Dənizdə batan arzular

03.07.2026

Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dənizin dalğasına, dostun "tırkasına” uduzan canlar…

Bir deyim var: "İnsan canı ucuzlaşıb”. Doğrudanmı can ucuzlaşıb, yoxsa biz ona dəyər verməyi unutmuşuq?

Yay gələn kimi çimərliklər dolur. İnsanlar istidən qaçıb sərinlik axtarır. Amma elə həmin yay hər il olduğu kimi, qara xəbərlərlə də başlayır.  Yenə eyni xəbərlər: dənizdə boğulanlar, son anda xilas edilənlər, ailəsinə bir daha qayıtmayan gənclər…

Aidiyyəti dövlət qurumları, xüsusilə Fövqəladə Hallar Nazirliyi hər yay eyni xəbərdarlıqları edir: qadağan olunmuş ərazilərdə çimməyin, təhlükəli zonalara girməyin, xilasedicilərin göstərişlərinə əməl edin. 

Ən qəribəsi isə budur: gündəlik həyatda ölümdən hər an qorxan insan dəniz qarşısında niyə birdən-birə cəsurlaşır? Niyə xəbərdarlıq nişanlarını görmür, xilasedicilərin çağırışlarını eşitmir? 

Bəlkə də səbəb "mənə heç nə olmaz” düşüncəsidir. Bəlkə dostların "gəl, qorxma”, "bir az da irəli üz” "tırkasıdır”. Bəlkə də özümüzü sübut etmək həvəsi…

Lakin dəniz heç vaxt insanın cəsarətini sınamır. O, sadəcə öz qaydaları ilə yaşayır. Dalğalar nə kimisə tanıyır, nə də kiməsə güzəşt edir. 

Elə bir an olur ki, dalğa səni sakitcə ağuşuna alır. Əvvəlcə bunu oyun sanırsan, sonra nəfəsin daralır, ayaqların boşalır, səsin boğulur. Və bir daha geri dönməyəcəyini məhz o anda anlayırsan.

Çimərlikdən geriyə qalanlar isə yarısı yeyilmiş qarpız, süfrədə qalan pendir qırıntıları və sahibini gözləyən şəxsi əşyalar olur.

Şahanə Ziyad

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью