Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Ətraf mühitin qorunmasında vətəndaş təşəbbüsü mühüm rol oynayır. Ermənistan isə işğal dövründə Azərbaycan ərazilərində törətdiyi ekoloji dağıntılara görə Azərbaycan xalqından üzr istəməlidir”.
Bizim.Media xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, vətəndaşların sosial şəbəkələrdə və mətbuatda yaşıllıqların qorunması, suyun təmizliyi ilə bağlı qaldırdıqları məsələlər dövlət qurumlarına mövcud problemləri müəyyənləşdirməyə və onlara operativ reaksiya verməyə kömək edir.
A.Mirzəzadə qeyd edib ki, Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə aparılan monitorinqlər Ermənistanın işğal dövründə törətdiyi ekoloji fəsadları üzə çıxarıb:
"Ermənistan məqsədli surətdə Azərbaycana qarşı ekoloji terror həyata keçirirdi. Amma torpaqlar işğaldan azad edildikdən sonra onların darmadağın və bərbad olduğunu gördük. Meşələr qırılıb, sular zəhərlənib, heyvanat aləmi məhv edilib".
Deputat vurğulayıb ki, hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa işləri davam etdirilir və bu barədə ictimaiyyət mütəmadi məlumatlandırılır.
O, həmçinin Prezidentin köməkçisi Hikmət Hacıyevin Ermənistanın törətdiyi əməllərə görə üzr istəməsi ilə bağlı mövqeyinə toxunub.
A.Mirzəzadə bildirib ki, Ermənistanın əvvəlki və indiki rəhbərliyinin Azərbaycana qarşı aqressiyada iştirakını, insan tələfatını, şəhərlərin, mədəniyyət və tarixi abidələrin dağıdılmasını unutmaq olmaz.
Deputatın sözlərinə görə, Azərbaycan xalqı törədilmiş əməllərə görə Ermənistandan üzr gözləyir.
Günay Şahmar, Bizim.Media