Moderator.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ-da Konqresə keçirilən ara seçkilərin nəticələri Prezident Donald Trampın qarşıdakı dövrdə siyasi fəaliyyətinə və idarəçilik imkanlarına təsir göstərə biləcək mühüm hadisə kimi diqqət çəkir. Demokratlar Partiyasının Nümayəndələr Palatası və Senatda üstünlük əldə etməsi Tramp administrasiyasının qərarlarının həyata keçirilməsini çətinləşdirə, Ağ Evin fəaliyyəti üzərində parlament nəzarətini gücləndirə bilər.
Yeni siyasi konfiqurasiya xüsusilə ABŞ-nin xarici və təhlükəsizlik siyasəti, eləcə də 2028-ci il prezident seçkiləri ərəfəsində ölkədaxili siyasi münasibətlər baxımından yeni müzakirələrə yol açır.
Maraqlıdır, Demokratların Konqresdə üstünlük əldə etməsi ABŞ Prezidenti Donald Trampın qarşıdakı dövrdə siyasi qərarlarına və idarəçilik imkanlarına necə təsir göstərəcək?
Xüsusilə Konqresdə güclənən demokratların administrasiyanın fəaliyyətinə parlament nəzarətini artırması, xarici siyasət və təhlükəsizlik məsələlərində fərqli mövqe sərgiləməsi Trampın planlarının həyata keçirilməsini nə dərəcədə çətinləşdirə bilər?
Eyni zamanda, bu siyasi dəyişikliklər 2028-ci il prezident seçkiləri ərəfəsində ABŞ-də siyasi qüvvələr nisbətinə və Respublikaçılar Partiyasının gələcək mövqeyinə necə təsir edə bilər?
Mövzu ilə bağlı Moderator.az-a politoloq Amid Əliyev açıqlama verib.
Politoloq qeyd edib ki, ABŞ-də keçirilən aralıq seçkilərdə Demokratların Konqresin hər iki palatasında üstünlük əldə etməsi Prezident Donald Trampın qarşıdakı iki ildə siyasi fəaliyyətinə təsirsiz ötüşməyəcək:
"Yeni siyasi konfiqurasiya Ağ Evin qərarlarının qanunvericilik səviyyəsində həyata keçirilməsini çətinləşdirə, administrasiyanın fəaliyyətinə parlament nəzarətini isə gücləndirə bilər. Baş verənləri yalnız partiyalar arasındakı siyasi rəqabətin nəticəsi kimi deyil, ABŞ-də hakimiyyət qolları arasında nəzarət və tarazlıq mexanizmlərinin yenidən güclənməsi baxımından da dəyərləndirmək lazımdır.
ABŞ siyasi sistemində prezidentin geniş icra hakimiyyəti səlahiyyətlərinə malik olması Konqresin qanunvericilik funksiyasını və nəzarət imkanlarını aradan qaldırmır. Konstitusiyanın I maddəsi qanunvericilik hakimiyyətini Senat və Nümayəndələr Palatasından ibarət Konqresə, II maddəsi isə icra hakimiyyətini prezidentə həvalə edir.
Bu səbəbdən Demokratların hər iki palatada üstünlük qazanması Trampın prezidentlik səlahiyyətlərini məhdudlaşdırmasa da, onun siyasi proqramını reallaşdırmaq üçün daha mürəkkəb şərait yaradır.
Yeni parlament tərkibinin əsas təsirlərindən biri administrasiyanın fəaliyyətinə nəzarətin artması ilə bağlı olacaq. Konqres komitələri dövlət qurumlarının işini araşdırmaq, administrasiya rəsmilərini dinləmələrə çağırmaq, müvafiq sənədlər və izahatlar tələb etmək imkanına malikdir.
Bu çərçivədə büdcə vəsaitlərinin xərclənməsi, prezidentin qərarlarının hüquqi əsasları, mümkün maraq toqquşmaları və federal qurumların fəaliyyəti Demokratların diqqətində ola bilər. Ağ Evin qarşılaşacağı çətinliklər yalnız daxili siyasətlə məhdudlaşmaya bilər".
Amid Əliyev xarici siyasət və təhlükəsizlik məsələlərinin də Konqresdə müzakirələrin əsas istiqamətlərindən birinə çevrilə biləcəyini düşünür:
"Xüsusilə İranla müharibə, Yaxın Şərqdə ABŞ hərbi qüvvələrinin iştirakı və Vaşinqtonun regiondakı strategiyası ilə bağlı qərarlar parlament müstəvisində daha ciddi müzakirələrə səbəb ola bilər. Demokratlar hərbi əməliyyatların maliyyələşdirilməsinə şərtlər irəli sürmək, administrasiyadan atılan addımların hüquqi əsaslandırılmasını tələb etmək və prezidentin hərbi səlahiyyətlərinin tətbiqi məsələsini gündəmə gətirmək imkanına sahib olacaqlar.
Digər tərəfdən, Konqresdəki yeni qüvvələr nisbəti 2028-ci il prezident seçkiləri ərəfəsində Demokratlar üçün də siyasi platforma rolunu oynaya bilər. Partiya əldə etdiyi üstünlükdən alternativ siyasi gündəm formalaşdırmaq, potensial liderlərini tanıtmaq və növbəti seçki prosesinə hazırlıq məqsədilə istifadə edə bilər.
Trampın qarşısında duran məsələlərdən biri isə Respublikaçılar Partiyasının daxilində siyasi birliyi qorumaq və özündən sonrakı dövr üçün partiyanın gələcək istiqamətini müəyyənləşdirmək olacaq.
ABŞ Konstitusiyasının 22-ci düzəlişinə əsasən, prezident eyni vəzifəyə iki dəfədən artıq seçilə bilməz. Bu məhdudiyyət Trampın ikinci prezidentlik müddətindən sonrakı mərhələdə Respublikaçılar Partiyasında liderlik məsələsini də aktuallaşdırır.
Demokratların Konqresdə qazandığı üstünlüyü Trampın siyasi hakimiyyətinin sona çatması kimi qiymətləndirmək düzgün olmazdı. Söhbət prezidentin səlahiyyətlərinin ləğvindən deyil, qərarların qəbul edilməsi və həyata keçirilməsi prosesində daha çox siyasi və institusional maneələrlə üzləşməsindən gedir.
Qarşıdakı dövrdə Ağ Evlə Konqres arasında münasibətlərin hansı formada inkişaf edəcəyi xüsusi əhəmiyyət daşıyacaq.
Tərəflər arasında əməkdaşlıq və kompromis axtarışları da, siyasi qarşıdurma və qərarların bloklanması da mümkün ssenarilər sırasındadır".
Pərvin Şakirqızı
Moderator.az/ Redaktor