Dənizin qorxulu üzü: Xəzər ailələri “udur”

04.08.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yay mövsümünün ən ağır faciələrindən biri dənizdə boğulma hallarıdır. 

Bu il də Azərbaycanda çimərlik mövsümü başlayandan etibarən baş verən hadisələr narahatedici mənzərəni ortaya qoyur. 

“Cebheinfo.az” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, iyunun 15-dən bu günədək qeyri-çimərlik ərazilərdə suda batan 40 nəfərin meyiti aşkarlanıb. 

Eyni zamanda, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin nəzarət etdiyi rəsmi çimərliklərdə mövsüm başlayandan indiyədək ölüm faktı qeydə alınmayıb. Həmin dövrdə dalğıc-xilasedicilər boğulma təhlükəsi ilə üzləşən 55 nəfəri xilas ediblər. 

Bu il baş verən faciələrdə diqqət çəkən əsas məqamlardan biri isə dənizdə batanların bir qisminin eyni ailənin üzvləri olmasıdır. 

*Belə ki, bir neçə gün əvvəl nəzarətsiz dəniz sahəsində üç nəfər – iki qardaş və bacı boğulma təhlükəsi ilə üzləşib. 2009-cu il təvəllüdlü Aysel Rafiq qızı Həmidova xilasedicilər tərəfindən xilas edilsə də, 2014-cü il təvəllüdlü qardaşı Əli Rafiq oğlu Həmidovun meyiti sonradan sahildə aşkarlanıb. Dənizdə faciə ilə üzləşən uşaqların AzTV-nin əməkdaşı Rəhilə Həmidovanın bacı və qardaşı olduğu bildirilib. 

*Digər hadisədə 15 yaşlı yeniyetmə əmisi ilə birlikdə dənizdə batıb. Hadisə zamanı əmisinin meyiti sudan çıxarılsa da, yeniyetmənin axtarışları bir müddət davam edib. Sonradan onun da nəşi tapılaraq ailəsinə təhvil verilib. 

*Başqa bir faciə Bakı şəhərinin Xəzər rayonu, Mərdəkan qəsəbəsində, ən yaxın xilasetmə məntəqəsindən təxminən 2 kilometr aralıda yerləşən nəzarətsiz dəniz sahəsində baş verib. Dörd nəfərin batması barədə məlumat daxil olduqdan sonra FHN-in dalğıc-xilasediciləri əraziyə cəlb olunub. 

Əməliyyat nəticəsində 1975-ci il təvəllüdlü Rasim Məmmədov və 2016-cı il təvəllüdlü Aytən Məmmədzadə xilas edilib. Axtarışlar zamanı isə 2005-ci il təvəllüdlü Raul Məmmədovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

*Bu il baş vermiş digər ağır hadisələrdən biri Xəzər rayonu, Mərdəkan çimərliyində qeydə alınıb. Burada batan dörd gəncin hamısının Lerik rayonunun Orand kənd sakinləri olduğu məlum olub. 

Onlardan ikisi doğma qardaşlar – 2005-ci il təvəllüdlü Elnur İsa oğlu Əbdülov və 2007-ci il təvəllüdlü Elmar Əbdülov olub. Qardaşların nəşləri dəfn olunmaq üçün doğulduqları Orand kəndinə aparılıb. 

*Oxşar faciə Bakı şəhərinin Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığındakı nəzarətsiz dəniz sahəsində də yaşanıb. Burada 2007-ci il təvəllüdlü Ağaşirin Ramin oğlu Ağayev, 2008-ci il təvəllüdlü Abid Asif oğlu Aslanov və 2009-cu il təvəllüdlü Anar Asif oğlu Aslanov dənizdə batıblar. 

Onların meyitləri növbəti gün səhər saatlarında sudan tapılaraq aidiyyəti üzrə təhvil verilib. Həyatını itirən Abid və Anar Aslanov doğma qardaş olublar və onlar Tərtər rayonunun Düyərli kənd qəbiristanlığında dəfn ediliblər. 

Baş verən faciələr göstərir ki, nəzarətsiz dəniz sahələri ən böyük təhlükə mənbəyi olaraq qalır. Xüsusilə eyni ailənin bir neçə üzvünün həyatını itirməsi ilə nəticələnən hadisələrin artması təhlükəsizlik qaydalarına ciddi əməl olunmasının, yalnız nəzarət olunan çimərliklərdən istifadə edilməsinin və maarifləndirmə tədbirlərinin daha da gücləndirilməsinin vacibliyini bir daha gündəmə gətirir. 

Gülər Həsənli 
“Cebheinfo.az”

 

Açar sözlər: Xəzər boğulma

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью