Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.
"Sayğac dəyişdirməkdən başları ayrılmır ki başqa, daha vacib işlərlə məşğul olsunlar. Dəfərlərlə demişəm ki “Azəriqaz”da monitorinqlər aparılmır, hesabatlılıq yoxdur"
Dəm qazı faciələri ilə bağlı ard-arda xəbərlər verilir. Yevlaxda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib. Hadisə nəticəsində 1959-cu il təvəllüdlü Məhəmməd İsmayılov vəfat edib. Digər 4 nəfər - 1987-ci il təvəllüdlü Pənahı İsmayılov, 2005-ci il təvəllüdlü İ.İsmayılzadə, 2007-ci il təvəllüdlü G.İsmayılzadə, 1982-ci il Mahir İsmayılov xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Bakının Binəqədi rayonunda isə 10 yaşlı uşaq dəm qazından boğulub. Hadisə yanvarın 22-də baş verib. 2016-cı il təvəllüdlü U.V. yaşadığı E.Babayev küçəsində evin hamamında dəm qazından zəhərlənib. Xəstəxanaya yerləşdirilən U.V. orada vəfat edib. Araşdırma aparılır. Paytaxtın Xəzər rayonunda da dəm qazından ölüm faktı qeydə alınıb. Buzovna qəsəbə sakini, 2012-ci il təvəllüdlü Ə.N. yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır.
Dəm qazı kabusu niyə bitmir, səbəb nədir?
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı “Sherg. az”a açıqlamasında dəm qazı faciələrində bir deyil, bir neçə səbəb olduğunu dedi: 
- Sovet illərində ailəmiz “gecəqondu”da yaşayırdı. O zaman qaz pulu ailə üzvlərinin sayın görə adambaşı hesablanırdı. Həyət evi idi, mənzili isitmək üçün “ceyran peçi” yandırırdıq. Uşaqlar körpə idi, ev yaxşıca isinsin deyə, peçi lap gur tempdə yandırırdıq. Amma nə dəm qazı əmələ gəlirdi, nə qaz sızması olurdu. Zəhərlənmə hadisəsi olmurdu, ölüm halları olmurdu. Buradan ilkin olaraq bu nəticə hasil olur ki, o zaman əhaliyə verilən təbii qazın tərkibi təmiz, təzyiqi də normal olub. İkinci səbəb, səhlənkarlıq, vəzifəyə məsuliyyətsiz yanaşmadır. Bilirsiz ki qızım Çexiyada yaşayır. Əvvəlcə Praqada yaşayırdı, indi başqa şəhərə köçüb. Orada mənzillərdə qazdan deyil, elektrikdən istifadə olunur. Praqada yaşadığı vaxtlarda isə deyirdi ki, müəyyən müddətdən ərazi üzrə qaz təchizatı idarəsi sakinlərə yoxlama aparılacağı barədə məlumat verir, bildirirlər ki filan vaxtda evdə olun, qaz xətləri, qaz cihazları yoxlanılacaq. Və gəlirlər, xüsusi cihazla həm qaz xətlərini yoxlayırlar, həm də qaz cihazlarını, sızma varmı, qaz normal yanırmı. Sonra da sakinlərə yoxlamanın aparılmasına dair imza atdırırlar. Sənədli, sübutlu edilir bu işlər. Bizdə belə yoxlama aparılırmı? Xeyr. Çünki məsuliyyətsizlikdir. Yoxlama cihazları varmı, yetərlidrmi, mütəxəssis çatışmazlığı varmı, yoxmu, bilinmir. Yoxlamalar təkcə magistral qaz xətlərində deyil, hər bir bina, hər ev, mənzil üzrə aparılmalıdır. Burada çətin bir iş yoxdur. Qaz sayğaclarını necə sürətlə dəyişirlərsə, buyurub qzz cihazlarını da yoxlasınlar. Mənzillərə daxil olsunlar, əhaliyə xəbərdarlıq etsinlər, qaz cihazı, soba düzgün quraşdırılmayıbsa, bildirsinlər, təhlükəni aradan qaldırsınlar. “Azəriqaz”ın fəaliyyəti qaz sayğaclarını dəyişməkdən ibarətdir.
M.Qəhrəmanlı qeyd etdi ki, dəm qazı təhlükəsini bildirən xüsusi cihazlar var. Onlarda istifadə edilməlidir:
- Nəvəm Nyu-Yorkda yaşayır. Orda evlərdə xüsusi xəbədarlıqedici cihaz qoyulur. Dəm qazı təhlükəsi yaranırsa chaz xəbərdarlıq siqnalı verir. Bizdə də bu cür cihazlar qoyulmalıdır mənzillərə. “Azəriqaz” binaların bloklarında da yoxlama apara bilər. Sayğac dəyişdirməkdən başları ayrılmır ki başqa, daha vacib işlərlə məşğul olsunlar. Dəfərlərlə demişəm ki “Azəriqaz”da monitorinqlər aparılmır, hesabatlılıq yoxdur. İl ərzində neçə nəfər dəm qazından zəhərlənib, bunun statistikası aparılmalı və səbəblər bilinməlidir. “Azəriqaz” baxımsız, nəzarətsiz quruma çevrilib. Müstəqil yoxlamala da aparılmır. Cəzasızlıq sindromu cinayətin inkişafıdır. Bunun axırı yaxşı qurtarmayacaq. SOCAR rəhbərliyində kimsəyə cəza verilmir. Müxtəlif sahələr üzrə peşəkar olmayan şəxslər var rəhbərlikdə. “Azəriqaz” bu ölüm hadisələrini araşdırmalıdır. Hadisə baş verir, faktla balı araşdırma aparıldığı bildirilir. Bəs sonra? Niyə bir kəs cəzalanmır, niyə zərərçəkmişlərə kompensasiya ödənmir? Niyə insanlar ölür? Bunun səbəbi bilinməlidir. Məlumat verilməlidir bu haqda əhaliyə. Evlərdə, mənzillədə qaz cihazları düzgün quraşdırılmayıbsa, bunun günahkarı əhali deyil, əlaqədar qurumlardır ki, zamanında yoxlama aparmırlar. Diqqətli və ciddi şəkildə araşdırma aparılmaynca, naşı adamların idarəetməsi davam etdikcə ölüm halları da davam edəcək.