Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hindistanın qərb sahillərində, Ərəbistan dənizinin dibində yerləşən qədim şəhər qalıqları alimlərin diqqətini yenidən cəlb edib. Təxminən 9 500 il əvvələ aid olduğu ehtimal edilən arxeoloji kompleksin tədqiqi bəşər sivilizasiyasının yaranma tarixinə dair mövcud təsəvvürləri dəyişə bilər.
Qaynarinfo xəbər verir ki, məlumata görə, Hindistanın Xambhat körfəzində, suyun təxminən 36 metr dərinliyində yerləşən qalıqlar 8 kilometrdən artıq uzunluğa və 3 kilometrdən çox enə malik ərazini əhatə edir. Okean Texnologiyaları Milli İnstitutunun (NIOT) mütəxəssisləri bu strukturları 2000-ci ilin dekabrında çirklənmə ilə bağlı apardıqları araşdırmalar zamanı təsadüfən aşkarlayıblar. Dəniz dibinin sonar vasitəsilə yoxlanılması nəticəsində həndəsi formalı böyük strukturlar üzə çıxıb.
Ərazidən saxsı qablar, muncuqlar, heykəl parçaları, divar qalıqları, insan sümükləri və dişləri götürülüb. Radiokarbon analizlərinin nəticələrinə əsasən, bəzi nümunələrin təxminən 9 500 il yaşı olduğu müəyyən edilib. Bu iddia təsdiqlənərsə, sözügedən yaşayış məskəni Hindistan yarımadasının indiyədək məlum olan ən qədim şəhər mədəniyyətlərindən biri sayıla bilər. Hətta onun Hind vadisi sivilizasiyasından daha qədim olduğu ehtimal edilir.
Bununla belə, tapıntıların yaşı və mənşəyi elmi dairələrdə mübahisə doğurur. Bəzi tədqiqatçılar sonar görüntülərindəki həndəsi strukturların insan əli ilə yaradıldığını mümkün hesab etsələr də, digər mütəxəssislər ərazidən çıxarılan materialların təbii proseslər nəticəsində həmin yerə daşınmış ola biləcəyini bildirirlər.
Britaniya Muzeyinin arxeoloqu Castin Morris də ərazinin 9 min ildən çox yaşı olan sivilizasiyaya aid olduğunu təsdiqləmək üçün əlavə araşdırmaların vacibliyini vurğulayıb. O, radiokarbon tarixləndirmə metodunun da müəyyən məhdudiyyətlərinin olduğunu xatırladıb.
Araşdırmaların ləngiməsinin əsas səbəblərindən biri isə Xambhat körfəzindəki güclü sualtı axınlar və gelgitlərdir. Bu amillər arxeoloqların ərazidə genişmiqyaslı tədqiqat aparmasını çətinləşdirir.
Beləliklə, kəşfdən 23 ildən çox vaxt keçməsinə baxmayaraq, sualtı kompleksin əsl tarixi və hansı sivilizasiyaya məxsus olduğu hələ də dəqiq müəyyənləşdirilməyib.
Aydın