Dəmir yolunun lokomotiv parkı yeniləşdirilir

19.09.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) lokomotiv parkının yenilənməsi və yükdaşıma gücünün artırılması istiqamətində işləri davam etdirir. Bugünlərdə Çinin “CRRC Ziyang Co., Ltd” şirkətinin istehsalı olan AC50 tipli 7 ədəd müasir yük lokomotivi Bakıya çatdırılıb.

Magistral lokomotivlər qabaqcıl texnologiyalar və innovativ dartı sistemləri ilə təchiz edilib, yüksək dartı gücü və iri yanacaq tutumu ilə seçilir. Bu lokomotivlər ağırtonnajlı yük qatarlarının daha səmərəli və təhlükəsiz idarə olunmasına imkan verir. Magistral teplovozlar müasir idarəetmə və təhlükəsizlik sistemləri ilə təchiz edilib.

Texniki xidmət dövriliyinin 90 gün müəyyən edilməsi lokomotivlərin daha etibarlı və fasiləsiz istismarına, eləcə də teplovozun əsas çəninin tutumunun 2 min litr sıxılmış hava təşkil etməsi və 2 kompressordan ibarət olması daha uzun tərkibli qatarların daşınmasına da imkan yaradır. Eyni zamanda, iki lokomotivin ard-arda qoşularaq bir briqada tərəfindən idarə olunması dəmir yolu ilə daha çox yükün daşınmasına, ağırtonnajlı yük qatarlarının idarə olunması zamanı əməliyyat səmərəliliyinin artırılmasına və lokomotivlərdən daha effektiv istifadəyə şərait yaradır.

Çin istehsalı olan AC50 tipli lokomotivlərin köhnələrlə fərqinin innovasiya ilə bağlı olduğunu bildirən ADY-nin maşinisti Yusif Temnikov deyib ki, onlarda bütün proseslər elektronlaşdırılıb. Bu da qatarların mənzilbaşına təhlükəsiz çatmasına imkan yaradır. Köhnə lokomotivlərlə 3 min ton yük daşınırdısa, yeniləri ilə bu göstəricini 5–6 min tona çatdırmaq mümkün olacaq.

Qeyd edək ki, AC50 modeli Beynəlxalq Dəmir Yolları İttifaqı tərəfindən müəyyən edilmiş IIIA səviyyəli ekoloji standartlara cavab verir. Bu, lokomotivlərdən xüsusi emissiya tələbləri olan ərazilərdə sərbəst istifadə imkanı verir. Yeni lokomotivlər beynəlxalq nəqliyyat dəhlizləri üzrə yük daşımalarında istifadə olunacaq.

Azərbaycan Dəmir Yolları lokomotiv parkının yenilənməsi, yük, həmçinin sərnişin daşımaları üzrə hərəkət tərkibinin texniki imkanlarının artırılması, beynəlxalq nəqliyyat dəhlizləri ilə artan yük daşımaları üzrə çevik və təhlükəsiz xidmət göstərilməsi istiqamətində işləri gələcəkdə də davam etdirəcək. Bu məqsədlə cari ilin iyununda ADY ilə “CRRC Ziyang” arasında 4 ədəd yeni magistral sərnişin lokomotivinin alınması ilə bağlı müqavilə imzalanıb. Həmin lokomotivlərin gələn il ərzində Azərbaycana çatdırılması nəzərdə tutulur. Hazırda isə növbəti mərhələdə daha 14 yük lokomotivinin alınması ilə bağlı danışıqlar aparılır.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью