Delimitasiya prosesi 2027 ci ildə başa çatmayacaq

29.09.2026

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hazırda Azərbaycanın Ermənistanla yekun sülh sazişinin imzalanması üçün irəli sürdüyü əsas tələblərdən biri Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi ilə bağlıdır. Rəsmi İrəvan artıq bu istiqamətdə müvafiq işlərə başlayıb. Ermənistan parlamentinin iclasında hakim partiyanın deputatı Arusyak Culakyan Konstitusiyanın yenidən yazıldığını və layihənin mətninin cari ilin sonunadək dərc edilməsinin nəzərdə tutulduğunu bildirib. Konstitusiya layihəsinin ilin sonunadək hazır olması gələn il yekun sülh sazişinin imzalanması ehtimalını gündəmə gətirir.

Bununla yanaşı, Azərbaycan-Ermənistan sərhədində delimitasiya və demarkasiya prosesi də davam etdirilməlidir. 2024-cü ildə Qazax istiqamətində 12 kilometrlik ərazidə sərhədin delimitasiyası və demarkasiyası həyata keçirilsə də, bundan sonra prosesdə hər hansı irəliləyiş müşahidə olunmayıb. Naxçıvan istiqamətində məsələnin böyük hissəsinin həll olunduğu bildirilir. Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan istiqamətlərində isə delimitasiya və demarkasiya işlərinin aparılması gözlənilir.

Delimitasiya və demarkasiya prosesinin nə zaman başa çatacağı, həmçinin bu prosesin sülh sazişinin imzalanmasına qədər hansı mərhələdən keçəcəyi maraq doğurur.

Məsələ ilə bağlı Modern.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib ki, 2024-cü ildə Qazax istiqamətində həyata keçirilən işlərdən sonra delimitasiya və demarkasiya prosesinin sürətlənəcəyi gözlənilsə də, bu baş verməyib:

"Antiterror əməliyyatından sonra delimitasiya və demarkasiya məsələləri gündəmə gəldi. İlk növbədə Qazax rayonu istiqamətində, faktiki olaraq, 12 kilometr məsafədə delimitasiya və demarkasiya işləri görüldü. Sərhəd qurğuları və avadanlıqları yerləşdirildi. Prosesin sürətli olacağı güman edilirdi. Delimitasiya və demarkasiya işləri relyefdən asılı olaraq nə qədər çətin olsa da, iki ildə çox iş görmək olarddı.Çox təəssüf ki, məhz 2024-cü ildə həyata keçirilən 12 kilometrlik delimitasiya və demarkasiya işlərindən sonra heç bir iş görülməyib. Tərəflərdən konkret olaraq məsələ ilə bağlı heç bir izahat yoxdur. İşlərin nə üçün dayandırılıdığı məlum deyil. Elə yerlər də var ki, artıq heç bir problem yoxdur. Əvvəllər olduğu kimi dövlət sərhədi qalır. Xüsusilə Naxçıvan istiqamətində demək olar ki, məsələnin 80-90 faizi həll olunub. Qalan hissələr isə bildiyimiz qədər, ən çox Kəlbəcər, Laçın, eyni zamanda Tovuz istiqamətindədir".

Ekspert delimitasiya və demarkasiya üzrə komissiyanın fəaliyyətindən də danışıb:

"Bilirik ki, bu işlər görülməlidir. Hətta komissiya yaradılıb. Komissiyanın tərkibində alimlərdən tutmuş məmurlara qədər müxtəlif şəxslər var. Çox təəssüf ki, delimitasiya və demarkasiya işləri yenə də aparılmır. Deyək ki, bir tərəf təşəbbüs göstərir, digər tərəf göstərmir. Belə bir proses yoxdur. Yəni Azərbaycan təşəbbüs göstərir, Ermənistan qoymur və yaxud Ermənistan təşəbbüs göstərir. Qarşılıqlı şəkildə komissiya rəhbərləri görüşürlər. Amma praktik şəkildə həmin 12 kilometr məsafədən sonra heç bir demarkasiya işləri görülməyib. Belə bir yanaşma da var ki, əvvəl sülh müqaviləsi imzalanmalı, bundan sonra delimitasiya və demarkasiya məsələləri həll edilməlidir. Mən hesab edirəm ki, sülh müqaviləsi imzalanmadan əvvəl də bu işləri görmək olar. Xüsusilə problem olan, qarşılıqlı ittihamların səsləndirildiyi ərazilərdən işə başlansa, yerdə qalan digər məsələlər daha asanlıqla həll edilə bilər. Hər halda delimitasiya və demarkasiya işlərinin aktiv şəkildə görülməsi elə sülh müqaviləsinə yaxınlaşmaq demək olardı".

İlham İsmayıl qeyd edib ki, sülh müqaviləsinin 2027-ci ildə imzalanacağı ilə bağlı konkret fikir söyləmək çətindir. Onun sözlərinə görə, bu proses Ermənistanın yeni konstitusiya qəbul etməsindən və bununla bağlı referendumun keçirilməsindən də asılı olacaq:

"Birmənalı şəkildə sülh müqaviləsinin məhz 2027-ci ildə imzalanacağını demək mümkün deyil. Çünki sülh müqaviləsi ilə bağlı Azərbaycanın tələbi konstitusiyadan ərazi iddialarının çıxarılmasıdır. Bunun üçün referendum keçirilməlidir. Referendum keçirməyə isə faktiki olaraq Paşinyan hökuməti indiki şəkildə cəhd etmək istəmir. Çünki iyun seçkilərindən sonra məğlub olan Rusiyayönümlü qüvvələr yeni bir siyasi tədbirin, seçki formasının keçirilməsini istəyirlər. Hətta bunu Rusiya prezidenti də xüsusi vurğulayır. Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında seçimlə bağlı mütləq referendum keçirilsin. Çünki referendumdan məqsəd yalnız onun nəticələri deyil. Həmin proses, yəni keçirilmə müddəti ərzində - bir-iki ay müddətində qarşıdurmalar, küçə mitinqləri, kütləvi etirazlar, təxribatlar və digər hadisələr ola bilər. Ona görə də 2027-ci ildə referendumun keçiriləcəyi və Paşinyanın yeni konstitusiyanı qəbul edəcəyi bir qədər az inandırıcıdır. Həm də burada Rusiya, Ermənistan və Azərbaycanın nəzarətində olmayan bəzi məsələlər mövcuddur. İlk növbədə Rusiya-Ukrayna müharibəsinin necə bitəcəyi məsələsi var. Digər yandan Zəngəzur dəhlizi ilə bağlı işlərə nə vaxt başlanılacağı mühüm hadisədir. Bütün bunlar göstərir ki, 2027-ci ildə sülh müqaviləsinin imzalanması özü belə böyük sual altındadır. Amma Paşinyan söz verib ki, bu proses 2030-cu ilə qədər həyata keçiriləcək. Sülhün 2028, 2029, yoxsa 2030-cu ildə imzalanacağını isə gələcək hadisələr göstərəcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью