Dələduzlar “WhatsApp”da da ifşa olunacaq: “Samsung”dan yenilik

25.11.2026

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


“Samsung” “One UI 9.5” yeniləməsi ilə dələduzluğa qarşı müdafiə sistemini genişləndirməyə hazırlaşır. Yeni funksiya “WhatsApp”, “Telegram” və digər tətbiqlərdəki şübhəli səsli zəngləri müəyyən edərək istifadəçilərə xəbərdarlıq edəcək.

“Bakupost” xəbər verir ki, yeni sistem ümumilikdə 14 tətbiqi, o cümlədən “WhatsApp”, “Telegram”, “Instagram”, “Google Meet”, “Messenger” və “Signal”ı dəstəkləyəcək. İstifadəçilər yoxlamanın hansı tətbiqlərdə aktiv olacağını özləri seçə biləcəklər.

Sistem şübhəli danışıqlarla yanaşı, süni intellekt vasitəsilə yaradılmış və dəyişdirilmiş saxta səsləri də aşkarlaya biləcək. Bu, özünü ailə üzvü, bank əməkdaşı və ya rəsmi şəxs kimi təqdim edən dələduzların müəyyənləşdirilməsinə kömək edəcək.

Zənglərin təhlili birbaşa telefonda aparılacaq. Bunun üçün səs məlumatlarının davamlı olaraq uzaq serverlərə göndərilməsinə ehtiyac olmayacaq.

Funksiyanın ilk mərhələdə Cənubi Koreya və Çində istifadəyə verilməsi gözlənilir. Digər ölkələrdə tətbiqi ilə bağlı hələlik məlumat yoxdur.

Vüsalə Hüseynova,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью