Deputat: Fövqəladə hallarla bağlı satınalmalar və xidmətlər sürətli rəsmiləşdirilməlidir

02.02.2026

Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda fövqəladə hallarla bağlı dövlət satınalmalarının və xidmətlərin elektron sistem üzərindən sürətli rəsmiləşdirilməsi mexanizmlərinə baxılmalıdır.

Mia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında deputat Vasif Qafarov bildirib.

Onun sözlərinə görə, yüksək dağlıq və mürəkkəb iqlim şəraitini olan rayonlarda fövqəladə və ekstremal hallarda dövlət orqanlarının çevik reaksiya imkanlarını təmin etmək və baş verən fəlakətlərin nəticələrini operativ şəkildə aradan qaldırmaq üçün daha çevik mexanizmlərin yaradılmasına və əlavə tədbirlərin görülməsinə də ehtiyac var.

"19-20 yanvar tarixlərində intensiv yağmış qar ​Lerik şəhəri ilə rayonun kəndləri arasında əlaqənin kəsilməsinə, ​Astara şəhəri ilə rayonun dağlıq ərazisində yerləşən kəndləri arasında əlaqənin tam kəsilməsinə, ​bir çox kəndlərdə elektrik enerjisinin verilməsində uzunmüddətli fasilə yaranmasına səbəb oldu. ​Yerli qurumların əməkdaşları böyük fədakarlıqla çalışsalar da, texnika çatışmazlığı, operativ maliyyə mexanizmlərinin olmaması problemi vaxtında aradan qaldırmağa imkan vermədi. Yolların bağlı olması səbəbindən vəfat edən şəxsin üç gün sonra basdırılması, hamilələrin xəstəxanaya çatdırıla bilməməsi və digər bu kimi hallar qeydə alındı.

Bu qeyd olunanları və qanunvericilikdə aparılan mütərəqqi dəyişiklikləri nəzərə alaraq təklif edirəm ki, fövqəladə hallarla bağlı dövlət satınalmalarının və xidmətlərin elektron sistem üzərindən sürətli rəsmiləşdirilməsi mexanizmlərinə baxılsın. Yüksək dağlıq rayonların icra hakimiyyətlərinə dövlət büdcəsindən hər il 40-50 min manat ehtiyat vəsaitin ayrılması nəzərdə tutulsun. Bu vəsaitdən ekstremal halda tender və kotirovka prosedurlarından kənar, lakin sonradan şəffaf hesabatlılıq təmin edilməklə operativ istifadə üçün çevik qərarvermə mexanizmi tətbiq edilsin", - deyə o qeyd edib.

Bundan başqa, deputat əlavə edib ki, fövqəladə hallarda vaxt amili həlledici olduğundan, mövcud prosedurların sadələşdirilməsi insan həyatı və dövlətin operativliyi baxımından xüsusi əhəmiyyət daşıyır: "Bu təkliflərin reallaşması dövlət orqanlarının fövqəladə hallara hazırlıq səviyyəsini yüksəldəcək, dövlətə etimadı daha da möhkəmləndirəcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью