DƏLİXANALAR DƏLİYƏ HƏSRƏT...

03.09.2026

Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şair Vəli Drvişə ithaf
Dəlixanadakılar
əməlli-başlı adamlardı -
ağıllı-kamallı.

Di gəl,
özlərini dəliliyə vurublar...

Gündə bir dəfə
Tanrı ilə danışırlar - 
amma yalandan.

Çünki Tanrı
çoxdan buxarlanıb
stəkanın dibindən.

Gözləri salamatdır,
sadəcə baxmaqdan imtina edirlər.

Danışırlar - 
sözləri paslanmış açardır.

Heç bir qapı dönmür.

Bəlkə də
heç qapı yoxdur.

Qəbiristanlıqlar bomboşdur.

Ölülər köçüb.

Onlar da
tək qalmaq istəmirlər.

Torpaq darıxır
ayaq səsləri üçün.

Qurdlar
acıqla əsnəyir.

Və şairlər...

Onlar hələ nəfəs alır -
günah kimi,
şübhə kimi,
üzə çıxmış
sətiraltılar kimi.

- Güllələyin onları! -
deyir sükut.

Çünki şeir
hələ qanad çalır.

Bu uçuş
idarəsiz
bir dəli quşudur.

Dəlilik -
bəlkə də
ağıllının son sığınacağıdır.

Ağıllı olmaq - cəza.
Bilmək - lənət.
Görmək -
bitməyən işgəncə.

Və beləcə
dəlilər özlərini qoruyurlar -
özlərini dəliliyə vuraraq.

Sən də bacarsan,
vur özünü.

Qurtul
bu ağıllı dustaqlıqdan.

II
Dəlilər yoxdu.

Yox -
sən yanlış eşitdin.

Dəlilər çoxdan
ağlın tabutuna
çivi vuranlardı.

İndi isə...

Hamı ağıllıdır.

Və bu -
ən böyük dəlilikdir.

Bir dəlixana var.

Divarları ağ deyil.

Ürəkləri sıxan
suallar boyayıb onları
qapqara.

Orda oturanlar:

əlyazmalarını yandıran filosoflar,
guya səhv etmiş alimlər
və bir dəfə
çox düşünmüş bir qadın.

Hamısı susur.

Çünki ağıllı adam susar.

Söz çıxarsa -
səs qopardar.

Səs çıxarsa -
tiryəki kəsərlər.

Sonra bir söz deyərlər:

Diaqnoz.

Dəlixanalar
dəlidən boş qalıb.

Dəlilər artıq küçələrdədir -

dəftərxanalarda,
məhkəmələrdə,
vəzifə kreslolarında.

Əlində möhür olan
hər kəsin alnında
bir nömrə var.

Qəbiristanlıqlar da acdır.

Orda ölüm yoxdur artıq -
yalnız sümük kolleksiyası.

Ölülər danışmırsa,
demək,
hələ bir ümid var.

Bəzən susmaq - yaşamaqdır.

Bəzən isə
yalnız ölülər bilir
bu həqiqəti.

Və ah, şairlər...

Onlar hələ yazır.

Tükləri biz-biz edən sözlərlə,
bir nöqtəyə qədər
gərilmiş səssizliklə.

- Güllələyin onları! -
deyir dilsiz nazir.

- Yazmaq qadağandır!

Çünki hər misra
yuxuda belə
etiraza çevrilir.

Dəliliyə
bələkdə sarınıb
doğulmuşdu bəzilərimiz.

Ağlı sonradan öyrətdilər -

kitablarla,
qaydalarla,
qorxularla.

İndi geri dönmək istəyirik.

Dəli olmaq üçün -

çox gecdir.

III
Dəlilər yoxdu.

Onlar susduruldu.

Ağızlarına dərman tıxanıb,
beyinləri yuyulub,
dəftərlərə
“stabil” yazılıb.

Qaldı ağıllılar.

Qorxaqlar.

Əyilmiş kürəklər.
Bitmiş suallar.
Baxmaqdan imtina edən gözlər.

Bunlar - 
sağ qalmış ağıllılardır.

Əməlli-başlı
dəli ola bilməyən zavallılar.

Dəlixanalar indi boşdur.

Çünki dəli olmaq
böyük cəsarət istəyir.

Kimdə var?

Kim öz içindəki
çürümüş Tanrını
silkələyib
çölə ata bilər?

Yoxdur.

Hamı susur.

Hamı sıradadır.

Hamı gözləyir:

növbəylə dəli olmaq
üçün icazə kağızı.

Və qəbiristanlıqlar...

Onlar da ac.

Skeletlər lətifə danışır:

- Bu gün heç kim ölmədi.

Çünki onsuz da
hamı ölü doğulur.

Güllələyin şairləri!

Onlar hələ nəfəs alırsa,
deməli,
nəsə yanlış gedir.

Deməli,
bir yerdə zəhər axmır.

Bir yerdə
insan qalır.

Siz istəyirsiniz:

şeir sakit olsun,
gözəl olsun,
yumşaq axsın.

Amma şeir
həmişə sakit axmır.

Bəzən bir söz
boğazda qalır.

Bəzən bir misra
gecə boyu
qapını döyür.

Bəzən bir nöqtə
bütün cümlədən
daha çox danışır.

Siz isə
o nöqtədən qorxursunuz.

Çünki bilirsiniz:

bir sual yetər -
sıra pozulsun.

Bir səs yetər -
sükut yarılsın.

Bir misra yetər -
möhür yerindən oynasın.

Ona görə:

Ağlı güllələyin!

O ağlı ki,
özünü həqiqət sanır.

O ağlı ki,
sual verməyi unudub.

O ağlı ki,
möhürə çevrilib.

O ağlı ki,
insanı
özündən çıxarıb.

Çünki bizi bura
ağıl gətirmədi.

Ağlın qorxuya
təslim olması gətirdi.

Bizə gərəkdir
dəli qəlblər,

səssizliyin içində
qışqıran dillər

bir az da

içimizi
dağlayan

həqiqət.


Ədalət QARABULUD.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью