Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Vətən müharibəsinin 40-cı günündə – noyabrın 5-də döyüşün intensiv getdiyi Ağdərə və Xocavənd istiqamətlərində düşmən şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib. Cəbhənin Tərtər istiqamətində Azərbaycan Ordusu bölmələrinin həyata keçirdiyi əməliyyat nəticəsində düşmənin hərbi infrastrukturuna ciddi ziyan vurulub. Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tonaşen kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturu dəqiq artilleriya zərbələri ilə dağıdılıb.
Prezident İlham Əliyev 2020-ci il noyabrın 5-də İspaniyanın EFE informasiya agentliyinə verdiyi müsahibədə isə həm Vətən müharibəsinin gedişində diqqət çəkən hərbi-siyasi vəziyyəti təhlil edir, həm də işğalçıdan azad olunan ərazilərin miqyası və gələcək hədəflərini, humanitar atəşkəslərin uğursuzluğu səbəblərini və beynəlxalq aktorların roluna dair gözləntiləri bölüşürdü.
Dövlət başçısı müsahibənin əvvəlində artıq hərbi əməliyyatların altıncı həftəsinə başlanıldığını, ötən müddətdə Azərbaycan Ordusunun döyüş meydanında üstünlük nümayiş etdirdiyini, bir-birinin ardınca yaşayış məntəqələrini işğalçıdan geri aldığını bildirirdi. Ölkə rəhbəri, eyni zamanda, ordumuzun genişmiqyaslı döyüş əməliyyatlarını sürətlə aparmasının Silahlı Qüvvələrimizin güc-qüdrətindən xəbər verdiyini xatırladırdı.
Onu da deyək ki, bu müsahibə Azərbaycan Ordusunun Şuşaya doğru irəlilədiyi və müharibənin nəticəsini müəyyənləşdirən son günlərə təsadüf edirdi. Bu səbəbdən dövlət başçısının EFE informasiya agentliyinə bildirdikləri həm beynəlxalq ictimaiyyətə ünvanlanmış strateji mesaj, həm də Azərbaycan cəmiyyətinə ünvanlanan mənəvi-siyasi bəyanat idi.
Prezident İlham Əliyev müharibənin gedişi zamanı müsahibə və çıxışlarında respublikamızın heç bir xarici qüvvənin diktəsi ilə deyil, xalqımızın milli maraqları və beynəlxalq hüququn prinsipləri çərçivəsində hərəkət etdiyini vurğulayırdı. Bu fikir həm ölkəmizin müstəqil siyasət yürütdüyünün təsdiqi, həm də yeni reallıqların siyasi əsaslandırılması idi. Bununla yanaşı, çıxışlarında Azərbaycan Ordusunun yüksək peşəkarlığını, əməliyyatların mülki əhaliyə qarşı yönəldilmədiyini və döyüşlərin beynəlxalq humanitar hüquqa uyğun aparıldığını bildirirdi. Dövlət başçısının bu mesajları, eyni zamanda, Qərb auditoriyasında obyektiv qavrayış formalaşdırmaq məqsədi daşıyırdı.
Ümumiyyətlə, Vətən müharibəsinin gedişində Ali Baş Komandanın hər müsahibəsi, xalqa müraciəti informasiya diplomatiyasının parlaq nümunəsi idi. Prezident İlham Əliyev suallara qısa, dəqiq və faktlara əsaslanmış cavablar verməklə Azərbaycan mövqeyini emosiyasız, lakin prinsipiallıqla ifadə edirdi. Bu, beynəlxalq mediada yayılan təhriflərə qarşı ən səmərəli cavab üsulu idi.
Azərbaycan liderinin yuxarıda adıçəkilən EFE kimi Qərbin nüfuzlu xəbər agentliyinə müsahibə verməsi də təsadüfi deyildi, burada əsas məqsəd Avropa ictimaiyyətinə, xüsusilə də ispandilli media məkanına ölkəmizin ədalətli mübarizəsini birbaşa qaynaqlardan çatdırmaq idi.
Prezident İlham Əliyevin istər xalqa müraciətləri, istərsə də beynəlxalq mediaya müsahibələri həm daxili, həm də beynəlxalq səviyyədə psixoloji və siyasi əks-səda doğururdu. Daxildə xalqın mübarizə əzmini möhkəmləndirir, orduya və rəhbərliyə inamı artırırdı. Xaricdə isə Azərbaycan liderinin diplomatik peşəkarlığı, arqumentlərinin hüquqa əsaslandığı xüsusi diqqət çəkirdi. Bu baxımdan ölkə rəhbərinin 44 günlük müharibə zamanı bu səmərəli fəaliyyəti beynəlxalq aləmdə Azərbaycan diplomatiyasının ən uğurlu kommunikasiya aktlarından biri kimi dəyərləndirilirdi.
Azərbaycan lideri Vətən savaşı günlərində ölkəmizin haqq səsini dünyaya çatdırmaqla yanaşı, postmüharibə dövrü üçün siyasi və ideoloji çərçivənin formalaşmasında mühüm rol oynadı. Müsahibə və müraciətlər, əslində, Azərbaycanın qələbə diplomatiyasının konseptual başlanğıcı idi. Bu çıxışlarla Prezident İlham Əliyev həm beynəlxalq hüquqa söykənən mövqeyi təsdiqləyir, həm də Azərbaycan xalqının milli birliyini daha da gücləndirirdi.
Dövlət başçısı o günlərdəki müsahibələrinin birində “Hər iki tərəf artıq 3 humanitar atəşkəslə bağlı razılığa gəlib. Lakin razılaşmanın müddəti heç bir neçə dəqiqə belə çəkməyib. Nəyə görə müharibəni 3 dəfə dayandırmaq və danışıqlara başlamaq mümkün olmayıb?” sualına cavabı da xüsusi diqqət çəkdi. Prezident bunu – atəşkəslərin işləməməsini doğru olaraq Ermənistanın artıq Azərbaycanın azad edilmiş ərazilərini geri almaq cəhdi ilə əlaqələndirdi: “İşğalçı əlindən geri alınan torpaqları yenidən işğal etmək istəyirdi. Ona görə də humanitar məqsədlərlə elan olunan bu atəşkəsdən resursları səfərbər etmək və yeni hücuma keçmək üçün istifadə etmək məqsədi güdürdü. Bunu gerçəkləşdirə bilməyəndə isə Ermənistan ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə ballistik raketlə hücum edirdi, dinc sakinləri qətlə yetirir, mülki infrastrukturu dağıdırdı”.
Prezident İlham Əliyev çıxışlarında 30 il ərzində işğal altında saxlanılan ərazilərin qaytarılması üçün Minsk qrupunun bu istiqamətdə heç bir irəliləyişə nail olmadığını, başqa sözlə, bu siyasi qurumun əraziləri boşaltması ilə bağlı Ermənistana təzyiq göstərmək üçün mövcud vasitələrdən istifadə etmədiyini bildirirdi. Halbuki bu qrupa üzv dövlətlərdən hər birinin birtərəfli qaydada Ermənistana təsir etmək üçün kifayət qədər vasitələri – hərbi, siyasi, iqtisadi, eləcə də diaspor dəstəyi var idi. Ən başlıcası isə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə laqeyd münasibət bəslənildi. Ona görə də nəticənin olmaması faktı, əlbəttə ki, onların bacarmadığından çox istəmədiyini nümayiş etdirdi.
Yeri gəlmişkən, 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən 1949-cu il tarixli Cenevrə konvensiyalarının tələbləri kobud şəkildə pozularaq hərbi cinayətlər və insanlıq əleyhinə əməllər törədilib. İşğalçı dövlətin hərbi-siyasi rəhbərliyinin əmri ilə dinc əhali və şəhərlər hədəfə alınıb. Başqa sözlə, cəbhə zonasından xeyli uzaqda yerləşən və heç bir hərbi obyekt olmayan şəhərlərimiz döyüş meydanında rəşadətli Azərbaycan Ordusu qarşısında məğlubiyyətlə üzləşən Ermənistanın ağır artilleriya, ballistik raketlər və yaylım atəşli reaktiv sistemləri ilə atəşə tutulub.
Müharibə zamanı Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə müxtəlif vaxtlarda (oktyabrın 4, 5, 8, 11 və 17-də) dəfələrlə raket zərbələrinə məruz qalıb. Xüsusilə oktyabrın 17-də qadağan olunmuş silahlarla mülki binaların hədəf alınması nəticəsində aralarında uşaqların, eləcə də qadınların olduğu dinc sakinlər həlak olub və yaralanıb. Oktyabrın 27-də Bərdənin Qarayusifli kəndinə, 28-də isə Bərdə şəhərinin dinc əhalinin sıx olduğu ticarət mərkəzi və yaşayış massivinə endirilən zərbələr nəticəsində çoxlu sayda dinc sakinin həyatına son qoyulub. Bundan başqa, Tərtər, Mingəçevir, Ağdam, Bərdə, Goranboy və digər bölgələrdə mülki yaşayış məntəqələri davamlı olaraq atəşə tutulub.
Ermənistan ordusu beynəlxalq konvensiyalarla mülki əhaliyə qarşı istifadəsi qadağan olunan silah növlərindən – “Smerç”, “Elburus”və “Toçka-U” kimi ballistik raketlərdən istifadə edib. Eyni zamanda, mülki əhalinin sıx yaşadığı ərazilərdə kasetli silahlar vasitəsilə maksimum insan tələfatı yaratmağa çalışıb.
Rəsmi məlumatlara görə, 44 günlük müharibə dövründə Ermənistanın raket və artilleriya hücumları nəticəsində aralarında uşaqlar, qadınlar və qocalar olmaqla 93 mülki şəxs qətlə yetirilib, yüzlərlə dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Minlərlə yaşayış evi, çoxmənzilli bina, məktəb, xəstəxana və mülki obyekt tamamilə dağıdılıb.
Müharibə dövründə meşələrin qəsdən yandırılması, torpaqların və su hövzələrinin minalanaraq çirkləndirilməsi, eləcə də tarixi-dini abidələrin dağıdılması kimi ekoloji və mədəni terror aktları həyata keçirilib. Azərbaycan Respublikası tərəfindən bu hərbi cinayətlərlə bağlı hüquqi sənədlər və sübutlar toplanaraq beynəlxalq təşkilatlara, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim edilib.
V.BİNYATOĞLU
XQ