Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
2018-ci ildə "məxməri inqilab"ın simvoluna çevrilən Nikol Paşinyan Ermənistana qanunun aliliyi, siyasi plüralizm və demokratik idarəçilik vəd etmişdi. Səkkiz il sonra isə ölkədə tamamilə fərqli mənzərə formalaşır. Müxalifət liderlərinə qarşı ardıcıl cinayət işləri, seçkiqabağı kütləvi saxlanmalar, siyasi rəqiblərin "casus" və "müharibə partiyası" kimi damğalanması, dövlət institutlarının hakimiyyətin siyasi mübarizə alətinə çevrilməsi Ermənistanda demokratiyanın ciddi sınaq qarşısında olduğunu göstərir.
Ən diqqətçəkən məqam isə budur ki, bütün bunlar "demokratiyanın müdafiəsi" şüarları altında həyata keçirilir.
2026-cı il iyunun 7-də keçirilən parlament seçkilərində hakim "Vətəndaş Müqaviləsi" partiyası yenidən hakimiyyətdə qaldı. Lakin seçkilərin nəticələrindən daha çox, həmin nəticələrə aparan siyasi mühit müzakirə mövzusuna çevrildi. Seçkilərdən əvvəl onlarla müxalifət nümayəndəsi saxlanıldı, bəzi namizədlər həbs olundu, yüzlərlə tərəfdarın hüquq-mühafizə orqanlarına aparıldığı bildirildi. Reuters yazır ki, təkcə "Güclü Ermənistan" bloku hakimiyyətlə əlaqəli təzyiqlər nəticəsində yüzlərlə tərəfdarının saxlanıldığını bəyan etmişdi. ATƏT/DTİHB seçkini rəqabətli adlandırsa da, kampaniyanın qütbləşmiş şəraitdə, qeyri-bərabər imkanlarla keçdiyini, müxalifət nümayəndələrinə qarşı cinayət təqiblərinin onların fəaliyyətinə mənfi təsir göstərdiyini ayrıca vurğuladı. Başqa sözlə, səsvermə günü seçki qutularının qorunması demokratik siyasi mühitin mövcudluğu demək deyil.
Seçkilər başa çatan kimi repressiyalar dayanmadı, əksinə, daha görünən mərhələyə keçdi. İyulun əvvəlində tanınmış iş adamı və müxalif siyasətçi Qaqik Tsarukyan iri maliyyə cinayətləri ittihamı ilə həbs edildi. Hakimiyyət bunu iqtisadi cinayət işi kimi təqdim edir. Müxalifət isə həbsi siyasi sifariş adlandırır. Reuters qeyd edir ki, Tsarukyanın həbsi Paşinyanın əsas müxalifət qüvvələrini "milli təhlükə" adlandırmasından dərhal sonra baş verdi və səkkiz müxalif siyasi təşkilat bu addımı siyasi repressiya kimi qiymətləndirdi. Bundan əvvəl Samvel Karapetyanın ev dustaqlığında saxlanılması, seçki ərəfəsində müxalif namizədlərin həbs edilməsi, Robert Koçaryanın siyasi fəaliyyətinin müxtəlif hüquqi məhdudiyyətlərlə üzləşməsi də eyni tendensiyanın tərkib hissəsi kimi görünür.
Əlbəttə, heç bir cinayət işi məhkəmə hökmü olmadan siyasi sifariş elan edilə bilməz. Lakin sual başqadır. Niyə hüquq-mühafizə orqanlarının ən iri əməliyyatları demək olar ki, yalnız hakimiyyətin əsas siyasi rəqiblərini əhatə edir? Bu sualın cavabını Ermənistan hakimiyyəti hələ də inandırıcı şəkildə verə bilməyib.
