“Dəmir pərdə” arxasında futbol

03.11.2026

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Beynəlxalq arenadan uzaqlaşdırılmış Rusiya futbolu UEFA və FIFA-nın qadağalarından sonra yaranmış reallığa uyğunlaşıb. Avrokuboklardan kənarda qalan, Qərb klubları ilə transfer əlaqələri zəifləyən və birbaşa maliyyə axınlarından məhrum qalan sistem ya çökməli, ya da öz daxilində dirçəlməli idi. Sonrakı illərdə klublar akademiyalara, yerli sponsorlara və alternativ transfer bazarlarına daha çox üz tutmağa başladılar.

Türkiyə körpüsü

Rusiya klublarının Avropa komandalarına futbolçu satışı demək olar ki, dayanıb. SWIFT qadağaları, Avropa İttifaqının və Böyük Britaniyanın sərt maliyyə sanksiyaları milyonluq transferləri demək olar ki, qeyri-mümkün edib. Çünki bu əməliyyatlar birbaşa cinayət məsuliyyəti yarada bilər.

Lakin istisnalar həmişə mövcuddur. 2026-cı ilin avqustunda 21 yaşlı Aleksey Batrakovun Moskva “Lokomotiv”indən 25 milyon avro qarşılığında “Qalatasaray”a keçidi futbolda hələ də gizli pəncərələrin qaldığını sübut etdi. Türkiyə Rusiya ilə bank və maliyyə əməliyyatlarını sanksiyalardan kənar xüsusi mexanizmlərlə apara bildiyi üçün məhz bu cür transferlərdə əsas “körpü” rolunu oynayır. “Qalatasaray”a keçidindən sonra Batrakovun Çempionlar Liqasındakı çıxışı da diqqət çəkib. “Barselona”, PSJ və “Arsenal” kimi klubların “radar”ına düşməsi onun transferinin yalnız Türkiyə bazarı ilə məhdudlaşmadığını göstərir. Bu nümunə Rusiya futbolunda yetişən istedadların hələ də Avropa klublarının diqqətini cəlb edə bildiyini sübut edir.

Krasnodar modeli

Xarici ulduzların kütləvi şəkildə qaçdığı 2022-ci ildən sonra Rusiya klubları məcburiyyətdən daxili ehtiyatlara üz tutdular. Bu məqamda Sergey Qalitskinin qurduğu “Krasnodar” akademiyası sistemin xilaskarına çevrildi.

Böhranın ilk dalğasında əcnəbilər komandanı tərk edəndə “Krasnodar” matçlara faktiki olaraq yalnız akademiyanın yetirmələri ilə çıxdı. Hətta bir qarşılaşmada meydanda eyni anda 11 akademiya yetirməsi yer alırdı. Qalitskinin akademiyaya ayırdığı böyük maliyyə vəsaiti bu sistemin fəaliyyətini davam etdirməsinə imkan verdi. Matvey Safonovun PSJ-yə gedişi akademiyanın real potensialını ortaya qoydu. “Krasnodar” son dövrlərdə Cənubi Amerikadan futbolçular transfer etməyə başladı. Bununla belə, akademiya yetirmələri əvvəlki illərlə müqayisədə əsas komandada daha çox şans qazanırlar.

Ölkədaxili bum

Beynəlxalq arenadan təcrid olunan Rusiya Premyer Liqası daxili maliyyə mənbələrinə yönəlib. Qərb brendlərinin çəkilməsindən sonra onların yerini yerli bukmeker, bank və texnologiya şirkətləri tutub. “Mir”, “Alfa-Bank” və “Winline” kimi şirkətlərin sponsorluğu liqanın gəlirlərinin artmasına ciddi töhfə verib.

Kommersiya gəlirləri 2022-ci ildən bəri təxminən 7 dəfə artıb, ümumi mükafat fondu isə 11 milyard rubla yaxınlaşıb. “Match TV” ilə imzalanan yayım müqaviləsi (9.4 milyard rubl – red.) liqanın əsas qazanc mənbəyidir. Azarkeş marağını qorumaq məqsədilə Rusiya Kubokunun formatında da dəyişiklik edildi. İkiqat məğlubiyyət prinsipinə əsaslanan sistem komandaların turnirdə daha çox oyun keçirməsinə şərait yaratdı.

Avropa həsrəti

Sanksiyalardan sonra Rusiya Futbol İttifaqında (RFİ) UEFA-dan ayrılaraq Asiya Futbol Konfederasiyasına (AFC) qoşulmaq məsələsi müzakirə olunsa da, 2023-cü ilin dekabrında bu plandan imtina edildi. Səbəb Asiyaya keçidin FİFA Dünya Çempionatında iştirak üçün zəmanət verməməsi, eləcə də maliyyə və idman baxımından Avropadan xeyli geri qalması idi.

Nəticədə Rusiya millisi rəsmi turnirlərdən kənarda qaldığı müddətdə İran, Qətər, Mali, Nigeriya və Nikaraqua kimi ölkələrin yığmaları ilə yoldaşlıq oyunları keçirməyə başladı. Klublar isə əsasən yerli futbolçulara, eyni zamanda Cənubi Amerika və Balkanlardan dəvət olunan legionerlərə güvənirlər.

Avropa futboluna qayıtmaq isə Rusiya üçün hələ də əsas hədəf olaraq qalır. Daxili sponsorluq, televiziya gəlirləri və yerli futbolçular hesabına sistem indiyədək fəaliyyətini davam etdirə bilib. Bununla belə, beynəlxalq yarışlardan kənarda qalmaq və Avropa bazarı ilə əlaqələrin zəifləməsi uzunmüddətli perspektivdə ciddi problemlər doğuracaq. Batrakovun transferi kimi istisnalar Rusiya futbolunun həm Qərblə əlaqələrinin tamamilə kəsilmədiyini, həm də sistemin “damarı”nın hələ də “dəmir pərdə” daxilində döyündüyünü göstərir.

Ayxan Zayıdzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью