“Dəmir” geosiyasi mübarizə

02.09.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya–Ermənistan münasibətləri polad yollarda da kəskinləşir

Rusiya ilə Ermənistan arasında dərinləşən fikirayrılığı təhlükəsizlik və xarici siyasət məsələləri ilə məhdudlaşmır. Bu münasibətlərin gələcəyinə təsir göstərə biləcək əsas məsələlərdən biri Ermənistanın dəmir yolu infrastruk­turudur. İlk baxışdan iqtisadi və texniki xarakter daşıyan bu məsələ əslində Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılması, Rusiyanın Ermə­nistandakı iqtisadi mövcudluğu və Cənubi Qafqazın formalaşmaqda olan yeni nəqliyyat xəritəsi ilə birbaşa bağlıdır.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın son açıqlaması bu baxımdan diqqət çəkir. Onun sözlərinə görə, Rusiya tərəfi Azərbaycan və Türkiyə sərhədlərinə aparan dəmir yolu hissələrinin bərpasının detallarını müzakirə etməyə hazır olduğuna dair İrəvana siqnal verib. Mirzoyan bildirib ki, müzakirələrdə əsas məsələlərdən biri “kim və nə qədər investisiya qoymalıdır” sualıdır. 

Bu açıqlama Moskvanın Ermənistanın də­mir yolu məsələsində əvvəlki sərt mövqeyin­dən fərqlənir. Məsələnin əsasında 2008-ci ildə bağlanmış konsessiya müqaviləsi dayanır. O vaxt Ermənistanın dəmir yolu infrastrukturu 30 il müddətinə, əlavə 10 il uzadılmaq hüququ ilə, “Cənubi Qafqaz Dəmir Yolları”nın idarə­çiliyinə verilib. 

İrəvan hesab edir ki, Azərbaycan və Tür­kiyə istiqamətində dəmir yollarının bərpası ölkənin iqtisadi təcridini azaltmaqla onu re­gional tranzit sisteminin mühüm iştirakçısına çevirə bilər. Nikol Paşinyanın xətlərin Ermə­nistanın öz vəsaiti hesabına bərpasına hazırolduğunu bildirməsi bu yanaşmanı göstərir. Eyni zamanda, İrəvan konsessiyanın Qazaxıs­tan, BƏƏ və Qətər kimi üçüncü, dost ölkələr­dən birinə verilməsini təklif edib.

Beləliklə, dəmir yolu məsələsinin geosi­yasi mahiyyəti ortaya çıxır. Ermənistan üçün məqsəd yalnız relslərin bərpası deyil, ölkənin Azərbaycan, Türkiyə və daha geniş regional nəqliyyat sisteminə inteqrasiyasıdır. Uzun illər Azərbaycan və Türkiyə ilə kommuni­kasiyalardan kənarda qalan Ermənistanın əsas nəqliyyat əlaqələri Gürcüstan və İran is­tiqamətində formalaşıb. Yeni xətlərin açılması isə ölkəyə alternativ marşrutlar və əlavə tran­zit imkanları qazandırır. 

Bu proses Ermənistanın ümumi xarici si­yasət kursundan ayrı deyil. İrəvan Rusiya ilə təhlükəsizlik əlaqələrinə yenidən baxır, Aİ və ABŞ-la əməkdaşlığını genişləndirir. İqtisadi sahədə isə Aİİ üzvlüyünü qorumaqla yanaşı, Avropa İttifaqı ilə inteqrasiyanı dərinləşdir­məyə çalışır. Dəmir yolu da bu çoxvektorlu siyasətin mühüm istiqamətlərindən biridir. Bu baxımdan ABŞ-ın dəstəklədiyi TRIPP layihəsi xüsusi əhəmiyyət daşıyır. Ermənistanın cənu­bundan keçməsi nəzərdə tutulan bu bağlantı yeni nəqliyyat marşrutu yaratmaqla Rusiyanın regiondakı nəqliyyat təsirini zəiflətmək imka­nına malikdir.

Moskvanın qarşısında isə iki əsas seçim dayanır: yeni regional nəqliyyat sistemindən kənarda qalaraq təsir imkanlarının bir hissəsi­ni itirmək və ya öz iqtisadi maraqlarını qoru­yaraq bu prosesdə iştirak etmək. 

Mirzoyanın son açıqlaması Rusiyanın ikinci variantı istisna etmədiyini göstərir. Bu, Moskvanın siyasətində köklü dönüşdən daha çox, dəyişən regional reallıqlara uyğun­laşmaq cəhdidir. Bu baxımdan konsessiya məsələsində kompromis mümkündür. Rusiya modernləşmə prosesində iştirakını və kon­sessiya hüququnu qoruyur, Ermənistan isə Azərbaycan və Türkiyə istiqamətində bağlan­tıların bərpasını həyata keçirir, üçüncü ölkələr isə maliyyə və texniki tərəfdaş kimi prosesə qoşula bilər. Əks halda, konsessiya məsələsi Rusiya–Ermənistan münasibətlərində yeni qarşıdurma xəttinə çevriləcək. 

Bu mənada dəmir yolu iki ölkə arasındakı münasibətlərin gələcəyi üçün bir növ “lakmus kağızı” rolunu oynayır: razılaşma iqtisadi əməkdaşlığın yeni modelinin formalaşmasına, uğursuzluq isə Ermənistanın Rusiya ilə iqtisa­di-infrastruktur bağlarını daha da azaltmasına yol aça bilər.