Paşinyanın son çıxışları da narahatlıq doğurur. Baş nazir parlamentə düşən əsas müxalifət qüvvələrini "müharibə partiyası", "casuslar" və "ölkənin təhlükəsizliyi üçün risk" kimi təqdim edib. Bu terminologiya təsadüfi deyil. Demokratik sistemlərdə hakimiyyət rəqiblərini fərqli proqram təklif edən siyasi qüvvələr kimi qəbul edir. Avtoritar sistemlər isə rəqibləri dövlətə təhlükə, xarici agent və ya düşmən kimi təqdim edir. Belə yanaşma cəmiyyətdə siyasi rəqabəti legitim mübarizə deyil, təhlükəsizlik problemi kimi qəbul etdirməyə xidmət edir.
2018-ci ildə Paşinyan küçələrə məhz köhnə sistemin avtoritar idarəçiliyinə karşı çıxmışdı. O zaman Ermənistan məhkəmələrinin sifarişlə işlədiyi, oliqarxların dövlətə nəzarət etdiyi, hüquq-mühafizə sisteminin siyasi alət olduğu deyilirdi. Bu gün ise eyni ittihamlar artıq Paşinyan hakimiyyətinə qarşı səslənir. Fərq ondadır ki, əvvəlki hakimiyyət Rusiyaya yaxın idi. İndiki hakimiyyət isə Qərbə yaxındır. Hakimiyyət dəyişib. İttihamların mahiyyəti isə demək olar ki, dəyişməyib.
Ən maraqlı məqam məhz burada başlayır. Avropa İttifaqı və ABŞ Paşinyanı seçki münasibətilə təbrik etdi, Ermənistanı regionun demokratik tərəfdaşı kimi təqdim etdi. Halbuki ATƏT-in öz hesabatında seçkiqabağı həbslər, qeyri-bərabər kampaniya imkanları və müxalifətə qarşı seçici hüquqi təzyiq açıq şəkildə göstərilmişdi. Əgər oxşar hadisələr Qərblə münasibətləri problemli olan başqa ölkədə baş versəydi, böyük ehtimalla Avropa Parlamenti sərt qətnamələr qəbul edər, sanksiyalar gündəmə gələr, "demokratik geriləmə" ifadəsi beynəlxalq sənədlərdə yer alardı. Ermənistan məsələsində isə geosiyasi prioritetlər demokratiya ile bağlı narahatlıqları arxa plana keçirir. Bu isə ikili standart ittihamlarını gücləndirir.
Paşinyan Rusiyanın təsirini azaltmağa nail olub. Lakin əsas sual budur: Bu, həqiqətənmi Ermənistanın tam müstəqilləşməsi deməkdir? Yoxsa ölkə sadəcə bir geosiyasi orbitdən digərinə keçir? Bu gün Ermənistan həm Moskvanın, həm də Brüsselin rəqabət meydanına çevrilib. Belə şəraitdə daxili siyasi institutlar zəiflədikcə ölkənin qərarvermə imkanları da daralır. Tarix göstərir ki, böyük güclərin rəqabət meydanına çevrilən dövlətlərdə demokratiya ilk itirilən dəyərlərdən olur.
Bu gün Ermənistanı klassik diktatura adlandırmaq hələ tezdir. Lakin avtoritarlaşmanın əsas əlamətləri artıq aydın görünür: müxalifətə qarşı sistemli hüquqi təzyiq, dövlət resurslarının siyasi üstünlük üçün istifadəsi, rəqiblərin kriminal və ya "xarici təhlükə" kimi təqdim edilməsi, seçkidən sonra repressiyaların davam etməsi və bütün bunların Qərb tərəfindən yumşaq qarşılanması.
Paşinyan vaxtilə avtoritar sistemi dəyişmək vədi ilə hakimiyyətlə gəlmişdi. Bu gün isə getdikcə daha çox həmin sistemin yeni simasına çevrilmək riski ilə üz-üzədir. Əgər siyasi rəqabət hüquq-mühafizə orqanlarının köməyi ilə məhdudlaşdırılmağa davam edərsə, Ermənistanın gələcəyi demokratik institutların möhkəmlənməsi ilə deyil, idarə olunan avtoritarizmin dərinləşməsi ilə yadda qala bilər.
Renat A.
siyasi şərhçi