Icma.az, Yenicag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-də keçirilən aralıq seçkilərdə Demokratlar bir neçə onillikdən sonra ilk dəfə Texas ştatında qubernator vəzifəsini və ştatı Senatda təmsil edən yeri qazanıblar.
Yenicag.az xəbər verir ki, CNN telekanalı seçkilərin gedişini real vaxt rejimində təhlil edərək bu barədə məlumat yayıb.
Analitiklərin proqnozlarına görə, Texasın yeni qubernatoru demokrat Cina İnohosa olacaq. O, 2015-ci ildən ştatın qubernatoru vəzifəsini tutan respublikaçı Qreq Ebbottu geridə qoyub. Ebbott artıq məğlubiyyətini etiraf edərək rəqibini qələbə münasibətilə təbrik edib. CNN-in məlumatına görə, 1994-cü ildən bəri Texasda ştat səviyyəsində demokrat qubernator seçilməyib.
Bundan əlavə, ABŞ Konqresinin Senatında Texası təmsil edən yeni senatorun da demokrat Ceyms Talariko olacağı gözlənilir. O, respublikaçı Ken Pakstonu qabaqlayıb. Demokratlar 1988-ci ildən bəri Texasdan Senata üzv seçə bilməyiblər.
KİV-in proqnozlarına əsasən, demokratlar respublikaçılar üzərində tarixi qələbə qazanaraq Nümayəndələr Palatası və Senatda nəzarəti ələ keçirirlər. Onlar hətta onilliklərdir demokratları dəstəkləməyən, ənənəvi olaraq respublikaçıların üstünlük təşkil etdiyi dairələrdə də uğur əldə ediblər.
Qeyd edək ki, noyabrın 3-də ABŞ-da aralıq seçkilər keçirilib. Seçkilərdə Senatın üçdəbir hissəsinin, Nümayəndələr Palatasının bütün üzvlərinin, eləcə də 36 ştat və ərazinin qubernatorlarının seçilməsi nəzərdə tutulub. Həmçinin yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.
Hazırda Konqresin hər iki palatasına hakim Respublikaçılar Partiyası nəzarət edir. Seçkilərin nəticələrinə əsasən formalaşacaq 120-ci çağırış Konqres fəaliyyətə 2027-ci il yanvarın 3-də başlayacaq.