Deputat: İslahatların çox gecikdirilməsi risklidir

16.02.2026

Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Çox yaxın zamanda olmasa da, sosial və geosiyasi vəziyyətin dəyişməsi ilə ölkəmizdə islahatların qaçılmaz olacağına inanıram. İqtisadiyyatımıza böyük investisiyaların qoyulmasına, kiçik və orta sahibkarlığın inkişafına, biznesin aşağı faizlərlə kreditləşdirilməsinə, mülkiyyətin qorunmasına ciddi ehtiyac yaranıb”.

Reyting.az xəbər verir ki, bu sözləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev deyib.

Q. Həsənquliyev bildirib ki, islahatlar üçün ölkəmizdə əlverişli şərait mövcuddur:

“İctimai-siyasi sabitlik var, təhlükəsizlik təmin edilib, valyuta ehtiyatları və islahatlar üçün xalqın hökumətə dəstəyi var. Amma böyük islahatlara cəmiyyət də hazır olmalıdır. Ölkəmizdə diskussiya mədəniyyəti, tolerantlıq, demokratik vərdişlər arzuladığımız səviyyədə deyil”.

Partiya sədri qeyd edib ki, demokratiyadan yana olduqlarını söyləyən xalq hərəkatının “ünlü” simaları, ictimai-siyasi fəallar polemikalar zamanı adi fikir ayrılıqlarına görə bir-birini, hətta qarşı tərəfin dünyasını dəyişmiş valideyinlərini belə təhqir edir,başqalarının uğurlarına yox, uğursuzluqlarına sevinirlər.

Q. Həsənquliyevin fikrincə, bir qrup insan düşünür ki, xalqımız indikindən daha artığına layiqdir:“Digər qrup isə hesab edir ki, İlham Əliyev xalqımıza layiq olduğundan daha böyük uğur qazandırıb. Reallıq odur ki, hələlik xalqımızın sosial inkişaf səviyyəsi indikindən artığına nail olmağa imkan vermir. Hökumət, islahatlar olarsa, əldə edilənlərin itirilə biləcəyi təhlükəsindən çəkinir”.

ƏHD Partiyası sədrinin sözlərinə görə, onu da nəzərə almalıyıq ki, islahatların çox gecikdirilməsi, islahatların aparılmasından daha riskli olacaq. Həsənquliyev əlavə edib ki, Azərbaycanı gözləyən çağırışlara cavab vermək üçün güclü və rəqabətədavamlı bazar iqtisadiyyatına sahib olmalıyıq.

E. KAMAL


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью