Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dekabr ayında Azərbaycanda bir sıra ərzaq məhsullarının qiymətində artım gözlənilir. Xüsusilə ət, yumurta, kərə yağı və toyuq məhsullarının bahalaşma riski daha yüksək qiymətləndirilir. Mövsümi amillərin təsiri ilə meyvə-tərəvəz məhsullarının qiymətində də artım ehtimalı var.
Bu barədə Bakıvaxtı.az-a açıqlamasında iqtisadçı Akif Nəsirli bildirib. Onun sözıərinə görə, qiymət artımının əsas səbəbləri qış mövsümündə istehsal və saxlanma xərclərinin yüksəlməsi, heyvandarlıqda yem xərclərinin artması, yerli istehsalın tələbatı tam ödəyə bilməməsi və idxaldan asılılıqdır.
İqtisadçı qeyd edib ki, dünya bazarında ərzaq qiymətlərinin və daşınma xərclərinin dəyişməsi də daxili bazara təsir göstərir.
Akif Nəsirli: Ərzaq inflyasiyası davamlı xarakter alır
Müsahibimiz əlavə edib ki, un və un məmulatları, çörək, şəkər və bitki yağları üzrə də qiymət artımı riski mövcuddur. Lakin bu məhsulların hamısının məhz dekabr ayından bahalaşacağını indidən söyləmək doğru olmaz.
Akif Nəsirlinin fikrincə, diqqət yetirilməli əsas məqam qiymət artımının artıq yalnız mövsümi xarakter daşımamasıdır. Ərzaq inflyasiyası davamlı xarakter alır:
"Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları 6,9 faiz bahalaşıb. Bu tendensiya davam edərsə, ilin sonuna doğru ailələrin gündəlik ərzaq xərcləri daha da arta bilər".
Zeynəb Rzayeva