni rolu

Bütün bu layihələr birlikdə qiymətləndirildikdə Naxçıvanın gələcək obrazı daha aydın görünür. Muxtar Respublika yalnız Azərbaycanın ayrıca coğrafiyada yerləşən bölgəsi kimi deyil, Qarabağ və Şərqi Zəngəzurla birlikdə yeni iqtisadi və geostrateji məkanın əsas elementlərindən biri kimi formalaşdırılır.

Bir tərəfdən müasir ordu və komando qüvvələri ilə təhlükəsizlik təmin edilir, digər tərəfdən Sənaye Parkı və yeni istehsal kompleksləri ilə iqtisadi baza genişləndirilir. Yeni yollar və avtobuslar daxili mobilliyi artırır, kənd təsərrüfatı layihələri rayonların iqtisadi həyatını canlandırır, turizm və sosial infrastruktur insanların yaşayış keyfiyyətini yüksəldir.

Zəngəzur dəhlizi isə bütün bu prosesləri Azərbaycanın hüdudlarından kənara çıxarır. Dəmir yolu, avtomobil yolu, elektrik xətləri, fiber-optik kabel və perspektivdə enerji kəmərlərinin eyni coğrafiyada birləşməsi Naxçıvanı regional kommunikasiya xəritəsinin əsas qovşaqlarından birinə çevirə bilər.

Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlərdən çıxan əsas nəticə budur: Naxçıvan üçün artıq yalnız daxili regional inkişaf modeli deyil, daha geniş geoiqtisadi rol nəzərdə tutulur. Muxtar respublika təhlükəsiz, sənayeləşən, yaşıl enerji istehsal və ixrac edən, tranzit və logistika imkanları genişlənən, tarixi-mədəni irsini qoruyan müasir iqtisadi mərkəz kimi inkişaf etdirilir.

Bu siyasətin kökündə isə uzunmüddətli dövlətçilik xətti dayanır. Ümummilli Lider Heydər Əliyevin Naxçıvanın ən çətin dövründə qorunmasına və dövlətçilik dayaqlarının möhkəmləndirilməsinə xidmət edən siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni geosiyasi və iqtisadi məzmun qazanıb. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın vahid inkişaf məkanına çevrilməsi, Zəngəzur dəhlizinin reallaşması və yeni enerji-nəqliyyat xətlərinin yaradılması isə Naxçıvanı Azərbaycanın regional strategiyasının mərkəzi həlqələrindən birinə çevirir.

Beləliklə, qarşıdakı illərdə Naxçıvanın inkişafı yalnız Muxtar Respublikanın özünün tərəqqisi olmayacaq. Burada yaradılan nəqliyyat, enerji, sənaye və logistika imkanları Azərbaycanın iqtisadi gücünün artmasına, Türk dünyası ilə coğrafi bağlantıların möhkəmlənməsinə, Cənubi Qafqazda əməkdaşlıq imkanlarının genişlənməsinə və bütövlükdə Şərqlə Qərb arasında yeni kommunikasiya xəttinin formalaşmasına xidmət edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью