Icma.az bildirir, Modern.az portalına istinadən.
İspaniyanın nəqliyyat naziri Oskar Puente ötən həftə 69 nəfərin ölümü ilə nəticələnən dəmir yolu qəzasından sonra istefa verib. O, noyabrın 29-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etməkdən də imtina edib.
Modern.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Puente parlamentdə uzun sürən dinləmələr başa çatdıqdan sonra istefasını elan edib. O, bundan əvvəl dəfələrlə vəzifəsindən gedəcəyi ehtimalını istisna etmişdi. Hətta istefa qərarını açıqlamazdan bir neçə saat əvvəl ölkənin yüksəksürətli dəmir yolu şəbəkəsinə etimadın bərpası üçün tədbirlər görəcəyini bildirmişdi.
Nazir istefasından az əvvəl dəmir yollarında təhlükəsizliyin artırılması ilə bağlı bir sıra tədbirlər təqdim edib. Belə ki, hakimiyyət dispetçerlərə qeyri-standart və fövqəladə hallar barədə avtomatik xəbərdarlıq edən proqram təminatını, eləcə də insan səhvi riskini azaltmaq üçün süni intellekt əsaslı sistemi tətbiq etməyi planlaşdırır.
Avtomatik təhlükəsizlik sistemi sıradan çıxarsa, dispetçerin qəbul etdiyi qərarları ikinci əməkdaş da təsdiqləməli olacaq.
Bundan başqa, dispetçerlərin əmək şəraitinə, o cümlədən fasilələrin müddətinə və yorğunluq səviyyəsinə nəzarət mexanizminə yenidən baxılması nəzərdə tutulur.
Puente qəza nəticəsində həlak olanların ailələrinə və xəsarət alanlara yardım məqsədilə 30 milyon avro ayrılacağını da açıqlayıb.
İspaniyanın Baş naziri Pedro Sançes isə Oskar Puente istefa verdikdən sonra iqtisadiyyat naziri Karlos Kuerpo-nun noyabrın 29-da keçiriləcək seçkilərə qədər Nəqliyyat Nazirliyinin rəhbəri vəzifəsini müvəqqəti icra edəcəyini bildirib.
Bu barədə “Politico” məlumat yayıb.
Sançes Kuerponun eyni zamanda baş nazirin birinci müavini vəzifəsini tutduğunu xatırladaraq, onun hazırkı parlament çağırışı dövründə “böyük idarəetmə bacarıqları nümayiş etdirdiyini” vurğulayıb.
Kuerpo Sançes hökumətinin diqqətçəkən simalarından birinə çevrilib. Texnokrat kimi tanınan Kuerpo bundan əvvəl iqtisadiyyat naziri Nadia Kalvinyo dövründə Xəzinədarlığın baş katibi vəzifəsində çalışıb. Kalvinyo Avropa İnvestisiya Bankının prezidenti seçildikdən sonra o, İqtisadiyyat Nazirliyinə rəhbərlik etməyə başlayıb. Daha sonra Sançes onu özünün birinci müavini təyin edib.
Dəhşətli qəza Madriddən təxminən 130 kilometr cənubda, Urda kəndi yaxınlığında, çərşənbə günü baş verib. Dövlətə məxsus “Renfe” şirkətinin qatarı özəl operator “Iryo” şirkətinə məxsus dayanmış qatarla toqquşub.
Bu hadisə XXI əsrdə Avropada baş vermiş ən çox insan tələfatı ilə nəticələnən dəmir yolu qəzalarından biri olub.
İlkin məlumatlara görə, avtomatik təhlükəsizlik sistemi dəmir yolunun təxminən 63 kilometrlik hissəsində qatarların hərəkətini dayandırıb. Buna baxmayaraq, dispetçer mərkəzi “Renfe” qatarının hərəkətini davam etdirməsinə icazə verib.
Sağ müxalifət partiyaları və həmkarlar ittifaqları naziri hadisəyə görə əsas məsuliyyəti bir dispetçerin üzərinə qoymağa çalışmaqda ittiham ediblər.
Qeyd edək ki, dəhşətli qəza İspaniyada seçkilərə hazırlıq dövrünə təsadüf edib. Qarşıdan gələn seçkilər Baş nazir Pedro Sançesin rəhbərlik etdiyi sosialistlər üçün ciddi sınağa çevrilə bilər.