Beləliklə, məsələ artıq yalnız Rusiya konsessiyası ilə bağlı mübahisə deyil. Söhbət Cənubi Qafqazın yeni nəqliyyat və iqtisadi arxitekturasının formalaşmasından gedir. Mir­zoyanın “kim və nə qədər investisiya qoyma­lıdır” sualını önə çəkməsi də təsadüfi deyil. Dəmir yoluna kimin sərmayə qoyacağı, kimin idarə edəcəyi və onun hansı regional marşrut­lara inteqrasiya olunacağı gələcək iqtisadi və siyasi təsir balansına birbaşa təsir göstərəcək.

Ermənistan üçün əsas məsələ Rusiya ilə mövcud iqtisadi əlaqələri qorumaqla yanaşı, Azərbaycan, Türkiyə və Qərbə yeni nəqliyyat imkanları açmaqdır. Rusiya isə dəyişən regio­nal reallığa uyğunlaşaraq yeni sistemdə iştirak edib mövqelərini qorumaq və ya prosesdən kənarda qalmaq arasında seçim qarşısındadır.

Bu səbəbdən Ermənistan dəmir yolla­rının bərpası sadəcə infrastruktur layihəsi deyil. Proses Ermənistanın gələcək iqtisadi istiqamətinə, Rusiyanın Cənubi Qafqazdakı roluna və Azərbaycan–Türkiyə–Ermənistan arasında formalaşacaq yeni nəqliyyat əlaqələ­rinin modelinə təsir göstərəcək.

P.ƏFƏNDİYEV

XQ

Ekspert rəyi 

Elçin MİRZƏBƏYLİ,

Milli Məclisin deputatı, politoloq

Ararat Mirzoyanın Rusiyanın Ermə­nistan ərazisində Türkiyə və Azərbaycan sərhədlərinə aparan dəmir yolu hissələri­nin bərpasının detallarını müzakirə etməyə hazır olduğu barədə açıqlaması ilk baxışda texniki məsələ təsiri bağışlasa da, əslində, daha geniş geosiyasi məzmun daşıyır. Söh­bət təkcə dəmir yollarının bərpasından yox, Ermənistanın dəmir yolu infrastrukturunun idarəçiliyindən, regional nəqliyyat layihələ­rində iştirakçıların rolundan və Rusiyanın Cənubi Qafqazdakı iqtisadi təsir imkanları­nı necə qoruyacağından gedir.

Mirzoyanın “çox şey layihənin icra şərtlərindən asılı olacaq” fikri yekun siyasi qərarın hələ verilmədiyini və tərəflər arasın­da yalnız danışıqlar mərhələsinin başladığı­nı göstərir. Burada mühüm məqam ondan ibarətdir ki, Ermənistan XİN rəhbəri Rusi­yanın bərpa işlərinə razılıq verdiyini deyil, yalnız layihənin detalları üzrə müzakirəyə hazır olduğuna dair siqnal aldığını bildirib. Bu, Moskvanın mövqeyində köklü dönüş­dən daha çox, dəyişən regional reallıqlara uyğunlaşmaq cəhdi kimi qiymətləndirilmə­lidir.

Baş nazir Paşinyan ölkənin dəmir yolu infrastrukturunu Qazaxıstan, BƏƏ və Qətər kimi üçüncü ölkələrdən birinə verilməsi təklifi Moskva üçün sadəcə kommersiya məsələsi deyil. İrəvan hesab edir ki, Rusi­ya Dəmir Yollarının idarə etdiyi infrastruk­tur Qərb sanksiyaları fonunda beynəlxalq investorlar və daşıyıcılar üçün əlavə risk yarada və Ermənistanın regional nəqliyyat imkanlarından tam istifadəsini məhdudlaş­dıra bilər.

Digər tərəfdən, Ermənistan artıq göz­ləmə mövqeyində deyil. Paşinyan dəmir yolu xətlərinin müəyyən hissələrinin dövlət vəsaiti hesabına bərpasına hazır olduqları­nı açıqlayıb və bəzi istiqamətlərdə praktiki addımlar atılıb. Beləliklə, məsələ “Rusiya bərpa edəcəkmi?” sualından “Rusiya bu prosesdə hansı şərtlərlə iştirak edəcək?” müstəvisinə keçir.

Rusiya üçün əsas məsələ yalnız Ermə­nistanın Qərbə inteqrasiyası deyil, həm də Azərbaycanın və Türkiyənin mühüm rol oynadığı yeni regional logistika sisteminin Rusiyanın iştirakı olmadan formalaşması­dır. Azərbaycanın Orta Dəhlizdə artan rolu, Türkiyənin Şərq–Qərb nəqliyyat bağlan­tılarındakı mövqeyi, Naxçıvanın regional sistemə inteqrasiyası və Ermənistan əra­zisindən keçəcək yeni marşrutlar Cənubi Qafqazın nəqliyyat xəritəsini dəyişdirir.

Mirzoyanın açıqlaması Moskvanın Er­mənistan siyasətində köklü dönüşə dəlalət etmir. Daha çox, Rusiyanın dəyişən regio­nal şəraitdə mövcud təsir imkanlarını qoru­maq üçün taktiki manevr etdiyini göstərir. Bu səbəbdən qarşıdakı mərhələdə əsas mü­barizə dəmir yolu hansı qaydalarla işləyə­cək və regional tranzit sisteminə kimlərin iştirakı ilə inteqrasiya olunacaq? dilemması ətrafında gedəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью