Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Suriyada səfərdədir.
Səfər çərçivəsində 29 dekabr tarixində nazir müavini Yalçın Rəfiyev ilə Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani arasında görüş keçirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Azərbaycan tərəfi Suriya dövlətinin istiqrarı və xalqın rifahı üçün yeni mərhələnin başlaması, habelə xalqın nümayəndələrinin hakimiyyətə gəlməsi münasibətilə Azərbaycan rəhbərliyinin təbriklərini çatdırıb.
Azərbaycanın bu yeni yaranmış vacib mərhələdə Türkiyə ilə birlikdə Suriyanın yanında olduğu bildirilib.
Suriyanın bərpası prosesində ölkəmiz tərəfindən mümkün dəstəyin veriləcəyi bəyan olunub.
Humanitar məqsədli yardım fəaliyyətləri ilə yanaşı, Azərbaycanın diplomatik müstəvidə də yeni hakimiyyətə zəruri dəstək göstərəcəyi vurğulanıb.