Dəmir dövrünün qəribə dəfn ayini

11.06.2026

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Böyük Britaniya və ABŞ-dən olan bir qrup alim Şotlandiyanın şimal-qərbindəki Lox-Borrali gölünün sahilində, alçaq daş kurqanda (qədim qəbir növü) basdırılmış Dəmir dövrünə (e.ə. təxminən 800 – eramızın 43-cü illəri) aid iki insanın qalıqlarını fundamental şəkildə araşdırıb. Nüfuzlu "Antiquity" jurnalında dərc olunan tədqiqat çərçivəsində mütəxəssislər osteologiya (sümük elmi), izotop analizi və qədim DNT araşdırmalarını birləşdirərək bu insanların həyatı və dəfn ənənələri barədə unikal mənzərə ortaya çıxarıblar.

Osteoloji analizlər zamanı yetkin bir qadına ait skelet sümüklərinin ölümdən sonra dəhşətli deformasiyaya məruz qaldığı aşkarlanıb. Kəllə sümüyünün daxili tərəfindəki izlər qadının beyninin xüsusi üsulla çıxarıldığını, bazu, dirsək və bud sümüklərinin isə aşağı hissədən qəsdən yonularaq itiləndiyini sübut edir. York Universitetinin elmi işçisi Laura Kastels Navarronun sözlərinə görə, elm dünyası bu qeyri-adi praktikanın səbəbi barədə hələ ki, vahid rəyə gələ bilməyib: bu proses ya icmaya yad olan və ya aşağı statuslu bir insana qarşı qəsdən edilən qəddar rəftar, ya da əksinə, cəmiyyətin hörmətli üzvünə göstərilən xüsusi ehtiram ayini ola bilərdi. Maraqlıdır ki, qəbirdə tapılan ikinci insana – 15 yaşlı yeniyetməyə aid sümüklərdə heç bir zədə və ya dəyişiklik qeydə alınmayıb. Genetik analizlər isə bu gəncin qadının yaxın qohumu, böyük ehtimalla ana xətti ilə uzaq (üçüncü dərəcəli) əmisi/dayısı oğlu olduğunu üzə çıxarıb.

İzotop analizi bu iki insanın Lox-Borrali gölündən təxminən 80 kilometr cənub-şərqdə böyüdüyünü və eyni zamanda şimal-şərqdə, 175 kilometr uzaqlıqda yerləşən Orkney adalarının sakinləri ilə sıx genetik bağlara malik olduğunu göstərib. Bu kəşf prehistorik (tarixdən əvvəlki) Britaniyada əhalinin yüksək hərəkətliliyini və icmaların daxili sosial əlaqələrini sübut edir. Alimlər belə qənaətə gəlirlər ki, Dəmir dövrü cəmiyyətlərinin bir-biri ilə sıx əlaqədə olması sayəsində, hətta çox uzaq məsafələrdə belə mürəkkəb və fərqli dəfn ənənələri yüzillərlə qorunub saxlanıb.

Hazırladı:
Arzu ƏLİYEVA
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью